Eyni oyunun müxtəlif gedişləri: Tramp nə zaman "mat" deyəcək?
"The Washington Post" nəşrinin məlumatına görə, ABŞ Müharibə Nazirliyi (Pentaqon) İranda həftələrlə davam edə biləcək məhdud quru əməliyyatları variantlarını nəzərdən keçirir, lakin yekun qərar hələ qəbul olunmayıb. Bu fonunda ABŞ prezidenti Donald Trump "qoşun yeritmək niyyətində deyiləm" açıqlaması ilə diqqət çəkib.
Məsələ ilə bağlı yaranan əsas sual isə Ağ Evin siyasi bəyanatı ilə hərbi strukturların real hazırlıqları arasında görünən ziddiyyətin necə izah olunmasıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Nigar Allahverdiyeva bildirib ki, bu cür situasiyalarda zahiri ziddiyyətlər əslində strateji kommunikasiya elementidir:

"Çox vaxt belə hallarda verilən açıqlamalar birbaşa niyyətləri deyil, mesajın kimə ünvanlandığını əks etdirir. ABŞ prezidentinin "qoşun yeritmək niyyətində deyiləm" bəyanatı daha çox siyasi siqnaldır – həm daxili auditoriyanı sakitləşdirməyə, həm də beynəlxalq ictimaiyyətə eskalasiya istəmədiyini göstərməyə xidmət edir. Pentaqonun paralel şəkildə hərbi hazırlıqları davam etdirməsi isə klassik yanaşmadır. Bu, "bütün variantları masada saxlamaq" prinsipinə uyğundur. Siyasi rəhbərlik eskalasiyanı istəmədiyini bildirir, amma hərbi strukturlar mümkün ssenarilərə hazır vəziyyətdə saxlanılır".
Onun sözlərinə görə, 82-ci Hava-Desant Diviziyası kimi qüvvələrin bölgəyə göndərilməsi birbaşa əməliyyat qərarı anlamına gəlmir:
"Bu addım daha çox çəkindiricilik aləti kimi qiymətləndirilə bilər. Qarşı tərəfə mesaj verilir ki, risklər nəzərə alınıb və cavab imkanları mövcuddur. Bu prosesdə diplomatiya və hərbi planlaşdırma paralel şəkildə işləyir. Diplomatiya danışıqlar üçün zəmin yaradırsa, hərbi hazırlıq həmin danışıqların arxa fonunda əlavə təsir aləti rolunu oynayır. Bu, beynəlxalq münasibətlərdə tez-tez rast gəlinən "sözlə yumşalt, imkanla gücləndir" balansıdır".
Müsahibimizin qənaətinə görə, ortada real ziddiyyət yox, fərqli platformalarda verilən paralel mesajlar var:
"Bu, eyni oyunun müxtəlif gedişləridir. Diplomatiyada belə yanaşma normaldır və tərəflərin həm riskləri idarə etməsinə, həm də mövqelərini gücləndirməsinə xidmət edir".
Nigar Yahyazadə
12:08 02.04.2026
Oxunuş sayı: 62