Su basmış yollar - elektrikli avtomobillər üçün nə qədər təhlükəlidir?
Son günlər müşahidə olunan intensiv yağıntılar təkcə şəhər infrastrukturunu deyil, nəqliyyat sistemini də ciddi sınaq qarşısında qoyur.
Xüsusilə, su basmış yollar, artan rütubət və elektrik təhlükəsizliyi məsələləri fonunda elektrikli avtomobillərin dayanıqlılığı və etibarlılığı yenidən müzakirə mövzusuna çevrilib.
Müasir texnologiyalarla təchiz olunmuş bu nəqliyyat vasitələri müəyyən qoruyucu sistemlərə malik olsa da, ekstremal hava şəraiti onların performansına və təhlükəsizliyinə necə təsir göstərir? Güclü yağışlar elektrikli avtomobillər üçün hansı riskləri yarada və hansı fəsadlara səbəb ola bilər? Bu kimi suallar hazırda öz aktuallığını qoruyur.
Mövzu il bağlı nəqliyyat eksperti, İş Adamları Assosiasiyasının üzvü Orxan Sabiroğlu Crossmedia.az-a açıqlama verib:

"Güclü yağışlar və su basmış yollar həm daxili yanma mühərrikli, həm də elektrikli avtomobillər (EV) üçün ciddi sınaqdır. Ümumilikdə elektrikli avtomobillər yağışa qarşı yüksək müdafiə sistemləri ilə təchiz olunsa da, ekstremal şəraitdə bəzi fəsadlar yarana bilər.
Bildiyimiz kimi, elektromobillərin və hibrid avtomobillərin əsas komponentləri hansılar ki, batareya, elektrik motoru və naqillər su keçirməyən xüsusi qoruyucu təbəqələrlə qorunur. Bu, avtomobilin yağış altında idarə edilməsini və şarj olunmasını tam təhlükəsiz edir.
Buna baxmayaraq dərin su kütlələri bu avtomobillərdə ciddi təhlükələr yarada bilər. Su birbaşa olaraq batareya blokuna keçməsə də sensorlara, elektronika sisteminə zərər verə bilər. Eyni zamanda, su ilə təmasda olan hissələrdə gələcəkdə korroziya riskləri də qaçılmazdır. Bir digər məsələyə də diqqət çəkmək istəyirəm.
Yağış suları yoldakı çuxurları və iti cisimləri gizlədə bilər. Batareyanın yerləşdiyi alt gövdənin ciddi zərbə alması daxili qısaqapanmaya və ya nadir hallarda yanğına yol aça bilər. Belə hallarda sürücülər maksimum ehtiyatlı olmalıdırlar.
Əgər suyun səviyyəsi təkərin yarısından yuxarı qalxırsa və ya avtomobilin altını tam örtürsə, həmin yoldan keçmək məsləhət deyil. Dərin sudan keçdikdən sonra maşında titrəmə, qəribə səs və ya xəbərdarlıq işıqları yaranarsa, dərhal peşəkar servisə müraciət edilməlidir.
Çətin hava şəraitində yollarda olan bütün sürücülərimizə təhlükəsiz sürüş arzu edirik".
Ayhan
11:49 30.03.2026
Oxunuş sayı: 58