21 yaşlı əsgər 68 gün təkbaşına döyüşüb- Rusiya təbliğatı, yoxsa qəhrəmanlıq?
Ukrayna cəbhəsində davam edən ağır döyüşlər fonunda Rusiya rəhbərliyi daxili auditoriyada ruh yüksəkliyini saxlamaq üçün növbəti dəfə fövqəlbəşər qəhrəmanlıq hekayələrinə əl atıb. Prezident Vladimir Putinin 21 yaşlı hərbçi Sergey Yaraşovun "Rusiya Qəhrəmanı" adı ilə təltif edilməsi barədə fərman hazırlanması tapşırığı, ilk baxışda fərdi şücaət nümunəsi kimi təqdim olunsa da, hərbi-strateji baxımdan ciddi suallar doğurur. Məsələ burasındadır ki, həmin hərbçinin 68 gün tək Qırmızı Ordu istiqamətindəki Qrişino kəndi ərazisindəki mövqeləri müdafiə etdiyi bildirilir. Doğrudanmı, həmin əraziyə əlavə qüvvə göndərilə bilməzdi? Doğrudanmı, Rusiya Silahlı Qüvvələri bu qədər çətin vəziyyətdədir? Və ya, həqiqətənmi, Rusiya hakimiyyətinə sadəcə qəhrəmanlıq hekayəsi lazım idi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, təqdim olunan məlumatda bir sıra şişirdilmiş və reallıqdan uzaq məqamlar var. Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat mart ayının əvvəllərinə təsadüf edir və iddiaya görə, 21 yaşlı hərbçi Sergey Yaraşev Donetsk vilayətinin Qrişino qəsəbəsi yaxınlığında yerləşən mövqeni 68 gün ərzində təkbaşına müdafiə edib:

"Guya bu əsgər iki aydan çox – yəni 68 gün ərzində təkbaşına mövqeni qoruyub. Döyüşlər zamanı ağır yaralanıb, hər iki ayağının bir hissəsi amputasiya olunub. Amma həmin müddət ərzində müqavimət göstərdiyi bildirilir. Bu, reallıq baxımından ciddi suallar doğurur".
Ü. Cəfərov vurğulayıb ki, bu cür iddiaların praktik hərbi baxımdan izahı çətindir:
"Təsəvvür edin, bir hərbçi ağır yaralanır, ayaqları amputasiya olunur və buna baxmayaraq, 68 gün ərzində fasiləsiz müdafiə aparır. Bu müddətdə ona ərzağı kim çatdırıb, sursatı kim təmin edib, necə sağ qalıb – bunlar açıq qalan suallardır".
Ekspertin sözlərinə görə, bu məlumat daha çox təbliğat xarakteri daşıyır və reallıqla tam uzlaşmır:
"Mən hərbçi kimi hesab edirəm ki, bu xəbər çox şişirdilib. Əsgər bir gün, üç gün, beş gün, hətta iki həftə müqavimət göstərə bilər. Amma 68 gün – yəni iki aydan artıq müddətdə təkbaşına müdafiə aparmaq real görünmür. Bu tip xəbərlərin tirajlanması müəyyən siyasi və ictimai məqsədlərə xidmət edə bilər. Rusiya ordusunun hazırkı vəziyyəti fonunda belə "qəhrəman obrazları"nın önə çıxarılması gündəmi dəyişmək cəhdi kimi görünür. Bu, daha çox təbliğata hesablanmış informasiyadır. Əgər bu hadisə, həqiqətən, baş vermiş olsaydı, mükafatlandırma qərarı daha operativ şəkildə verilə bilərdi. Hadisə martın əvvəlində baş veribsə, niyə dərhal qərar verilməyib? Bu da göstərir ki, məsələ sonradan qabardılıb və ictimai rəyə təqdim olunub".
Ü. Cəfərov sonda qeyd edib ki, təqdim olunan məlumatda ciddi boşluqlar mövcuddur və bu səbəbdən onun həqiqətə uyğunluğuna şübhə ilə yanaşır:
"Bu məlumatda çox böyük uyğunsuzluqlar var. Mən şəxsən bunun həqiqətə uyğun olduğuna inanmıram. Bu, daha çox rus təbliğatına hesablanmış bir xəbər təsiri bağışlayır".
Nigar Yahyazadə
09:50 31.03.2026
Oxunuş sayı: 138