Azərbaycan TDT-nin amallarına bundan sonra da sadiq qalacaq - Şərh
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib ki, TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur. İlham Əliyevin açıqlaması göstərir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq mövcud deyil. Dövlət başçısının bu mesajı, eyni zamanda, türk dövlətləri arasında münasibətləri pozmaq istəyən qüvvələrə qarşı bir xəbərdarlıq xarakteri daşıyır: onların məqsədlərinə nail olması mümkün olmayacaq.
Bu fon həm də TDT-nin artıq vahid güc və strateji əməkdaşlıq birliyi kimi formalaşmaqda olduğunu göstərir. Hazırkı mərhələdə üzv ölkələr arasında qarşılıqlı etimadın yüksək səviyyədə olması, birgə iqtisadi, siyasi və mədəni layihələrin icrası bu birliyin funksional xarakter daşıdığını ortaya qoyur və gələcəkdə pozuculuq fəaliyyəti ilə məşğul olan qüvvələrə qarşı daha sistemli addımların atılmasının zəruriliyini vurğulayır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlama verib:
"Türk dünyasının birliyi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi kimi görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Türk Dövlətləri Təşkilatı artıq qlobal güc mərkəzi kimi formalaşır. Türk dövlətləri arasında həmrəylik və qarşılıqlı etimadın güclənməsi təşkilatı dünyada nüfuzu artan beynəlxalq təşkilat səviyyəsinə yüksəldir".

Deputat qeyd edib ki, Azərbaycanın Türk dünyasının birliyinə, həmrəyliyinə töhfələri davamlılığı ilə diqqətdədir: "Bu baxımdan aprelin 2-də ölkəmizdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşü də bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edərkən təşkilatın gələcək inkişafı ilə bağlı çağırışlarında bu məqamlar xüsusi qeyd edildi ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib. Dövlət başçısı İlham Əliyev həmin görüşdə qeyd etdi ki, təşkilata üzv ölkələr arasında ikitərəfli formatda da münasibətlər çox yaxşıdır: “Heç bir problem yoxdur, heç bir anlaşılmazlıq yoxdur və bu da deyə bilərəm ki, dünya təşkilatları arasında nadir bir hadisədir. Çünki biz bilirik dünyada hansı beynəlxalq təşkilatlar var və o təşkilatlar çərçivəsində bəzən bəzi üzv ölkələr arasında ixtilaflar var, qarşıdurmalar var, hətta münaqişələr də var. Amma bizim nadirliyimiz, - bu, bizim çox böyük ümumi müştərək dəyərimizdir, - odur ki, həm çoxtərəfli, həm ikitərəfli formatda ancaq xoş münasibət, xoş niyyət, bir-birimizə olan dəstək və bir-birimizə olan hörmət və ehtiramdır. Bu, çox böyük dəyərdir. Biz bunu həm qorumalıyıq, həm gələcək nəsilləri bu ruhda tərbiyə etməliyik və təşkilatımızı bütün istiqamətlər üzrə elə gücləndirməliyik ki, illər keçdikcə təşkilatımız dünya miqyasında qlobal aktora çevrilsin”.
Bəli, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birliyin amallarına sadiq qalacaq".
Ayhan
11:50 04.04.2026
Oxunuş sayı: 484