ABŞ-İsrail İranı necə zəiflədir? - İranın “düşünən beyinləri” hədəfdə
ABŞ və İsrail koalisiyasının İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar sadəcə raket bazaları və infrastrukturun məhvi ilə məhdudlaşmır.
Proses daha dərində – Tehranın strateji idarəetmə elitasının sıradan çıxarılması müstəvisində gedir. Rəsmi Vaşinqtonun raket hücumlarının qarşısını almaq əminliyi həm texnoloji üstünlüyə, həm də İranın hərbi-siyasi iyerarxiyasında yaratdığı "doldurulmaz boşluqlara" söykənir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, mövcud vəziyyət İran üçün kifayət qədər ağır və mürəkkəbdir.
Onun sözlərinə görə, ABŞ və İsrailin birgə fəaliyyəti İranın strateji imkanlarına ciddi zərbə vurur:
"ABŞ və İsrail birləşməsi İranın əsas strateji hədəflərini sıradan çıxarmaqdadır. Burada söhbət yalnız raket bazalarından və ya hava hücumundan müdafiə sistemlərindən getmir.

Əsas məsələ İranın "düşünən beyinlərinin" – hərbi, siyasi və təhlükəsizlik elitasının hədəf alınmasıdır. Son dövrdə həyata keçirilən nöqtə zərbələri nəticəsində İranın yüksək rütbəli şəxsləri arasında ciddi itkilər var. Bir sıra generallar, siyasi fiqurlar, hətta Təhlükəsizlik Şurası səviyyəsində şəxslər zərərsizləşdirilib. Bu, İranın cavab imkanlarını xeyli məhdudlaşdırır və bəzi hallarda bərpası çətin olan itkilər yaradır".
İ.Rüstəmli vurğulayıb ki, bu zərbələrin yalnız fiziki deyil, psixoloji təsiri də böyükdür:
"İranın həm siyasi rəhbərliyi, həm də cəmiyyəti üzərində ciddi psixoloji təzyiq formalaşıb. Bu isə müqavimət gücünə mənfi təsir göstərir.
Hazırkı mərhələdə də İran ABŞ və İsrail qarşısında tam və adekvat cavab vermək imkanına malik deyil. Bunun əsas səbəbi uzun müddət əvvəlcədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilən hücumlardır".
"ABŞ regionda elə bir hərbi şəbəkə formalaşdırıb ki, bir sıra ərəb ölkələrində yerləşən bazalar vasitəsilə İrana qarşı zərbələr endirilir. Bu zərbələr ciddi nəticələr doğurur, lakin eyni miqyasda cavab hücumları müşahidə olunmur.
İran müəyyən hallarda ABŞ hərbi bazalarına zərbələr endirsə də, bu, ümumi balansı dəyişmir. Bəzi ABŞ bazaları hədəfə alınsa da, bu, İranın öz itkiləri ilə müqayisədə adekvat cavab sayılmır"- deyə, o vurğulayıb.
Ekspertin sözlərinə görə, ABŞ-nin "rəhbərliyə təsir" strategiyası daha geniş məqsədlərə hesablanıb.
"ABŞ-nin məqsədi İranda birbaşa hərbi iştirak deyil. Daha çox məqsəd siyasi təsir imkanlarını artırmaq, özünə uyğun elitanın formalaşmasına nail olmaqdır. Bununla belə, bu strategiyanın tam uğur qazanması çətin görünür. İran ideoloji əsaslar üzərində qurulmuş dövlətdir. Bu baxımdan onu tam nəzarət altına almaq və ya vassal dövlətə çevirmək real görünmür"- deyə, o bildirib.
Ekspertin qənaətinə görə, ABŞ-nin raket hücumlarının qarşısını almaqla bağlı əminliyi həm texnoloji üstünlük, həm də İranın zəiflədilmiş hərbi-siyasi imkanlarının kombinasiyasına əsaslanır.
Nigar Yahyazadə
12:00 01.04.2026
Oxunuş sayı: 1378