ABŞ geri çəkilir? - Suriyada diqqət çəkən hərbi dəyişikliklər
Suriyanın şimal-şərqində baş verən hərbi dəyişikliklər regionda diqqət çəkən siyasi və strateji dönüş nöqtəsi kimi qiymətləndirilir.
Həsəkə vilayətində yerləşən Ər-Rumeylan hərbi bazasının ABŞ ilə koordinasiya çərçivəsində Suriya ordusuna təhvil verilməsi yalnız hərbi manevr deyil, həm də bölgədəki qüvvələr balansının yenidən formalaşmasına işarə edir.
Bu hadisə ABŞ və Dəməşq arasında müəyyən əməkdaşlıq səviyyəsinin mövcud olduğunu göstərməklə yanaşı, Suriyanın şimal-şərqində strateji ərazilər üzərində nəzarətin bərpasına yönəlmiş daha geniş siyasi və iqtisadi proseslərin də bir hissəsidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ nəzarətində olan bazaların Suriya ordusu tərəfindən mərhələli şəkildə təhvil alınması artıq bir müddətdir ki, davam edir:

"Fevral ayında ABŞ qoşunları Ət-Tanf hərbi bazasını, daha sonra isə Suriyanın əsas enerji resurslarından biri olan Eş-Şəddadi bazasını Suriya ordusuna təhvil verib. Hazırda isə Ər-Rumeylan bazasının nəzarətə keçməsi Vaşinqton və Dəməşq arasında müəyyən razılaşmanın mövcud olduğunu göstərir".
Onun sözlərinə görə, bu bazaların ABŞ ilə koordinasiyalı şəkildə təhvil alınması regionda dəyişən siyasi və hərbi reallıqların əyani göstəricisidir:
"Suriyada hakimiyyət strukturu əvvəlki illərlə müqayisədə daha transformasiya olunmuş vəziyyətdədir. Mərkəzi hakimiyyətin əsas məqsədi ölkənin parçalanmasının qarşısını almaq və strateji ərazilər üzərində nəzarəti bərpa etməkdir.
Ər-Rumeylan bazasının strateji əhəmiyyəti isə onun yerləşdiyi coğrafiya ilə bağlıdır. Həsəkə vilayətində, ölkənin əsas neft və qaz yataqlarına yaxın mövqedə yerləşən baza yalnız hərbi deyil, həm də iqtisadi təsir baxımından mühümdür.
Bundan əlavə, bu ərazi uzun müddət Suriya Demokratik Qüvvələri və ABŞ arasında əməkdaşlıq zonası kimi çıxış edib. Dəməşqin bu bölgədə daha aktiv rol alması tərəflər arasında müəyyən səviyyədə maraq uzlaşmasını göstərir".
Politoloq bildirib ki, bu hadisə qüvvələr balansına çoxşaxəli təsir göstərir.
"Mərkəzi hakimiyyətin şimal-şərqdə mövqelərinin güclənməsi ölkə daxilində siyasi konsolidasiya üçün addım hesab oluna bilər. Eyni zamanda ABŞ bölgədə tam çəkilmədən təsir imkanlarını qoruyur və yeni güc balansında mövqeyini saxlayır",- deyə o qeyd edib.
Y.Bağırzadə vurğulayıb ki, bu dəyişiklik regional aktorların, xüsusilə Türkiyə və İranın davranışına da təsir göstərir. Türkiyə sərhədləri boyunca kürd silahlı strukturlarının zəiflədilməsini, İran isə Suriyada təsirini qorumağı hədəfləyir.
"Zənnimcə, baş verənləri ABŞ və Suriya arasında yeni strateji ittifaqın başlanğıcı kimi qiymətləndirmək hələ tezdir. Daha real yanaşma ondan ibarətdir ki, tərəflər müəyyən məqamda üst-üstə düşən maraqlar çərçivəsində taktiki əməkdaşlığa gedirlər. Bu isə gələcəkdə daha geniş siyasi dialoqa zəmin yarada bilər", – deyə, politoloq əlavə edib.
Nigar Yahyazadə
15:34 17.03.2026
Oxunuş sayı: 123