İran siyasətində yeni ad - ABŞ-ın diqqəti niyə Qalibafdadır?
ABŞ-İran münasibətlərinin gərgin fonunda diqqət çəkən yeni bir istiqamət formalaşır.
“Politico” nəşrinin yaydığı məlumata görə, Donald Trump administrasiyası hərbi təzyiq strategiyasından tədricən uzaqlaşaraq, diplomatik manevrlərə üstünlük verməyə başlayır.
Bu kontekstdə İran siyasi səhnəsində mühüm fiqurlardan biri olan Məhəmməd Bağır Qalibaf potensial tərəfdaş, hətta mümkün gələcək lider kimi diqqət mərkəzinə gətirilir.
Beləliklə, Vaşinqtonun yeni yanaşması yalnız regiondakı qüvvələr balansını deyil, həm də İranın daxili siyasi dinamikasını yenidən formalaşdıra biləcək əhəmiyyətli siqnallar verir.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İran rejiminin başında bu şəxsin dayanması real görünmür. Bunun əsas səbəbi odur ki, ölkədə əsas hakimiyyət hələ də dini elitanın və SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) əlində cəmləşib.
Bu şəxs yalnız ruhanilərin və SEPAH-ın razılığı çərçivəsində müəyyən proseslərdə, o cümlədən danışıqlarda iştirak edə bilər.
Bu isə o demək deyil ki, o, İranın faktiki rəhbəridir. Xeyr, belə deyil. O, sadəcə danışıqlar aparmaq səlahiyyəti olan fiqurlardan biri kimi çıxış edə bilər.
Bununla yanaşı, onun müəyyən nüfuzu, əlaqələri və dəstək gördüyü çevrələr də mövcuddur. Bu dəstək müəyyən hallarda həm ruhani dairələrdən, həm də SEPAH daxilindən gələ bilər.
Onun guya MKİ agenti olması ilə bağlı iddialar isə inandırıcı görünmür.
Ümumiyyətlə, dövlətlər – hətta bir-birinə rəqib və ya düşmən olan ölkələr belə – qarşı tərəfdə daha uyğun, daha çevik və ya dialoqa açıq hesab etdikləri şəxslərlə münasibətlər qurmağa çalışırlar.
Bu, diplomatik praktikada geniş yayılmış yanaşmadır və müəyyən mənada “körpü”lərin yaradılması kimi qiymətləndirilə bilər.
Bu münasibətlərin hansı səviyyəyə qədər inkişaf etdiyi və hansı çərçivədə davam etdiyi isə konkret hallardan asılıdır və bunu dəqiq şəkildə qiymətləndirmək çətindir.
Müxtəlif istiqamətlərdə, o cümlədən Qarabağ məsələsi kontekstində də müəyyən əlaqələrin qurulduğu müşahidə olunur.
Görünür, həmin şəxs müəyyən baxımdan ABŞ üçün uyğun hesab edildiyi üçün onun adı bu kontekstdə tez-tez hallandırılır".
Elmir Heydərli
11:10 26.03.2026
Oxunuş sayı: 66