NATO hazır vəziyyətə gətirilir: Yaxın Şərqlə bağlı sürpriz
Son dövrlərdə NATO-nun Türkiyənin cənub bölgələrində, xüsusilə Adana və İncirlik hərbi bazası ətrafında əlavə "Patriot" hava hücumundan müdafiə sistemləri yerləşdirməsi regionda dəyişən təhlükəsizlik dinamikasının mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Yaxın Şərqdə artan gərginlik, regional münaqişələrin miqyasının genişlənməsi və hava məkanına qarşı mümkün təhdidlərin çoxalması fonunda bu addım həm Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi, həm də NATO-nun kollektiv təhlükəsizlik strategiyasının praktiki tətbiqi kimi diqqət çəkir. Xüsusilə İncirlik bazasının strateji mövqeyi nəzərə alındıqda, bu yerləşdirmələrin yalnız müdafiə məqsədi daşımadığı, eyni zamanda ABŞ və NATO-nun regiondakı hərbi və logistika aktivlərinin qorunmasına xidmət etdiyi barədə müxtəlif qiymətləndirmələr ortaya çıxır. Bununla yanaşı, Malatyadan sonra Adanada da “Patriot” sistemlərinin yerləşdirilməsi Türkiyənin cənub-şərq sərhədlərində hava hücumundan müdafiə boşluqlarının nə dərəcədə aradan qaldırılması və bu müdafiə xəttinin tamlıq səviyyəsi ilə bağlı sualları da aktuallaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə bildirib ki, Türkiyənin NATO çərçivəsində hava hücumundan müdafiə sistemlərini gücləndirməsi strateji baxımdan düzgün və məqsədəuyğun addımdır. Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız texniki deyil, eyni zamanda siyasi və strateji əhəmiyyət daşıyır:

"Hesab edirəm ki, Türkiyənin öz ərazisində NATO ilə iş birliyi çərçivəsində hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi çox düzgün addımdır. Aydındır ki, Türkiyə öz imkanları ilə hava məkanını kifayət qədər effektiv qoruya bilər. Lakin NATO ilə əməkdaşlıq bu prosesin həm effektivliyini artırır, həm də siyasi baxımdan əhəmiyyətini gücləndirir. Bu tip sistemlərin yerləşdirilməsi NATO-Türkiyə əməkdaşlığının aktuallığını daim gündəmdə saxlayır və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir. Təhlükəsizlik təhdidləri qarşısında birgə müdafiə mexanizmlərinin tətbiqi münaqişə risklərinin azaldılmasına xidmət edir. Bu təhlükələr NATO infrastrukturu vasitəsilə aradan qaldırıldıqca, Türkiyənin NATO ilə daha sıx tərəfdaşlığının nəticələri daha aydın görünür. Eyni zamanda bu, Türkiyənin münaqişəyə cəlb olunmasının qarşısının alınması baxımından da əhəmiyyətlidir".
H. Mirzə vurğulayıb ki, "Patriot" sistemlərinin Türkiyədə yerləşdirilməsi həm də ABŞ üçün müəyyən texnoloji və strateji sınaq imkanları yaradır. Onun sözlərinə görə, bu sistemlərin real şəraitdə effektivliyinin yoxlanılması ABŞ hərbi sənayesi üçün praktik əhəmiyyət daşıyır:
"Patriot" sistemlərinin yerləşdirilməsi hava hücumundan müdafiə infrastrukturunu gücləndirməklə yanaşı, ABŞ üçün də maraqlıdır. Bu sistemlərin real mühitdə sınaqdan keçirilməsi onların effektivliyini qiymətləndirmək baxımından əhəmiyyətlidir. Bu baxımdan prosesdə qarşılıqlı maraqlar mövcuddur".
O, əlavə edib ki, bu cür əməkdaşlıq yalnız Türkiyə üçün deyil, region ölkələri üçün də təhlükəsizlik mühitinin formalaşmasına təsir göstərə bilər. Ekspertin fikrincə, oxşar mexanizmlərin gələcəkdə digər regionlarda da tətbiqi mümkün ola bilər və bu, geniş geosiyasi dəyişikliklərin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Nigar Yahyazadə
12:31 23.03.2026
Oxunuş sayı: 1846