Premyer Liqada hakimlik adına ləkə- Şərhçi sərt danışdı
Son günlər Azərbaycan Premyer Liqasında hakim qərarları ətrafında yaranan müzakirələr daha da artıb. Xüsusilə son turun qarşılaşmaları futbol ictimaiyyətində ciddi rezonans doğurub. Diqqət mərkəzinə isə 25-ci tur çərçivəsində baş tutan “Kəpəz” – “Qarabağ” oyunundakı mübahisəli penalti epizodu düşüb.
Görüşün 73-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Şakir Seyidovun Kamilo Duranla mübarizədə qayda pozuntusuna yol verdiyi iddia olunsa da, epizodun VAR-da araşdırılmasına baxmayaraq, baş hakim penalti qərarı vermədi. Məhz bu qərar azarkeşlər və mütəxəssislər arasında geniş müzakirələrə səbəb olub.
CBC Sport kanalının aparıcı eksperti Elçin Cəfərov Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasında hakimliklə bağlı səhvlər son turlarda daha çox aktuallıq kəsb etməyə başlayıb:

"Ən maraqlısı da odur ki, hakimlər səhvlərlə yadda qalır, amma Hakimlər Komitəsinin rəhbərliyi hər qarşılaşmadan sonra mübahisəli hakim qərarları ilə yadda qalan matçlardan sonra müxtəlif bəhanələr gətirməklə hakimlərin verdikləri mübahisəli qərarların düzgün olduğunu sübut etməyə çalışıblar. Bu da istər-istəməz Azərbaycanda hakimliklə bağlı məsələnin kölgəyə düşməsinə, daha fərqli və daha ədalətli qərarların icrası istiqamətində müəyyən şübhə toxumlarının səpilməsinə səbəb olur. Bu da ilə “Kəpəz” – “Qarabağ” matçında qeydə alınan, hansı ki Kamilov-Duran epizodu penalti epizodu idi. Mən açıqlamamda demişdim ki, bu penalti idi, hətta ən açıq penaltilərdən biri idi. Amma digər tərəfdən, bilmirəm, orada dəyərləndirmələr də açıqlandı, VAR danışıqları da açıqlandı".
Ekspertin fikrincə, müxtəlif bəhanələr gətirməklə qeyd olunur ki, burada penalti qərarı düzgün deyil, penalti yoxdur, davam qərarı düzgündür:
" Amma bizdə, yəni Türkiyənin tanınmış futbol hakimlərinin açıqlamaları, dünyanın çox önəmli futbol hakimlərinin açıqlamaları bu epizodu göstərdi və təkrar bizə məlumat verildi ki, bu penalti idi. topa toxunduqdan sonra Durana qarşı elə bir zərbə endirir ki, o zərbə fonunda futbolçunun zədə alma riski daha yüksək ola bilər. Yəni odur ki, həmin epizodu düzgün dəyərləndirmədilər və dünyanın hər ölkəsində bu epizoda penalti verilirdi. Çox təəssüf olsun ki, “Qarabağ”ı, bəlkə də, hakimlər həmin qərarla çempionluqdan etdilər. Bunu xüsusilə vurğulayıram. Yəni bu gün “Qarabağ” elə bir futbol oynayır ki, sabah hakimlərin dəstəyinə də ehtiyacı yoxdur. Çünki oynanan futbol bunu deyir.
Çempionatın marağını, intriqanı son turlara saxlamaq üçün hakim qərarları daha ədalətli olmalıdır. Amma qərarların bu formada təqdim edilməsi bizdə şübhəli məqamlar yaradır. Və bu şübhə də hamı tərəfindən birmənalı qarşılanır ki, hakimlər bilərəkdən səhv edirlər.
Odur ki, “Kəpəz” – “Qarabağ” matçında Kamilov-Duran epizodu penalti idi. Penalti idi, hətta ən açıq penaltilərdən biri idi. Yəni bu epizoda penalti verməmək istər-istəməz hakim səhvlərini, hakim qərarlarının ədalətini şübhə altına almış olur. Bu da hakimlik adına böyük fiasko olur".
Fatimə
15:45 27.03.2026
Oxunuş sayı: 489