Qərbin diqqəti bölünür, resurslar parçalanır və... - Ukrayna meydanda tək qalır?
Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin lokallaşdırılması getdikcə çətinləşir. Bir bölgədə alovlanan gərginlik digərində strateji üstünlük qazanmaq üçün rıçaqa çevrilir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın digər qlobal münaqişələrin uzadılmasına "yatırım etməsi" barədə son bəyanatı da məhz bu geosiyasi zəncirvari reaksiyanın təzahürüdür. V. Zelenski iddia edir ki, Moskva təkcə Ukrayna cəbhəsində hərbi tempini saxlamır, həm də Qərbin diqqətini və resurslarını yayındırmaq məqsədilə dünyanın digər qaynar nöqtələrində sabitliyi qəsdən pozur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Xasay Gəraylı bildirib ki, Zelenskinin bu iddiası həm siyasi ritorika, həm də müəyyən geosiyasi məntiq elementlərini özündə birləşdirir. Ekspert qeyd edib ki, məsələni obyektiv qiymətləndirmək üçün bir neçə istiqamətdə təhlil aparmaq vacibdir. Onun sözlərinə görə, Rusiyanın müxtəlif regionlarda aktivliyi yeni deyil və bu fəaliyyət daha geniş strateji məqsədlərə xidmət edir:
"Rusiya uzun illərdir ki, müxtəlif regionlarda – xüsusilə Yaxın Şərq, Suriya və qismən Liviya kimi ölkələrdə aktiv geosiyasi oyunçudur. Bu iştirakın əsas məqsədləri regional təsir dairəsini genişləndirmək, Qərbə qarşı balans yaratmaq, eləcə də enerji və təhlükəsizlik maraqlarını qorumaqdır".
X. Gəraylı vurğulayıb ki, rəsmi Moskvanın bəzi hallarda "tam həll"dən çox "idarə olunan gərginlik" modelinə üstünlük verməsi barədə ekspert yanaşmaları mövcuddur və bu, müəyyən mənada münaqişələrin uzanmasına səbəb ola bilər:
"Bu yanaşma dolayısı ilə münaqişələrin uzanmasına gətirib çıxara bilər. Amma vacib məqam ondan ibarətdir ki, bu siyasət yalnız Ukrayna müharibəsi ilə bağlı deyil. Rusiyanın regional strategiyası daha uzunmüddətli və çoxqatlıdır".
Ekspert bildirib ki, Ukrayna müharibəsindən sonra Qərbin əsas resurslarının bu istiqamətə yönəlməsi fonunda diqqətin yayındırılması ehtimalı nəzəri olaraq mümkündür:
"Əgər digər regionlarda gərginlik artırsa, Qərbin diqqəti bölünür, resurslar parçalanır və Ukraynaya dəstək nisbi olaraq zəifləyə bilər. Bu, nəzəri baxımdan Rusiya üçün faydalı ssenari hesab oluna bilər".
Bununla yanaşı, o, Yaxın Şərqdəki vəziyyətin çoxşaxəli olduğunu və bütün prosesləri yalnız Moskvanın strategiyası ilə izah etməyin düzgün olmadığını qeyd edib:
"Rusiya xüsusilə Suriya üzərindən Yaxın Şərq siyasətində aktiv rol oynayır, hərbi bazalar saxlayır və regional aktorlarla əlaqələr qurur. Lakin bölgədəki gərginliyin səbəbləri çoxşaxəlidir – regional rəqabət, daxili siyasi böhranlar və Qərb ölkələrinin siyasəti də bu proseslərə təsir edir. Zelenskinin açıqlaması tam əsassız olmasa da, onu qəti sübut olunmuş strategiya kimi qəbul etmək də düzgün deyil. Böyük güclər bəzən paralel böhranlardan geosiyasi üstünlük qazanmağa çalışırlar. Rəsmi Moskva da mövcud gərginliklərdən faydalana bilər. Lakin bu gərginliklərin hamısını məqsədli şəkildə yaratdığı və ya uzatdığı qəti şəkildə sübut olunmayıb. Zelenskinin bu bəyanatı daha çox siyasi-diplomatik mesaj xarakteri daşıyır və Qərbə diqqətin Ukrayna məsələsindən yayınmaması çağırışı kimi qiymətləndirilə bilər".
Nigar Yahyazadə
12:44 31.03.2026
Oxunuş sayı: 58