Yaxın Şərq "xəmiri çox su aparacaq"
Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə ABŞ senatoru Kris Merfinin administrasiyanın münaqişəyə nəzarəti itirməsi ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq müzakirələrə səbəb olub. Regionda baş verən son hadisələr göstərir ki, hərbi əməliyyatların gedişi əvvəlcədən planlaşdırıldığı kimi inkişaf etmir və tərəflər üçün gözlənilməz nəticələr doğurur. Bu isə ABŞ-ın strateji hesablamalarının nə dərəcədə real olduğu məsələsini yenidən gündəmə gətirir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda İranın sərt cavab tədbirləri rəsmi Vaşinqton tərəfindən tam gözlənilməyib: "İranın Ərəb ölkələrinə cavab zərbələri endirməsi, ABŞ-nin regiondakı hərbi bazalarını hədəfə alması və Hörmüz boğazında nəzarəti gücləndirməsi proseslərin Amerikanın istədiyi istiqamətdə getmədiyini göstərir.
Ekspert qeyd edib ki, hətta İranın ali rəhbərliyinə qarşı təzyiqlərə baxmayaraq, ölkədə mövcud siyasi sistem öz mövqelərini qoruyub saxlayır. Hazırkı mərhələdə münaqişədə aydın qalib tərəf yoxdur. İsraildə də dağıntılar var, ABŞ-nin regiondakı hərbi bazaları zərər görür, İran da itkilərlə üzləşir. Yəni müharibə bütün tərəflər üçün ciddi nəticələr doğurur".
Onun fikrincə, hərbi əməliyyatların yaxın həftələrdə davam edəcəyi gözlənilir və yalnız bundan sonra vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi daha aydın olacaq: "İranın raket və hərbi resursları uzunmüddətli müharibə aparmaq üçün kifayət olmadığından ABŞ uzunmüddətli perspektivdə üstünlük əldə edə bilər. Lakin quru əməliyyatlarının başlaması daha genişmiqyaslı müharibəyə səbəb olacaq. Mövcud vəziyyət ABŞ-nin İranın reaksiyasını tam düzgün qiymətləndirmədiyini göstərir və bu da münaqişənin daha mürəkkəb mərhələyə keçməsinə səbəb olur".
Nigar Yahyazadə
14:11 18.03.2026
Oxunuş sayı: 78