İrana təzyiqlər artır: ABŞ quru əməliyyatlarına başlaya bilər
ABŞ-nin Xark adasına mümkün hücumu ilə bağlı səsləndirilən bəyanatlar və İran səfirinin “hədəf dairəsini genişləndirəcəyik” açıqlaması regionda gərginliyin daha da dərinləşə biləcəyindən xəbər verir. Bu cür ritorika adətən yalnız müdafiə xarakterli deyil, həm də potensial olaraq yeni coğrafiyaların və hədəflərin münaqişəyə cəlb oluna biləcəyinə işarə edir.
Bu kontekstdə əsas sual ondan ibarətdir: İran “hədəf dairəsini genişləndirmək” dedikdə konkret olaraq nəyi nəzərdə tutur? Söhbət yalnız hərbi obyektlərdən gedir, yoxsa enerji infrastrukturu, nəqliyyat marşrutları və hətta mülki obyektlər də bu siyahıya daxil edilə bilər?
Digər tərəfdən, mümkün hücum istiqamətlərinin genişlənməsi region ölkələrinin təhlükəsizliyi, beynəlxalq ticarət yolları və qlobal enerji bazarları üçün hansı riskləri yaradır? Məhz bu suallar ətrafında məsələyə yanaşmaq və potensial ssenariləri təhlil etmək zərurəti yaranır.
Mövzu ilə bağlı Yaxın şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib:
"Ümumiyyətlə, bilirsiniz ki, Birləşmiş Ştatlar və ya İsrail tərəfindən İrana qarşı hərbi hücum artıq bir aydan çoxdur davam edir və artıq ikinci aya qədəm qoyur. Bu müddət ərzində çoxsaylı hadisələr baş verib. İran qonşu ərəb ölkələrini hədəfə alıb. Türkiyə istiqamətində üç dəfə ballistik raket atılıb. Azərbaycan əraziləri də – xüsusilə Naxçıvan istiqaməti – hədəf olaraq göstərilib. Eyni zamanda, bu gün səhər saatlarında səsləndirilən açıqlamada bildirilib ki, əgər İran qarşı tərəfin tələblərini yerinə yetirməsə, Xark adası tamamilə dağıdılacaq, yer üzündən silinəcək. Buna cavab olaraq isə İran tərəfi bildirib ki, hədəf dairəsini daha da genişləndirəcək".

Ekspert əlavə edib ki, bu genişlənən hədəf ilk növbədə, ərəb ölkələrini əhatə edir: "Əgər bundan əvvəl İran iddia edirdisə ki, yalnız həmin ölkələrdə yerləşən ABŞ hərbi kontingenti və bazaları hədəf alınır, artıq yeni mərhələdə mülki obyektlərin vurulması da istisna edilmir. Bu, təəssüf ki, İran reallığıdır. Mən “İran reallığı” deyəndə konkret bir düşüncə tərzini nəzərdə tuturam – yəni ölkəsinin xarabalıqlarını belə ac əhaliyə “qələbə muzeyi”, “zəfər simvolu” kimi təqdim edən bir yanaşmadan söhbət gedir. Bu baxımdan İranın hədəf dairəsinin genişlənəcəyi gözləniləndir. Digər bir mühüm məqam isə beynəlxalq reaksiyadır. Yəqin ki, izləyirsiniz: elə bu günlərdə Böyük Britaniyanın təşəbbüsü ilə Hörmüz boğazı və Xark adası ətrafında gəmi keçidlərinin qorunması üçün beynəlxalq koalisiya yaradılıb və artıq fəaliyyətə başlayıb. Az öncə isə Belçika hökuməti də oxşar qərar qəbul edərək bu koalisiyaya qoşulduğunu və bölgəyə gəmi göndərəcəyini açıqladı. Bütün bunlar bir daha göstərir ki, hər nə qədər bu proseslər bəzi dairələr tərəfindən – məsələn, Ağ Ev rəhbəri Donald Tramp və ya İsrail tərəfindən – “hədəflərə nail olunmadı” kimi təqdim edilsə də, reallıqda vəziyyət kifayət qədər ciddidir və region ciddi təhdid altındadır. Mən hesab edirəm ki, bu proseslər addım-addım İran üzərinə daha genişmiqyaslı təzyiqə, hətta birbaşa quru hərbi müdaxiləsinə gətirib çıxara bilər. Əgər bu baş verərsə, Allah qorusun, region çox ciddi və ağır fəsadlarla üz-üzə qala bilər".
Ayhan
12:55 31.03.2026
Oxunuş sayı: 49