Kriminal həyat tərzinin təbliği gəncləri necə məhv edir?
Bu gün bəzi gənclər arasında “kriminal həyat” adı altında təqdim olunan həyat əslində iyrənc, səfil və çürümüş bir həyat tərzidir. Zorakılıqla, qorxu ilə “hörmət qazanmaq” düşüncəsi insanın daxili boşluğunun və zəifliyinin açıq göstəricisidir. Özünü inkişaf etdirmək əvəzinə, bu çirkaba batmaq sadəcə öz həyatını ucuzlaşdırmaqdır.
Bu yol insanı nə yüksəldir, nə də dəyər qazandırır. Əksinə, onu hər gün bir az da aşağı çəkir. Ən pis tərəfi odur ki, bu səfil həyat bəzən şişirdilmiş formada gənclərə nümunə kimi sırınır.
Halbuki, nəticə çox aydındır: dağılmış talelər, peşmançılıq və çıxışı olmayan vəziyyətlər. Bu, seçim deyil, açıq şəkildə özünü məhvetmə prosesidir. Belə bir iyrənc istiqamətə qarşı susmaq isə problemi daha da böyütməkdən başqa heç nə vəd etmir.
Məhz bu məsələ ilə bağlı mütəxəssislər Crossmedia.az saytına açıqlama veriblər.
Sözügedən problemlə əlaqədar millət vəkili Fazil Mustafa öz fikirlərini bölüşüb.

"Bir neçə ildir Azərbaycanda müstəqillik illərindən başlayaraq kriminal aləmə meyillilik, kriminal avtoritetlərin təbliğ olunması, uşaqların onları təqlid etməsi adi hala çevrilib. Buna görə də, bu məsələ hər zaman cəmiyyətdə aktual olan bir problemdir. Nəticələri də göz önündədir. Bir çox cinayətlər məhz bu cür təbliğatın qurbanı olmuş yeniyetmələr, gənclər tərəfindən törədilir.
Ona görə də, məsələyə bir az daha əhatəli baxmalıyıq. Baş verən bu cür proseslərə də öz qiymətimizi dəqiq və kəskin olaraq verməliyik. Birmənalı olaraq bu məsələ ətrafında ciddi düşünməliyik" - deyə o, bildirib.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli də gənclərin ölkəmizin gələcəyi olduğunu, onlara diqqət göstərmənin bir dövlət və cəmiyyət üçün ən yaxşı sərmayə olduğunu qeyd edib.
"Qloballaşma və informasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətimizə çoxsaylı eybəcərliklər gətirib. Təəssüf ki, bütün bunlar yenilik kimi qələmə verilir. Ancaq bir çox hallarda gənclər onlara təqdim olunanların arasından faydalı olanı deyil, zərərli olanları seçir. Görünür bu da insan mahiyyəti ilə bağlıdır.

Ona görə də, cəmiyyətiniz üçün yad və onun nizamını dağıdan informasiyalara və nümunələrə qarşı preventiv tədbirlər görülməlidir. Bunun üçün ən yaxşı yol milli kimliyimizin dərki, mənəvi, əxlaqi dəyərlərimizin təbliğidir.
Biz azyaşlıların və gənclərin müdafiəsi üçün ilk növbədə informasiya çətirindən faydalanmağı bacarmalıyıq".
Partiya sədri cizgi filmlərindən tutmuş bir çox ekran əsərlərinin yeniyetmələrin davranış normalarını korroziyaya uğratdığını deyib.
"Onlar yaxşı və pisi bir-birindən seçməkdə çətinlik çəkirlər. Həyat qəhrəmanları yanlış seçilir. Bu da onların davranışlarına təsir göstərir.
Nəticədə yeniyetmə və gənclər təhsil, elm, texnologiya meydanında yarışmaqdansa, ötəri hisslərə qapılaraq enerjilərini özlərinin məhvinə yönəldirlər.
İnsanın üstünlüyü nə boyunda, nə də çəkisində dəyil, onun bilik və bacarığındadır. Biz gənclərimizə bunu çatdırmalıyıq. Əks halda pis davranış və zərərli vərdişlər günbəgün artaraq böyük fəlakətlərə yol açacaq" - deyə, Mütəllim Rəhimli əlavə edib.
Turqut Ansari
15:22 08.04.2026
Oxunuş sayı: 1054