ABŞ Yaxın Şərqdə öz gücünü göstərir - növbəti addımı nə olacaq?
Pentaqonun Yaxın Şərq regionuna əlavə hərbi qüvvə yerləşdirmək planları qlobal təhlükəsizlik arxitekturasında yeni gərginlik dalğasından xəbər verir.
ABŞ-nin İrana qarşı strateji həmləsi kimi qiymətləndirilən bu addım həm çəkindirmə xarakteri daşıyır, həm də mümkün irimiqyaslı toqquşmalara hazırlıq məqsədi güdür.
Regionda hərbi güclərin konsentrasiyası diplomatik kanalların daraldığı bir mərhələdə yeni geosiyasi reallıqların anonsu kimi qəbul edilir.
Müasir dünya nizamında "güc diplomatiyası"nın beynəlxalq hüququ üstələdiyi bir şəraitdə ABŞ-nin bu hərbi yerdəyişmələri real əməliyyat hazırlığıdır, yoxsa strateji manevrdir?
Tarixi paralellər və mövcud risklər kontekstində mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, ABŞ bütün mümkün ssenarilərə hazırlaşan bir strategiya yürüdür:
"Amerika bütün ehtiyat hazırlıqlarını görür və hər situasiyaya uyğun addımları əvvəlcədən planlaşdırır. Lakin bu cür proseslərin qısa zamanda yekunlaşacağını demək çətindir.

ABŞ-nin genişmiqyaslı quru qoşunları ilə regiona müdaxiləsi çox çətin görünür. Bu, rəsmi Vaşinqton üçün ciddi risklər yarada bilər və keçmişdə yaşanan Vyetnam və Yaxın Şərq təcrübələri də bunu göstərir".
Ekspertin sözlərinə görə, hazırkı mərhələdə əsas diqqət hava gücü və uzaqmənzilli zərbə imkanlarına yönəlib:
"Proses daha çox hava zərbələri və koalisiya çərçivəsində koordinasiya olunan əməliyyatlar üzərindən gedir. Hələlik yekun qərar yoxdur, amma hazırlıq prosesi davam edir".
E. Həsənli əlavə edib ki, mövcud gərginlik qlobal sistemdə yeni reallıqlar formalaşdırır:
"Dünya artıq həm hərbi, həm siyasi baxımdan yeni mərhələyə daxil olur. Dövlətlər bunu nəzərə almalıdır. Əks halda, təhlükəsizlik, enerji və iqtisadi sahələrdə daha böyük böhranlar qaçılmaz ola bilər".
Əsas problemin beynəlxalq sistemdə güc faktorunun hələ də dominant olması olduğunu bildirən ekspert vurğulayıb ki, əksər dövlətlər hələ də problemləri hüquq və diplomatiya ilə deyil, güc vasitəsilə həll etməyə üstünlük verirlər, bu isə qlobal sabitlik üçün riskləri artırır.
Nigar Yahyazadə
13:39 28.03.2026
Oxunuş sayı: 66