Azərbaycandakı dini konfessiyalar ABŞ-nin hesabatını pislədi
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) "2026-cı il İllik Hesabatı"nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair qiymətləndirməsinə münasibət bildirib.
Qafqaz Müsəlmanları İdarəsindən Crossmedia.az-a daxil olan birgə bəyanatda sənəddə yer alan fikirlərin ciddi narahatlıq və dərin təəssüf hissi doğurduğu qeyd olunub:
"Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik. Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, Azərbaycanın daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır".
Bildirilib ki, Azərbaycanın ölkə daxilində dinlərarası dialoqu təşviq etmək xüsusunda bənzərsiz yanaşması həmçinin əhəmiyyətli qlobal təşəbbüslərlə davamlı şəkildə təşviq olunub və beynəlxalq ictimaiyyətin geniş rəğbətini qazanıb:
"USCIRF-in mövcud faktlara və reallıqlara əsaslanaraq Azərbaycandakı vəziyyəti obyektiv şəkildə əks etdirməklə ölkəmizə yanaşmasını yenidən nəzərdən keçirəcəyi gözlənilir. Azərbaycanın tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik. Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada "Xüsusi İzləmə Siyahısı"na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcək".
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə; Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti yepiskop Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev imzalayıblar.
15:05 08.04.2026
Oxunuş sayı: 43