İctimai nəqliyyatla bağlı YENİ QAYDALAR TƏSDİQLƏNDİ
Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normaları məlum olub.
Crossmedia.az xəbər verir ki, yeni normalarda ictimai nəqliyyat vasitələrinə dair tələblər də yer alıb.
Belə ki, yeni layihələndirilən vağzallar ictimai nəqliyyatla təmin olunmuş, nəqliyyat magistrallarının bilavasitə yaxınlığında yerləşən və ya əvvəlcədən mövcud nəqliyyat-qovşaq məntəqələri olan ərazidə yerləşdirilməlidir.
Layihə tapşırığına əsasən vağzalətrafı meydanda əlavə olaraq sərnişinlərin minib-düşməsi üçün ictimai nəqliyyat vasitəsinin dayanacaq məntəqələri zonası və ictimai nəqliyyatın dayanacağı təmin edilməlidir.
İctimai nəqliyyat kassaları, məlumat və turizm ofisləri nəqliyyat mübadilə mərkəzinin əsas piyada marşrutunda yerləşdirilməlidir. Ticarət və xidmət obyektləri yerləşdirilərkən yüklərin verilməsi üçün pəncərələrin qarşısında eni 0,8-1,0 m olan əlavə bufer zonası nəzərdə tutulmalıdır.
İctimai nəqliyyat sərnişinlərinin gözləməsi üçün duracaqda sərnişin axınının pik anında bir sərnişinə düşən hesablama sahəsi 0,5 kvadratmetr nəzərdə tutulmalıdır.
Vağzalətrafı meydanlarda yerləşən yollarda xüsusi xidmət avtomobilləri üçün ayrılmış zolaqlar və ya keçidlər nəzərdə tutulmalıdır. Sərnişinlərin minib-düşməsi üçün ictimai nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi imkanları yaradılmalıdır.
Nəqliyyatın təhlükəsizliyi zonasında bir neçə nəzarət-yoxlama zonası quraşdırılarkən piyada keçidlərinin, ictimai nəqliyyatın, şəxsi nəqliyyat vasitələrinin dayanacaq və duracaq yerləri nəzərə alınmaqla sərnişin axını hər bir keçid məntəqəsi üçün ayrıca hesablanmalıdır.
Hər bir keçid məntəqəsinin buraxılış qabiliyyəti vağzal kompleksinin inkişafının beşillik perspektivində sərnişin axınının artımı nəzərə alınmaqla hesablanmalıdır.
18:43 07.04.2026
Oxunuş sayı: 51