ABŞ üçün quru əməliyyatının alternativi yoxdur?
ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları Ağ Evin Yaxın Şərqdəki hərbi strategiyasının və diplomatik manevrlərinin mahiyyətini yenidən gündəmə gətirib. Rəsmi Vaşinqtonun hərbi zərbələr zamanı İranın enerji infrastrukturunu və həyati əhəmiyyətli obyektlərini hədəf almaması tərəflər arasındakı gərginliyin sadəcə hərbi müstəvidə deyil, həm də dərin iqtisadi və strateji hesablamalar üzərində qurulduğunu göstərir. Bu yanaşma münaqişənin qlobal enerji böhranına çevrilməməsi üçün atılan bir addım kimi görünsə də, Tehranın hələ də rəsmi razılaşmaya hazır olmaması regionun gələcək taleyi ilə bağlı sualları artırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun əməkdaşı, dosent Şölət Zeynalov fikrincə, davam edən münaqişənin gedişi göstərir ki, İran gözlənildiyi qədər zəif tərəf deyil və proses artıq regional çərçivəni aşaraq daha geniş miqyas almaqdadır.

Onun sözlərinə görə, ABŞ və İsrailin ilkin gözləntilərinə baxmayaraq, İran daxilində ciddi daxili parçalanma baş verməyib, əksinə, xarici müdaxilə fonunda cəmiyyət daha çox səfərbər olunub: "Bu isə münaqişənin qısa müddətdə rejim dəyişikliyi ilə nəticələnəcəyi ilə bağlı proqnozları doğrultmayıb. ABŞ-nin hərbi əməliyyatlar zamanı İranın neft infrastrukturu və digər həyati obyektlərini hədəf almaması təsadüfi deyil. Bu, ilk növbədə münaqişənin nəzarətdən çıxaraq qlobal böhrana çevrilməsinin qarşısını almağa yönəlmiş addımdır. Rəsmi Vaşinqton anlayır ki, enerji infrastrukturuna zərbə həm regionda, həm də dünya iqtisadiyyatında ciddi sarsıntılara səbəb ola bilər",- deyə o qeyd edib.
Ş. Zeynalov əlavə edib ki, İranın geniş coğrafiyası və strateji dərinliyi nəzərə alındıqda, yalnız hava zərbələri ilə həlledici nəticə əldə etmək çətindir: "Bu baxımdan, ABŞ üçün quru əməliyyatları olmadan tam qələbə perspektivi real görünmür. İranın razılaşmaya hazır olmaması da münaqişənin uzanmasına səbəb olan əsas amillərdən biridir. Tehran bu prosesi yalnız hərbi deyil, həm də ideoloji mübarizə kimi qiymətləndirir və bu səbəbdən geri addım atmaq niyyətində deyil. Hazırkı vəziyyət göstərir ki, tərəflər yaxın müddətdə özlərini qalib elan etməyə çalışsalar da, real nəticə əldə olunmayıb. Münaqişənin davam etməsi isə xüsusilə enerji bazarlarına və qlobal iqtisadiyyata ciddi təsir göstərmək potensialına malikdir. Hörmüz boğazı ətrafında yaranan gərginlik dünya enerji təchizatının mühüm hissəsini risk altına alır. Bu isə beynəlxalq bazarlarda qiymət dalğalanmalarını daha da gücləndirə bilər".
Ekspert sonda vurğulayıb ki, mövcud şəraitdə yeganə real çıxış yolu diplomatik kanalların aktivləşdirilməsi, tərəflər arasında dialoqun bərpasıdır və münaqişənin hərbi yolla həlli nə regional sabitlik, nə də qlobal təhlükəsizlik baxımından effektiv perspektiv vəd edir.
Nigar Yahyazadə
11:52 19.03.2026
Oxunuş sayı: 70