Tramp və Netanyahunun sonu: ABŞ fövqəldövlət olmayacaq, nüvə savaşı başlayacaq
Pakistan Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Söhbət bir saatdan çox davam edib. Danışıq zamanı onlar həmçinin İsrailin İrandakı mülki infrastruktura hücumlarını müzakirə ediblər.
Məlumdur ki, Pakistan hazırda ABŞ ilə İran arasında əsas vasitəçi kimi çıxış edir. Amma diplomatik təmaslarla bağlı hələ ki, ciddi nəticə yoxdur.
Mövcud durum barədə Crossmedia.az-a danışan hüquqşünas Əkrəm Həsənov xatırladıb ki, İrana qarşı müharibənin dördüncü həftəsi bitir: "Yüksək vəzifəlililərini və xeyli resurslarını itirsə də, rejim nəinki çökmədi, əksinə, İsrailə də, ABŞ-ın hərbi bazalarına da ciddi zərbələr endirə bildi. Üstəlik Hörmüz boğazını iflic edərək neftin qiymətinin qalxmasına və dünya iqtisadiyyatının çalxalanmasına nail oldu. Hətta Qərb ölkələri də birmənalı olaraq ABŞ və İsrasili dəstəkləmir. Nəhayət, İran ABŞ Prezidenti Donald Trampın sülh çağırışlarına da məhəl qoymur və maksimalist tələblər irəli sürür. Buna görə də rejimin çökməməsi nəinki İranın qələbəsi olacaq, üstəlik təcavüzkarlar üçün digər mənfi nəticələrə də səbəb olacaq".

O bildirib ki, bundan sonra İran "islanmışın yağışdan nə qorxusu" prinsipi ilə böyük ehtimalla nüvə silahına sahib olmağa çalışacaq: "İsraili daha heç kəs “alınmaz qala” hesab etməyəcək, bu da onun üçün təhdidləri xeyli artıracaq. Həmçinin ABŞ daha bir nömrəli fövqəldövlət hesab olunmaycaq. Bu da onun üçün siyasi və hərbidən daha çox iqtisadi problemlər yaradacaq. Nəzərə alsaq ki, ABŞ və İsrailin başında cinayət təqibinə məruz qalmış yüksək eqolu iki mənəviyyatsız qoca durub, onlar üçün bu həm də şəxsi ölüm-dirim məsələsidir. Onların iki çıxış yolu var. Birinci yol – İrana qarşı quru əməliyyata başlamaq. Böyük ehtimalla bunun nəticəsində İrandakı rejim məhv ediləcək. Lakin uzun və qanlı, xeyli qurbanlara səbəb olacaq böyük müharibə nəticəsində. Bu da nəinki şəxsən Tramp və İsrail Baş naziri Benyamin Netanyahu üçün siyasi karyeranın və hətta həyatın sonu ola bilər, həmçinin ABŞ-nin xeyli zəifləməsinə, İsrailin isə məhvinə gətirə bilər. Buna görə də onların ikinci yolla getməsi ehtimalı artır və Allah bizi bundan qorusun. Onlar İrana nüvə zərbəsi endirə bilər. Sonra da belə əsaslandıracaqlar ki, guya İran bir-iki günə nüvə silahı əldə edəcəkdi və başqa çıxış yolu yox idi. Xatırladıram ki, nüvə silahını düşmənə qarşı tətbiq etmiş yeganə dövlət ABŞ-dır".
15:54 28.03.2026
Oxunuş sayı: 53