Aprel döyüşləri – qələbəyə aparan cığır
Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın sarsılmaz iradəsini və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirən şanlı səhifələrdən biri də Aprel döyüşləridir. 2016-cı ilin aprelində baş verən bu hadisələrdən artıq 10 il keçir. Lakin o günlərin qüruru və milli ruhu sonradan qazandığımız böyük qələbənin ideoloji əsasını təşkil etdi. Bu gün həmin hadisələr Azərbaycan Ordusunun növbəti şanlı Qələbəsi ilə tarixiləşmişdir. Bu hadisələr ordumuzun həm döyüş qabiliyyətinə, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu bir daha nümayiş etdirdi. Qazanılan bu qələbə Azərbaycan Ordusunda torpaqlarımızın işğaldan azad ediləcəyinə dair real inam formalaşdırdı. Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoydu və ordumuz üçün ciddi sınaq rolunu oynadı. Çünki bu döyüşlər Azərbaycanın gələcək müharibəyə hərbi-taktiki baxımdan hazırlıq mərhələsi idi.
Ölkəmizin gələcək müharibədə uğurlu taktika seçməsi baxımından bu döyüşlər həm təlim xarakteri daşıyır, həm də real döyüş şəraitində üzə çıxa biləcək çatışmazlıqların aradan qaldırılmasına imkan yaradırdı. Dörd gün davam edən bu döyüşlər Qarabağ münaqişəsinin tezliklə həll olunacağına, torpaqlarımızın işğaldan azad edilərək öz əzəli və əbədi sahibinə qovuşacağına olan inamı daha da gücləndirdi.
Aprel döyüşləri bölgədəki hərbi-siyasi vəziyyətə ciddi təsir göstərdi. Bu döyüşlər 1994-cü ilin may ayında əldə olunmuş atəşkəsdən sonra ən çox şəhid verdiyimiz döyüşlərdən biri olmaqla yanaşı, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə ən böyük toqquşma kimi tarixə düşdü. Döyüşlər zamanı həyata keçirilən sürətli əks-hücum əməliyyatları nəticəsində düşmənə ağır zərbə vuruldu. Nəticədə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan ərazilərinin 2000 hektardan artıq hissəsi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı qəsəbəsi, Goranboy rayonunun Gülüstan kəndi, eləcə də Tərtər rayonunun Madagiz istiqamətində bəzi mövqelər düşməndən azad edildi.
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını bütün dünyaya göstərdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən bu döyüşlər Azərbaycan əsgərinin peşəkarlığını, ordumuzun qüdrətini və Vətən övladlarının misilsiz şücaətini bir daha sübut etdi. Lələtəpədə dalğalanan üçrəngli bayrağımız illərlə qəlblərdə yaşayan qələbə arzusunu real inama çevirdi. Bu mənəvi yüksəliş xalqın birliyini daha da möhkəmləndirdi. Aprel döyüşləri faktiki olaraq sonrakı böyük zəfərin başlanğıc nöqtəsi oldu. Bu döyüşlərdə əldə olunan təcrübə, düşmənin zəif tərəflərinin öyrənilməsi və ordumuzun döyüş hazırlığının yoxlanılması sonrakı uğurlar üçün möhkəm zəmin yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, tarixi ədalət təmin edildi və möhtəşəm qələbə əldə olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi həm diplomatik, həm də hərbi sahədə əldə olunan uğurlarımızı şərtləndirdi. Döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qisası alındı, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu tam bərpa edildi, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu. Eyni zamanda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi.
Bu gün geriyə nəzər saldıqda, Vətən müharibəsində qazandığımız zəfərin təməlində məhz 2016-cı ilin Aprel döyüşlərinin dayandığını aydın görürük. 2 aprel 2016-cı il tarixi II Qarabağ zəfərinin başlanğıc nöqtəsi kimi qəbul edilə bilər.
Parlanov Ceyhun
Azərbaycan Televiziya və Radio VerilişləriQSC-nin əməkdaşı,
Bakı Dövlət Universitetinin Politologiya kafedrasının müəllimi
13:40 03.04.2026
Oxunuş sayı: 58