Xarici media qurumlarının fəaliyyəti ilə bağlı dəyişiklik - Elçin Şıxlı şərh etdi
Baş nazir Əli Əsədovun müvafiq qərarına əsasən Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.
Qərara əsasən, bununla bağlı "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"na dəyişiklik edilib.
Xarici media qurumlarının ölkədə nümayəndəlik açması, həm beynəlxalq jurnalistika praktikasının tələblərinə cavab verməli, həm də milli təhlükəsizliyi təmin etməlidir. Bunun üçün hüquqi tənzimləmələr olduqca vacibdir: nümayəndəliklər rəsmi qeydiyyatdan keçməli, fəaliyyət istiqamətini açıq bəyan etməli, akkreditasiyadan keçməli və yalnız jurnalistika fəaliyyəti ilə məşğul olduqlarını hüquqi öhdəlik kimi qəbul etməlidirlər. Maliyyə mənbələrinin şəffaflığı, məlumat toplama və yayma qaydalarının dəqiqləşdirilməsi, milli təhlükəsizlik və dövlət sirri ilə bağlı məhdudiyyətlərin aydın müəyyən edilməsi agentliklərin kəşfiyyat fəaliyyəti aparmasının qarşısını alır. Beləliklə, söz və media azadlığı qorunarkən, eyni zamanda ölkənin təhlükəsizliyi də təmin edilmiş olur.

Əməkdar jurnalist Elçin Şıxlı məsələ barədə fikirlərini Crossmedia.az-la bölüşüb: "Bu, bütün tarix boyu belə olub. Həmin agentliklərdə də mütləq kimsə o işlə məşğul olur. İstənilən agentlikdə belədir. Manipulyasiyaya gələndə isə deyə bilərik ki, media savadlılığı olmalıdır və siz bilməlisiniz ki, bu adam düz deyir, ya yox. Məsələn, BBC, "The New York Times"ın Azərbaycanda nümayəndəlik açması, işləməsi yaxşıdır. Nə mənada yaxşıdır? O mənada ki, biz hamısını buradan atmışıq bayıra və 2024-cü ildə Qarabağdan köç olanda BBC idi və digər media qurumları Ermənistanda oturub bizim haqqımızda yazırdılar. Əgər burada otursaydılar, başqa cür yazardılar. Dediyim odur ki, hüquqi tərəfdən qeydiyyatdan keçib vergi ödəyicisi olsunlar, bizim qanunları da bilsinlər. Qeydiyyatdan keçəndə də təminat verməlidirlər ki, Azərbaycan qanunlarına riayət edəcəklər. Ondan sonra da hər agentliyin, media qurumunun ümumi jurnalistika prinsipləri var ki, hamıya aiddir, bir də var öz daxili nizamnamələri. Təbii ki, bu nizamnamələr də ümumi çərçivədən kənara çıxmır. Nə yazdıqlarını, necə yazdıqlarını, nəyi necə sübut edəcəklərini bilmək lazımdır".
E.Şıxlı bir məsələyə də diqqət çəkib: "Biri var adam iki günlük Azərbaycana gəlir və buraları tanımır. Kimsə burada ona nəsə ötürür. Həmin adam da baxır, deyir ki, küçələri yaxşıdır, binaları yaxşıdır, amma içəridə vəziyyət yaxşı deyil. Lakin burada həmin o məntəqə olanda onlarla işləmək də mümkündür. Onlar öz prinsiplərinə uyğun çalışanda biz də onlarla işləyib Azərbaycanı göstərib, izah edirik. Nə problem varsa, qanunvericiliklə həll edilir. Yox, əgər prinsipdən kənar yalan yazırlarsa, müəyyən tədbirlər görülməlidir. Həm də onlar bizimlə ünsiyyətdə olandan, bizi yaxından tanıyandan sonra tənqid yazmaq istəyəndə onu etik çərçivələr daxilində edəcəklər. Daha gözlərini yumub Azərbaycanı tənqid etməzlər".
Ayhan
11:44 02.04.2026
Oxunuş sayı: 72