Pakistanın vasitəçilik təşəbbüsü - sülhə aparan yol, yoxsa simvolik addım?
Pakistan Yaxın Şərqdə artan gərginliyin azaldılması istiqamətində diplomatik təşəbbüslərlə çıxış edərək, beynəlxalq dialoqa töhfə verməyə hazır olduğunu bəyan edib.
Ölkənin Baş naziri Şahbaz Şərif sosial platformada yaydığı açıqlamada bildirib ki, Pakistan regionda sülh və sabitliyin təmin olunması naminə aparılan danışıqları dəstəkləyir və tərəflər arasında konstruktiv müzakirələr üçün öz platformasını təqdim etməyə hazırdır.
Mövcud vəziyyət Yaxın Şərq regionunda hərbi toqquşmaların genişlənməsi fonunda daha da mürəkkəbləşib. ABŞ və İran arasında qarşıdurmanın dərinləşməsi, eləcə də İsrail faktorunun proseslərə aktiv şəkildə qoşulması regionda təhlükəsizlik mühitini ciddi şəkildə sarsıdıb.
Bu kontekstdə Pakistanın vasitəçilik təşəbbüsü mümkün diplomatik həll yollarının axtarışı baxımından diqqətçəkən addım kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin professoru Sabir Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"ABŞ-İsrail-İran xəttində mümkün müharibə ssenarisi bütün region dövlətlərini ciddi şəkildə narahat edir. Məlumdur ki, Yaxın Şərqdə baş verən hər hansı silahlı qarşıdurma təkcə regional deyil, həm də qlobal iqtisadiyyata təsir göstərir.

Müharibənin genişlənməsi, alovlanaraq digər ölkələrə yayılması ehtimalı isə vəziyyəti daha da riskli edir. Bu reallıq region ölkələrini və onların rəhbərlərini aktiv mövqe tutmağa, mümkün eskalasiyanın qarşısını almaq üçün diplomatik səyləri artırmağa məcbur edir.
Bu kontekstdə uzun müddətdir ki, Türkiyə rəhbərliyi vasitəçilik təşəbbüsləri ilə çıxış edir və qarşıdurmanın qarşısını almağa çalışır.
İlkin mərhələdə isə Oman da bu prosesdə vasitəçi rolunu üzərinə götürərək, bir neçə görüşə ev sahibliyi etmişdi. Lakin müharibə riski artdıqca və vəziyyət kəskinləşdikcə, digər regional aktorlar da prosesə qoşulmağa məcbur oldular.
Xüsusilə, Pakistan rəhbərliyi qonşuluğunda baş verən bu təhlükəli prosesə təsir göstərmək, tərəfləri danışıqlar masasına qaytarmaq istiqamətində bir sıra təşəbbüslərlə çıxış edib.
Müşahidə olunan odur ki, müəyyən mənada ABŞ və İran arasında dialoq ehtimalına dair ilkin işartılar yaranıb. Bununla belə, danışıqların mümkünlüyü məsələsi kifayət qədər mürəkkəb olaraq qalır.
Çünki tərəflər arasında ciddi etimadsızlıq mövcuddur: İran ABŞ-ı vaxt udmaqda ittiham edir, ABŞ isə İranı qeyri-konstruktiv mövqe sərgiləməkdə və danışıqları süni şəkildə uzatmaqda günahlandırır.
Belə şəraitdə vasitəçilərin rolu xüsusi əhəmiyyət kəsb edir. Onlar tərəflərin mövqelərini öyrənərək qarşılıqlı şəkildə ötürür, müəyyən mənada kommunikasiya körpüsü funksiyasını yerinə yetirirlər.
Türkiyənin fəallığı fonunda Səudiyyə Ərəbistanı və Pakistanın da bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərdiyi bildirilir. Pakistan rəsmiləri də təsdiqləyirlər ki, onlar ABŞ və İran nümayəndələri arasında informasiya vasitəçisi kimi çıxış edirlər.
İranın Pakistanı müsbət qarşılaması da diqqətəlayiqdir. Çünki bu iki ölkə arasında münasibətlər strateji baxımdan ciddi ziddiyyətlərlə müşayiət olunmur.
Eyni zamanda, Pakistanın ABŞ ilə də müəyyən əlaqələrinin mövcudluğu onu potensial vasitəçi kimi daha əlverişli edir. Bu baxımdan ABŞ rəhbərliyi də müəyyən dərəcədə belə bir “körpü”nün formalaşmasında maraqlı görünür.
Bununla yanaşı, Pakistanın öz milli maraqları da bu prosesdə mühüm rol oynayır. Qonşuluğunda baş verən genişmiqyaslı müharibə riskinin qarşısını almaq onun üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən İslamabad mümkün qədər aktiv rol oynamağa çalışır.
Son məlumatlara görə, Pakistan tərəfi bu istiqamətdə səylərin davam etdiyini bildirir.
Eyni zamanda, mediada İran parlamenti rəhbərliyinə aid olduğu iddia edilən təyyarənin İslamabada enməsi barədə xəbərlər yayılsa da, bu məlumatlar rəsmi şəkildə təsdiqini tapmayıb.
ABŞ prezidenti də Pakistan xətti üzrə müəyyən diplomatik canlanmanın müşahidə olunduğunu qeyd edib.
Digər tərəfdən, İran prezidenti Məsud Pezeşkian Türkiyə rəhbərliyinə vasitəçilik təşəbbüslərinə görə təşəkkürünü ifadə edib.
Bu da göstərir ki, Ankara prosesdə fəal rol oynamaqda davam edir və münaqişənin genişlənməsinin qarşısını almağa yönəlmiş səylər beynəlxalq səviyyədə müəyyən qiymətləndirmə qazanır.
Ümumilikdə, mövcud vəziyyət onu göstərir ki, regionda diplomatik aktivlik artsa da, tərəflər arasında dərin etimadsızlıq qalmaqdadır və bu da danışıqlar prosesini olduqca həssas və mürəkkəb edir".
Elmir Heydərli
11:32 26.03.2026
Oxunuş sayı: 70