Enerji təhlükəsizliyi cəbhəsində gərginlik: Hörmüz boğazı kimin nəzarətində olacaq?
Bu gün beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi və strateji su yollarına nəzarət məsələsi xüsusi aktuallıq kəsb edir. Xüsusilə, Yaxın Şərq regionunda yerləşən və qlobal neft daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz boğazı ətrafında baş verən hadisələr dünya güclərinin diqqət mərkəzindədir. Bu kontekstdə Donald Tramp tərəfindən səsləndirilən sərt bəyanatlar vəziyyətin nə qədər həssas və potensial riskli olduğunu göstərir. ABŞ-nin İran ilə münasibətləri fonunda verilən bu açıqlamalar həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik baxımından mühüm müzakirələrə səbəb olur.
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a danışıb: "Dünyanın istənilən bir bölgəsində terrorçu ünsürlərə qarşı mübarizə, onların məhv edilməsi həmin bölgəyə nə qədər fayda verə bilər? Əlbəttə, sabitlik. Ağ Ev rəhbəri Donald Tramp da dolayısı ilə bu sualı ritorik qaydada ona görə ortaya atır və eyni zamanda beynəlxalq ictimai rəyə İrandakı rejimin terrorçu ünsürlərdən ibarət, terrorçu bir rejim olduğunu diqqətə çatdırmaqla Donald Tramp İrana qarşı hərbi əməliyyatların keçirilməsinə haqq qazandırmağa çalışır".

Politoloqun sözlərinə görə, ABŞ bu addımını legitimləşdirməyə çalışır və dolayısı ilə beynəlxalq ictimaiyyətə bu fikir ötürülür ki, İrandakı terrorçu rejimi ABŞ-nin ifadəsi ilə desək məhv etsək, Yaxın Şərqdə sabitlik olacaq: "Əsas məqsəd ABŞ və İsrailin birgə addımlarına haqq qazandırmaq və legitimləşdirməkdir. Bununla bağlı ABŞ-la razılaşmayan NATO üzrə müttəfiqləri var və məhz bu səbəbdən ABŞ-a birmənalı olaraq hərbi dəstək vermək istəmirlər. Bildirilib ki, Donald Tramp Hörmüz boğazının açılması üçün NATO üzrə müttəfiqlərdən yardım istəyib, lakin bu yardıma kimsə müsbət yanaşmayıb. Ona görə ki, bu qərar – İrana hərbi müdaxilə qərarı veriləndə nə NATO, nə də heç bir NATO üzvü ilə məsləhətləşilməyib və birgə qərar qəbul olunmayıb. O baxımdan digər NATO üzvləri bu müharibəni öz müharibələri saymırlar".
Natiq Miri vurğulayıb ki, bu cür problemlər mövcuddur və əslində, bu qüvvələrin İran ətrafına cəlb olunmasının bir məqsədi də bu hərbi müdaxilənin legitimləşdirilməsinə cəhddir: "Bu, müttəfiqlərlə məsuliyyəti bölüşmək istəyidir. NATO-nun digər üzvləri bunu çox yaxşı anlayır və verilən açıqlamalar da məhz bu istəklərə xidmət edir. ABŞ-nin haqlı olduğunu dünyaya göstərmək və nəticə etibarilə, əgər bu rejim məhv edilərsə, regiona sabitlik gələcəyini insanlara çatdırmaq əsas məqsəddir. Bu cür ritorik sualların cavabı əvvəlcədən bəllidir və beynəlxalq ictimaiyyətə yönləndirilmiş mesaj xarakteri daşıyır. Bu açıqlamaların ABŞ–İran münasibətlərinə ciddi təsir edəcəyini düşünmək doğru deyil. Çünki faktiki olaraq iki dövlət arasında müharibə şəraiti mövcuddur və münasibətlərin bundan daha da kəskinləşməsi gözlənilmir. Bununla yanaşı, Donald Trampın tez-tez və bəzən bir-birinə zidd açıqlamalar verməsi də bu cür bəyanatların təsir imkanlarını məhdudlaşdırır".
Mehriban Yariyeva
13:02 23.03.2026
Oxunuş sayı: 53