Ermənistan-Fransa hərbi yaxınlaşması - yeni mərhələ, yoxsa davam edən proses?
Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturası fonunda Ermənistanın xarici hərbi-siyasi tərəfdaşlıq axtarışları regionun diqqət mərkəzindədir.
Xüsusilə, rəsmi İrəvanın Avroatlantik məkana inteqrasiya cəhdləri və Fransanın bu prosesdə "əsas aktor" roluna iddia etməsi tərəflər arasındakı hərbi təmasların xarakterini yenidən nəzərdən keçirməyi zəruri edir.
Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə son səfəri bu münasibətlərin dinamikasını anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu səfəri yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək doğru olmaz:

"Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq uzun müddətdir davam edir. Bu səfər daha əvvəl imzalanmış müqavilələrin icrası çərçivəsində atılan addım kimi dəyərləndirilməlidir".
Tərəflər arasında razılaşdırılmış silah təchizatının hələ tam şəkildə həyata keçirilmədiyini bildirən ekspert qeyd edib ki, əldə olunan razılaşmalara əsasən, Ermənistana Fransa istehsalı olan həm hücum, həm də müdafiə xarakterli silahların verilməsi nəzərdə tutulur, lakin bu proses hələ tam başa çatmayıb və təchizatın bütün həcmi reallaşdırılmayıb.
Ə.Verdiyev vurğulayıb ki, mövcud mərhələni daha çox icra və implementasiya dövrü kimi xarakterizə etmək olar:
"Bu baxımdan, hazırkı səfər yeni bir mərhələnin başlanğıcından çox, mövcud razılaşmaların yerinə yetirilməsi istiqamətində davam edən prosesin tərkib hissəsidir".
Nigar Yahyazadə
09:42 28.03.2026
Oxunuş sayı: 57