İrəvan Azərbaycandan tranziti artırmaq İstəyir - Bakının mövqeyi necə olacaq?
Ermənistan rəsmisi Armen Qriqoryan tərəfindən səsləndirilən “İrəvan Azərbaycan ərazisindən tranziti ticarətin artımının açarı hesab edir” fikri regionda yeni iqtisadi reallıqların formalaşdığını göstərir. Xüsusilə, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması perspektivi həm iqtisadi inteqrasiyanı, həm də siyasi münasibətlərin gələcəyini müəyyən edən əsas amillərdən biri kimi ön plana çıxır.
Bu kontekstdə əsas sual yaranır: Azərbaycan belə bir ticarət və tranzit artımına nə dərəcədə müsbət yanaşa bilər və bu proses hansı şərtlər daxilində mümkün ola bilər?
Eyni zamanda, rəsmi Bakının bu məsələdə mövqeyi yalnız iqtisadi maraqlarla, yoxsa təhlükəsizlik və siyasi amillərlə də şərtlənəcək?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlama verib:

"Azərbaycan 8 avqust Vaşinqton razılaşmasından sonra Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini aradan qaldırdı. Bunun nəticəsində Ermənistana Rusiya, Qazaxıstan və digər ölkələrdən idxal olunan malların həm həcmi, həm də dövriyyəsi artdı.
Eyni zamanda, daşınma xərcləri əhəmiyyətli dərəcədə azaldı. Bundan əlavə, Azərbaycanın öz neft məhsulları da Ermənistan bazarına ixrac edilməyə başlandı.
Şübhəsiz ki, Azərbaycanın bu məhdudiyyətləri aradan qaldırması Ermənistanın ixrac-idxal potensialına ciddi təsir göstərir. Çünki bu vaxta qədər Ermənistan əsasən Gürcüstan ərazisindən keçən Lars keçid məntəqəsindən və İrandan keçən gömrük marşrutlarından asılı idi. Bu isə daşınmaların həm qiymətini artırır, həm də vaxt baxımından gecikmələrə səbəb olurdu".
Politoloq əlavə edib ki, bu baxımdan Azərbaycan məsələyə müsbət yanaşır: "Ölkənin əsas məqsədi Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir və prosesə müsbət təkan verir.
Lakin prosesin gələcək inkişafı daha çox Ermənistandan asılı olacaq. Əgər Ermənistan bundan sonra da konstruktiv mövqe sərgiləyərsə, Azərbaycanın yanaşması da dəyişməz olaraq qalacaq.
Əks halda, əgər seçkilərdən sonra revanşist qüvvələr və müharibə tərəfdarları hakimiyyətə gələrsə, Azərbaycan tranzit məhdudiyyətləri ilə bağlı qəbul etdiyi qərarlara yenidən baxa bilər. Bu isə birbaşa olaraq Ermənistanda formalaşacaq yeni hökumətin siyasətindən asılı olacaq".
Ayhan
14:15 28.03.2026
Oxunuş sayı: 61