ABŞ Yaxın Şərqdə "at oynadır": İrana qarşı quru əməliyyatları başlaya bilər
"Axios" portalı amerikalı rəsmilər arasından olan mənbələrə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasındakı neft infrastrukturunun nəzarətə götürülməsi üzrə hərbi əməliyyatın keçirilməsi variantını nəzərdən keçirir.
Onların məlumatına görə, Ağ Ev administrasiyasının rəhbəri İranın Xarq adasında yerləşən əsas neft anbarını ələ keçirmək imkanını təhlil edir. Materialda qeyd olunub ki, bu planın həyata keçirilməsi ABŞ tərəfindən quru hərbi əməliyyatının aparılmasını tələb edəcək.
Portal bildirib ki, dövlət başçısı əgər tanker gəmiçiliyi Fars körfəzi akvatoriyasında bloklanmış vəziyyətdə qalmaqda davam edərsə, belə bir addım atmağa qərar verə bilər.
Portalın həmsöhbətlərindən birinin qeyd etdiyinə görə, Amerika Prezidenti hesab edir ki, ada infrastrukturu üzərində nəzarətin yaradılması Tehranı öz gəlirlərinin əhəmiyyətli hissəsindən məhrum etməyə imkan verəcək. Nəşrdə həmçinin göstərilib ki, Vaşinqton İranın regiondakı qonşu dövlətlərin neft obyektlərinə endirə biləcəyi mümkün cavab zərbələrindən narahatdır.
"Burada həm əhəmiyyətli risklər, həm də ciddi faydalar mövcuddur. Prezident bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib və biz onun bu addımı atacağını iddia etmirik", - portal öz mənbəsinin sözlərindən sitat gətirib.
Daha əvvəl ABŞ Xarq adasında İranın 90 hərbi hədəfini məhv etmişdi. ABŞ-nin bu addımları təbii ki, vəziyyəti daha da çətinləşdirir və kompromis imkanlarını azaldır.
Politoloq Məhəmməd Əsədullazadə mövcud mənzərə barədə Crossmedia.az-a danışıb:
"ABŞ-nin diqqətinin İranla müharibəyə yönəlməsi Ukraynaya hərbi yardımların gecikdirilməsinə səbəb olur. Bundan istifadə edən Rusiya Ukrayna cəbhəsində hərbi təzyiqləri artırmağa çalışır. Lakin Ukrayna artıq kifayət qədər möhkəm müdafiə mövqeləri formalaşdırıb və Rusiyanın quru qoşunları ilə ciddi irəliləyiş əldə etməsi real görünmür.
Əgər ABŞ İrana qarşı quru əməliyyatına başlasa, bu vəziyyət Çinin geosiyasi mövqeyinin daha da güclənməsinə səbəb ola bilər. Çünki belə bir əməliyyat ABŞ üçün uzunmüddətli və çətin müharibə deməkdir. Eyni zamanda Rusiyanın Ukraynada ilişib qalması qlobal güc balansında Çinin yüksəlişini daha da sürətləndirə bilər.
ABŞ-nin Rusiya–Ukrayna müharibəsində həlledici nəticə əldə etmədiyi bir mərhələdə İrana qarşı geniş hərbi əməliyyatlara başlaması Vaşinqtonun eyni vaxtda iki strateji cəbhədə ciddi çətinliklərlə üzləşməsi riskini artırır. ABŞ prezidenti Donald Tramp isə birbaşa olaraq İsrailin təhlükəsizliyini və regiondakı geosiyasi mövqelərini möhkəmləndirmək məqsədilə İrana qarşı hərbi addımları sürətləndirdi. Halbuki Rusiya-Ukraynaya müharibəsi davam etdiyi şəraitdə bu qərar riskli görünür".
O bildirib ki, ABŞ, həmçinin enerji və ticarət marşrutlarının təhlükəsizliyini qorumaq üçün Hörmüz boğazının açıq saxlanması məqsədilə NATO ölkələrini dəstəyə çağırır: "Digər tərəfdən Vaşinqton Rusiyanın tərəfdaşları sayılan Venesuela, Kuba və İran üzərinə siyasi və iqtisadi təzyiqi artırmaqla Moskvanın qlobal dayaqlarını zəiflətməyə çalışır. Paralel olaraq ABŞ iqtisadi və texnoloji rəqabət vasitəsilə Çinin gücünü balanslaşdırmağa çalışır.
Bununla belə, ABŞ-nin təkbaşına yeni qlobal siyasi nizam qurması real görünmür. Bu prosesdə həm Avropa İttifaqı, həm də NATO kimi müttəfiq strukturların rolu həlledici olaraq qalır".
16:15 16.03.2026
Oxunuş sayı: 51