İranla müharibədə sürpriz fiqur ortaya çıxır: Yaxın Şərqdə nə baş verəcək?
ABŞ-də Donald Tramp administrasiyasının İrana qarşı yeritdiyi siyasətdə yeni fiqurlar və fərqli diplomatik gedişlər ön plana çıxmağa davam edir. Xüsusilə, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın rəsmi Vaşinqton tərəfindən mümkün danışıqlar tərəfdaşı və potensial lider kimi nəzərdən keçirilməsi Ağ Evin Tehrandakı güc mərkəzləri arasında manevr etmək cəhdi kimi qiymətləndirilir. Lakin bu cür strateji addımlar həm İranın mürəkkəb daxili siyasi iyerarxiyasında, həm də ikitərəfli münasibətlərin gələcəyində ciddi suallar doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, ABŞ-nin Məhəmməd Bağır Qalibaf kimi fiqurlara yönəlməsi İranın daxili siyasi reallıqları ilə tam uzlaşmaya bilər:

"İran daxilində ən nüfuzlu və daha dünyəvi xətti təmsil edən fiqur Məsud Pezeşkian hesab olunur. Qalibaf isə daha çox mövcud sistemin davamlılığını qorumağa çalışan xətti təmsil edir. Bu baxımdan ABŞ-nin seçimləri İranın daxili dinamikası ilə ziddiyyət təşkil edə bilər".
Politoloq qeyd edib ki, ABŞ administrasiyası regionda güc balansını dəyişmək üçün müxtəlif ssenariləri nəzərdən keçirsə də, İranın siyasi sistemi xarici təsirlərə qarşı kifayət qədər dayanıqlıdır: "Rəsmi Vaşinqtonda bəzən belə hesab edirlər ki, müəyyən fiqurlar üzərindən təsir mexanizmi qurmaq mümkündür. Lakin İranın siyasi sistemi bu cür yanaşmalara qarşı immunitet formalaşdırıb".
Onun fikrincə, Donald Tramp administrasiyasının daha praqmatik hesab edilən fiqurlara yönəlməsi müəyyən mənada yeni yanaşma kimi qiymətləndirilə bilər, lakin bu, münasibətlərdə fundamental dönüş anlamına gəlmir:
"Tramp müharibənin ilk günlərində İrana qarşı sərt ritorika sərgiləyərək qələbə və kapitulyasiya tezislərini irəli sürürdü. Belə yanaşma fonunda hansısa fiqur üzərindən yeni razılaşma əldə etmək cəhdləri real nəticə verməyə bilər".
Nigar Yahyazadə
14:18 25.03.2026
Oxunuş sayı: 56