Əsl müharibə indi başlayır?- ABŞ hərəkətə keçəcək
ABŞ kəşfiyyatı İranın zərbə potensialının hələ də yüksək səviyyədə olduğunu açıqlayıb. ABŞ və İsrailin davam edən hərbi əməliyyatlarına baxmayaraq, İranın raket və pilotsuz uçuş aparatları imkanlarının böyük hissəsi hələ də qorunur və ölkə dron istehsalını davam etdirir. Bu da regionda hərbi balansın hələ də qeyri-müəyyən olduğunu göstərir.
Siyasi şərhçi Xasay Gəraylı mövcud vəziyyətlə bağlı Crossmedia.az-a danışıb: "Hazırkı vəziyyət göstərir ki, İsrail-İran qarşıdurması azalmır. Əksinə müəyyən dərəcədə davam edir və zaman-zaman gərginləşir. İranın hələ də raket, dron imkanlarının bir hissəsini qoruması o deməkdir ki, cavab vermək gücünə gələ də malikdir. Bu isə qarşılıqlı zərbələrin davam etməsinə şərait yaradır".
Şərhçi vurğulayıb ki, vacib məqam tərəflərin böyük və açıq müharibədən çəkilməli olmasıdır:
"Çünki belə müharibələr baha başa gəlir, region üçün ciddi nəticə yaradır. Daha çox məhdud və nəzarətli qarşıdurma modeli davam edir. İran daha ucuz vasitələrlə- dron, raketlərlə qarşı tərəfi daim məşğul saxlamağa çalışır. Bu qısamüddətli təsir yarada bilər. Ancaq strategiyanın ciddi məhdudiyyətləri vardır. Çünki ABŞ və İsrail hərbi və texnoloji baxımdan daha üstündürlər. Onlar lazım gəldikdə daha dəqiq və daha ağır zərbələr endirə bilirlər. Demək olar ki, bu strategiya İran üçün vəziyyəti uzatmaq və balansı saxlamaq baxımından faydalıdır. Lakin qarşı tərəf üzərində üstünlük yaratmaq üçün kifayət etmir".
19:10 07.04.2026
Oxunuş sayı: 65