"Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
Misli Premyer Liqasında XXVI turun son oyununda "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib.
Crossmedia.az xəbər verir ki, yarışın lideri "Liv Bona Dea Arena"da baş tutan matçda 4:2 hesablı qələbəyə sevinib.
"Bayquşlar"ın qalibiyyət qollarını Velko Simiç (13), Coy Lens Mikels (37-p. 62-p.) və Kahim Parris (81) vurublar. Meydan sahiblərinin heyətində isə Felipe Santos (7) və Hamidu Keyta (25) fərqləniblər.
Bu qələbə birinci pillədə olan "Sabah"ın turnir cədvəlindəki xallarını 65-ə çatdırıb. "Araz-Naxçıvan" isə 39 xalla altıncı sıradadır.
Bakı kollektivinin heyətində dubl edən Coy Lens Mikels başçılıq etdiyi bombardirlər yarışında vurduğu qolların sayını 17-ə çatdırıb və ən yaxın izləyicisi olan komanda yoldaşı Velko Simiçi (11 qol) bir qədər də üstələyib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib. "İmişli" - "Turan Tovuz" və "Zirə" - "Şamaxı" görüşlərində isə eyni hesablı bərabərliklər qeydə alınıb (1:1).
21:34 07.04.2026
Oxunuş sayı: 52