Quru əməliyyatı gündəmdə - Yaxın Şərqdə böyük toqquşma yaxınlaşır?
Yaxın Şərqdə illərdir davam edən diplomatik soyuq müharibə öz yerini birbaşa hərbi qarşıdurma ssenarilərinə buraxmaq üzrədir. ABŞ-nin İrana qarşı strateji adaların tutulması və Hörmüz boğazına nəzarətin ələ keçirilməsi kimi "həlledici zərbə" planlarını nəzərdən keçirməsi bölgədə gərginliyi pik həddə çatdırıb.
Lakin quru əməliyyatlarının gətirə biləcəyi insan itkisi və geosiyasi risklər rəsmi Vaşinqtonu çətin seçim qarşısında qoyur. Bəs, quru qoşunlarının cəlb edilməsi real hərbi hədəfdir, yoxsa sadəcə Tehranı geri addım atmağa məcbur edən psixoloji təzyiq vasitəsi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, hazırda gündəmdə olan quru əməliyyatı ehtimalı real planlama səviyyəsinə qədər müzakirə oluna bilər və xüsusilə, strateji əhəmiyyətli nöqtələr – Hörmüz boğazı və bəzi adalar ətrafında hərbi aktivliyin artması bunu göstərir:

"ABŞ tərəfindən xüsusi təyinatlı qüvvələrin və amfibiya bölmələrinin regiona yaxınlaşdırılması ehtimalı mövcuddur. Bu, neft marşrutları üzərində nəzarət və strateji üstünlük qazanmaq məqsədi daşıya bilər.
Lakin belə əməliyyatların həyata keçirilməsi ciddi risklər yaradır və İran tərəfinin raket imkanları fonunda bu cür quru əməliyyatları ABŞ üçün asan olmayacaq".
Ə. Məmmədli bildirib ki, quru əməliyyatlarının ən böyük çətinliyi canlı qüvvə itkiləri və uzunmüddətli hərbi konflikt riskidir.
Onun fikrincə, ABŞ tarixən Vyetnam və İraq müharibələrindən sonra cəmiyyətin itkilərə həssaslığını nəzərə alaraq daha çox texnoloji və məhdud hərbi əməliyyatlara üstünlük verib.
Politoloq əlavə edib ki, hazırkı mərhələdə bu cür ssenarilər həm də siyasi mesaj xarakteri daşıya bilər və ABŞ tərəfi "qələbə narrativi" yaratmaq üçün müxtəlif mərhələli əməliyyat variantlarını gündəmdə saxlayır.
"İran kimi hərbi infrastrukturu güclü olan bir dövlətə qarşı genişmiqyaslı quru əməliyyatı ciddi eskalasiya riski daşıyır və nəticəsi əvvəlcədən tam proqnozlaşdırıla bilməz" - deyə, o bildirib.
Nigar Yahyazadə
14:28 28.03.2026
Oxunuş sayı: 53