Türkiyə-İran münasibətlərinin gərginləşməsini istəyən tərəflər var: Ankara sərt addımlar ata bilər
Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə İran və Türkiyə arasında baş verən insidentlər regionda formalaşan mürəkkəb təhlükəsizlik mühitini bir daha gündəmə gətirir. Xüsusilə İran prezidenti Məsud Pezeşkian səviyyəsində verilən açıqlamalara baxmayaraq hadisələrin təkrarlanması diqqət çəkən məqam kimi qiymətləndirilir. Bu isə yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində deyil, daha geniş geosiyasi kontekstdə analiz edilməli olan bir vəziyyət ortaya qoyur.
Mövcud şəraitdə regionda həm daxili idarəetmə xüsusiyyətləri, həm müxtəlif güc mərkəzlərinin təsiri, həm də xarici aktorların maraqları paralel şəkildə proseslərə təsir edir. Nəticə etibarilə, yaranan hər bir insident təkcə lokal hadisə kimi deyil, daha geniş strateji qarşıdurmanın elementlərindən biri kimi dəyərləndirilir. Bu fonda isə əsas sual belə formalaşır: regionda artan bu gərginlik hansı istiqamətdə inkişaf edəcək və tərəflər arasında balans necə qorunacaq?
Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlama verib:

"İrandan Türkiyə ərazisinə raket atışlarının davam etməsi, xüsusilə Məsud Pezeşkian tərəfindən verilmiş vədlərə baxmayaraq bu cür insidentlərin təkrarlanması, regionda həm daxili, həm də xarici faktorların təsiri ilə formalaşan mürəkkəb vəziyyətə işarə edir.
İlk növbədə, bu hadisələr İranın daxili idarəetmə sistemində vahid qərarvermə mexanizminin tam işləmədiyini göstərir. Prezident səviyyəsində verilən açıqlamalar və öhdəliklər bütün güc strukturları üçün məcburi xarakter daşımaya bilər Xüsusilə hərbi və təhlükəsizlik qurumlarının müəyyən hallarda daha müstəqil davranması, verilən siyasi vədlərin praktikada pozulmasına gətirib çıxarır. Bu isə İran daxilində müxtəlif güc mərkəzlərinin mövcudluğunu və onların hər zaman eyni xətt üzrə hərəkət etmədiyini ortaya qoyur.
Digər tərəfdən, belə raket atışları İran daxilində bəzi radikal və ya sərt mövqeli qrupların mövcudluğunu da ehtimal etməyə əsas verir. Bu qüvvələr regionda gərginliyin artmasında maraqlı ola, Türkiyəni daha geniş qarşıdurmaya cəlb etməyə çalışa bilərlər. Bu yanaşma, xüsusilə daxili problemlərin fonunda diqqəti xarici təhlükələrə yönəltmək və ya regional balansı dəyişmək məqsədi daşıya bilər".
Ekspert qeyd edib ki, eyni zamanda, regionda maraqları toqquşan üçüncü tərəflərin təsir ehtimalı da nəzərə alınmalıdır: "İran–Türkiyə münasibətlərinin gərginləşdirilməsi bəzi xarici aktorlar üçün strateji baxımdan faydalı ola bilər. Lakin bu ssenaridə belə, əsas məsuliyyət yenə də İranın öz daxilində nəzarət və koordinasiya mexanizmlərinin effektiv olmaması ilə bağlıdır.
Türkiyənin məsələyə yanaşması isə daha çox səbr və təmkin üzərində qurulub. Bu, bir tərəfdən münaqişənin genişlənməsinin qarşısını almağa, digər tərəfdən isə beynəlxalq müstəvidə haqlı mövqeyini qorumağa xidmət edir. Lakin raket hücumlarının təkrarlanması bu strategiyanın davamlılığını çətinləşdirə və Ankaranı daha sərt addımlar atmağa məcbur edə bilər".
Ayhan
17:12 31.03.2026
Oxunuş sayı: 57