Hərbi üstünlük, yoxsa diplomatik oyun? – ABŞ-İran gərginliyinin pərdəarxası
ABŞ prezidenti Donald Trampın İran üzərində hərbi qələbə qazanıldığına dair iddialı çıxışı Yaxın Şərqdəki mövcud status-kvonu yenidən müzakirə obyektinə çevirib.
Enerji obyektlərinə zərbələrin 10 günlük müddətə dayandırılması rəsmi Vaşinqton tərəfindən "zəfər aktı" kimi təqdim edilsə də, hərbi ekspertlər masadakı mənzərənin daha mürəkkəb olduğunu vurğulayırlar.
Tehranın strateji hərbi imkanlarının sarsılması fonunda quru əməliyyatlarından yayınma meyli tərəflərin hələ də "instrumental diplomatiya" mərhələsində olduğunu göstərir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə bildirib ki, İranın bəzi strateji hərbi imkanlarının ciddi şəkildə zəiflədildiyini demək mümkündür, lakin bunun tam "sıfırlanma" kimi təqdim olunması reallığı tam əks etdirmir.

Onun sözlərinə görə, əgər İranın hərbi gücü tam iflic vəziyyətə düşsəydi, ABŞ və İsrail quru əməliyyatlarına başlamaqda tərəddüd etməzdi. Bu isə göstərir ki, vəziyyət hələ də tam hərbi üstünlük mərhələsinə keçməyib.
Hərb sənətində əsas prinsipin əraziyə nəzarət olduğunu bildirən ekspert qeyd edib ki, bu, yalnız quru qoşunlarının iştirakı ilə mümkün olur. Buna görə də, hazırkı mərhələni tam qələbə kimi təqdim etmək hərbi baxımdan mübahisəlidir.
H. Mirzə əlavə edib ki, tərəflər arasında paralel şəkildə diplomatik kanallar da işlək vəziyyətdədir və səsləndirilən bəyanatlar çox zaman "instrumental xarakter" daşıyır:
"Yəni həm ABŞ, həm İsrail, həm də İran tərəfindən verilən açıqlamalar real vəziyyəti tam əks etdirməyə də bilər və operativ siyasi mesaj funksiyası daşıyır.
Bu proses enerji bazarına birbaşa təsir göstərdiyinə görə ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda, İranın son dövrlərdə Rusiyadan yeni silah sistemləri əldə etməsi barədə məlumatlar da münaqişənin uzanmasını Tehran üçün daha dayanıqlı hala gətirə bilər".
Ekspert hesab edir ki, müharibənin indiki status-kvoda dayanması nə ABŞ, nə İran, nə də İsrailin tam qələbəsi kimi qiymətləndirilə bilər.
Onun fikrincə, belə bir ssenaridə müəyyən geosiyasi üstünlük əldə edən tərəf daha çox Rusiya ola bilər ki, bu da regional güc balansının dəyişməsi ilə nəticələnə bilər.
Nigar Yahyazadə
11:07 30.03.2026
Oxunuş sayı: 54