Novruzun "Qaynar Nöqtəsi": 8-ci Kilometr Bazarından - Reportaj
Bayram alış-verişi üçün Bakının ən ucuz və ən izdihamlı yeri sayılan "8-ci kilometr" bazarında iynə atsan yerə düşməz. Mən də bazara üz tutanlardan biriyəm. Hələ bayrama 3-4 gün qalmasına baxmayaraq, insanlar artıq əsas tədarükü görməyə başlayıblar. Hər tərəf un, şəkər tozu, yağ və təbii ki, çərəz kisələri ilə doludur.
Bazarın girişində bizi birinci göyərti cərgəsi qarşılayır. Xanım satıcılar cəld hərəkətlərlə nanə, reyhan və kəvəri dəstələyirlər. Novruz süfrəsinin əsas atributu olan göyərtilərin bir dəstəsi hazırda 30-40 qəpikdir. Amma satıcılar deyir ki, bayram günü yaxınlaşdıqca bəzilərinin misal üçün tərxun, kahı vs göyərti növlərinin qiymətinin 50-60 qəpikdən də daha yüksək olma ehtimalı böyükdür.
Bir az irəlidə tərəvəz piştaxtaları düzülüb. Şəkillərdən də göründüyü kimi, pomidorlar sanki ipə düzülüb. Qırmızı, iri pomidorların kilosu 3 manatdan başlayır, daha xırdalarını 2 manata da tapmaq olar. Xiyar isə 2.50 – 3.50 manat arası dəyişir.

Meyvə bölməsində rəngarənglik göz oxşayır. Almanın kilosu növündən asılı olaraq 1.50 – 2.50 manatdır. Armudlar bir az bahadır, 2.50 – 4 manat arası qiymət qoyulub. Portağal və naringi isə mövsümü bitmək üzrə olduğu üçün 2.50 manatdan aşağı tapılmır.
Və gəldik bazarın ən bahalı hissəsinə — çərəzlərə. Burada "Novruz xonçası"nın büdcəsi müəyyənləşir. Piştaxtalarda qoz və fındıq dağ kimi yığılıb. Qoz ləpəsinin kilosu keyfiyyətinə görə 14 manatdan başlayır, 22 manata qədər qalxır. İri, ağ ləpə axtarırsınızsa, cibinizdən ən azı 18-20 manat çıxmalıdır.
Fındıq ləpəsi qozla müqayisədə bir az münasibdir — kilosu 11-15 manatdır. Badam ləpəsinin qiyməti isə sabitdir, 16-20 manat arası dəyişir. Satıcılar müştəriyə hər ləpədən dadızdırıb, "vallah, builki məhsuldur" deyərək malını tərifləyirlər. Quru meyvələr də bayramın vazkeçilməzidir. Kişmişin kilosu 7 manatdan başlayır, qara, iri "damas" kişmişləri isə 12-14 manatdır. Qurudulmuş ərik və alça turşusu isə 8-12 manat arasıdır. İnsanlar daha çox qarışıq şəkildə, hərəsindən bir az almağa üstünlük verirlər.

Fotoların birindən də gördüyümüz kimi, bazarın içində hər şey qarışıqdır. Bir tərəfdə qida satılırsa, bir addımlıqda plastik qablar, vedrələr və ev ləvazimatları düzülüb. Bayram qabağı "bahar təmizliyi" üçün lazım olan süpürgə, təmizlik vasitələri də çox satılanlar sırasındadır.
Yağ və un piştaxtalarında da canlanma var. Şəkərbura və paxlava üçün xüsusi unların 5 kiloluq kisələri 6-8 manat arasıdır. Kərə yağlarının qiyməti isə mənşəyindən asılı olaraq 14 manatdan 22 manata qədər dəyişir. Alıcılar daha çox çəki ilə satılan "kənd yağı"na maraq göstərirlər.
Bazarın dar keçidlərində hərəkət etmək çətindir. İnsanlar iri paketlərlə, arabalarla mallarını daşıyırlar. "Yol verin", "diqqətli olun" sədaları altında hər kəs bir tərəfə qaçır. Bazarın bu xaotik ab-havası əslində bayramın gəlişinin ən böyük göstəricisidir.
Dəniz məhsulları tərəfdə də hərəkətlilik var. Qurudulmuş balıqlar və konservləşdirilmiş məhsullar xüsusilə cənub zonasından olan müştərilərin diqqətindədir. Kütümün qiyməti ölçüsünə görə 10-15 manatdan başlayır.

Qiymətlərlə bağlı alıcıların rəyi müxtəlifdir. Kimi deyir ki, supermarketlərlə müqayisədə burada 20-30% qənaət etmək olur, kimi də qiymətlərin ötən illə müqayisədə kəskin artmasından şikayətlənir. Amma hamının ortaq fikri budur ki, ən təzə məhsul elə buradadır.
Bazarın mərkəzindəki "Kafe" və çayxanalar da boş deyil. Alış-verişdən yorulanlar bir stəkan pürrəngi çay içib nəfəs dərirlər. Buradakı dialoqlar isə ancaq qiymətlər və bayram hazırlığı barədədir. "Fındığı neçəyə aldın?", "O tərəfdə kartof ucuzdur" kimi söhbətlər hər küncdə eşidilir.
Satıcıların da vəziyyəti maraqlıdır. Onlar üçün bu bir neçə gün ilin ən gəlirli dövrüdür. Səhər saat 7-dən axşam qaranlıq düşənə qədər ayaq üstədirlər. Yorğun olsalar da, satışın bol olması üzlərini güldürür.
Beləliklə, "8-ci kilometr" bazarı Novruz öncəsi öz missiyasını yerinə yetirir: şəhəri ərzaqla təmin edir. Qiymətlər çox da ucuz olmasa da xalqın bayram sevinci və tədarük həvəsi hər şeyin fövqündədir. Bayram süfrəsi boş qala bilməz!
Bayramınızı mübarək!
Elmir Heydərli
16:00 17.03.2026
Oxunuş sayı: 53