Əsl mənimiz hansı hallarda üzə çıxır?- Psixoloq danışdı
Əgər bir insanı tanımaq istəyirsinizsə, onun əsəbi olduğu anına diqqət yetirin. İnsan əsəbi olduqda söylədiyi sözlər, etdiyi hər hərəkət onun daxili dünyasının açıq göstəricisidir. Bu anlarda dediyi hər cümlə onun əsl ürək sözlərinə çevrilir, yəni gizlətməyə çalışdığı düşüncələrini və hisslərini daha səmimi şəkildə ifadə edir.
Psixoloq Xoşbəxt Bəkirov Crossmedia.az-a açıqlamasında bildirib ki, biz insanlar əslində tək bir şəxsiyyət strukturuna sahib deyilik. Bizim daxilimizdə bir neçə şəxsiyyət strukturu mövcuddur:

"Hər bir professor və psixoloqun bu mövzu ilə bağlı müəyyən fikirləri var.
Bəziləri, məsələn, psixoanalizin banisi Ziqmund Freyd şəxsiyyət strukturunu üç elementə bölüb: id (instinktiv impulslar), ego (realiteyi idarə edən və qərar verən tərəf) və superego (daxili əxlaq və norma sistemi). Eyni zamanda Karl Yunq da bizə əsas modellər təqdim edib: kölgə (gizlədilmiş və ya qəbul edilməmiş tərəfimiz), anima və animus (kişi içindəki qadın tərəf və qadın içindəki kişi tərəf) və digər şəxsiyyət arxetipləri (məsələn, persona, ictimai maska və ya “Öz” arxetipi). Yəni, bu alimlər psixologiyada onu göstərməyə çalışırlar ki, biz insanlar tək bir şəxsiyyət strukturuna sahib deyilik.
Və bizim daxilimizdə həmişə bastırdığımız və ya sirr kimi saxladığımız görünməz, əsl və əsas tərəfimiz mövcuddur. Bu tərəfin üzə çıxması üçün müxtəlif vasitələr və anlar mövcuddur. Çoxları üçün bu, alkoqol və ya zərərli vasitələrdən istifadə zamanı baş verir. Çünki bu zaman sinir sistemi müəyyən qədər zəifləyir və dərinlərdə gizlədilən tərəflər üzə çıxmağa başlayır"
Psixoloq , həmçinin, ən çox rast gəlinən hallardan birinin də duyğu ifadələri olduğun vurğulayıb:
" İnsanların çox dərin duyğu yaşadığı an onun əsl halıdır. Məsələn, aqressiya və ya əsəb. Çünki burada emosiya və hiss arasında fərq var. Hər ikisi duyğudur, amma emosiya ilə hiss fərqli anlayışlardır.
Biz hər hansı yüksək duyğu yaşadıqda, yəni partlama nöqtəsinə çatdıqda, daxili tərəfimiz üzə çıxmağa başlayır. Niyə məhz aqressiya? Çünki aqressiya instinktiv duyğulardan biridir. Bu duyğunu biz digər canlılarla da paylaşırıq, yəni bütün canlılarda mövcuddur".
X.Bəkirovun sözlərinə görə, bu duyğunu yaşayanda hər kəsdə fərqli mexanizmlər işə düşür:
" Bəzilərində hücum, bəzilərində qaçış, bəzilərində isə donma reaksiyası. Və bu zaman niyə əsl şəxsiyyətimiz üzə çıxır? Çünki həmin anda özünüqoruma mexanizmi aktivləşir. Aqressiya və əsəb zamanı biz özümüzü, sərhədlərimizi, mövqeyimizi və fikrimizi qorumağa çalışırıq. Zərər almamaq üçün əlimizdən gələni edirik. Bu səbəbdən bastırdığımız tərəfi üzə çıxarmağı seçirik. Çünki nə qədər onu gizlətsək də, əslində seçdiyimiz və tutunduğumuz tərəf elə odur. Sadəcə, biz onu insanlardan gizlədirik. Bir insanın əsl tərəflərini görmək üçün başqa yollar da mövcuddur. Məsələn, aparılan maraqlı tədqiqatlarda göstərilir ki, insanı yuxudan qəfil oyadıb sual verdikdə daha səmimi cavab verir. Çünki həmin anda şüur tam aktiv olmur, insan yarımşüurlu vəziyyətdə olur və bu da onun əsl halını göstərir.
Eyni zamanda kədər duyğusu da buna aiddir. Əgər kədər dərin olarsa, insanın əsl tərəfini görə bilərik. Məsələn, bəzi hallarda duyğu partlayışları baş verir ki, buna katarsis deyilir. Bu, duyğuların intensiv şəkildə ifadə olunması və boşaldılmasıdır. Bir neçə duyğunun eyni anda güclü şəkildə yaşanmasıdır. Belə anlarda insanın əsl tərəflərini, düşüncələrini və duyğularını daha aydın görə bilirik. Buna görə də belə yanaşma doğrudur ki, insanın əsl fikirləri onun idarə olunmaz vəziyyətdə düşündüyü fikirlərdir. Əsl tərəfləri də məhz o anlarda üzə çıxır. Amma insanlar bu tərəflərini göstərməkdən qorxduqları üçün çox vaxt onları gizlədirlər. Lakin bütün bu problemlər duyğu idarəetməsi çətinlikləri, travmatik keçmişin təsirləri psixoloq və ya psixoterapevtlə aparılan terapiya prosesində həll edilə bilər. Bu proses nəticəsində insanlar öz bu tərəflərini qəbul etməyi, onlarla balans və harmoniya içində yaşamağı və daha sağlam emosional vəziyyətdə olmağı bacarırlar".
Fatimə
15:56 27.03.2026
Oxunuş sayı: 54