Avropa İttifaqı Azərbaycanla birlikdə Cənubi Qafqazın sərhədlərinin intelektual idarəetməsində maraqlıdır
Şərq ilə Qərb arasında yerləşən Cənubi Qafqaz regionu bir sıra dövlətlərin sərhədi kimi tarix boyu müxtəlif xalqların birgə yaşadığı yer olmuşdur. Bu region əsrlər boyu İpək Yolu vasitəsilə dövlətlər arasında iqtisadi, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə öz töhvəsini verərək insanların burada rifah içində yaşamalarına şərait yaratmışdır.
Cənubi Qafqaz Avropa ilə əməkdaşlıq baxımından Asiya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir. Lakin, regionda son 30 ildə baş verən geosiyasi hadisələr burada yaşayan xalqların təhlükəsizlik və əmin-amanlığına təsir edərək davamlı sosial-iqtisadi inkişafa mane olmuşdur.
İkinci Qarabağ-Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər regionda yeni reallıq yaratdı, əsaslı inkişaf strategiyalarının müzakirəsi üçün yeni zəmin yaratdı.
Cari ilin mart ayının 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Prezident İlham Əliyevlə birgə mətbuata bayanatla çıxışı zamanı da ölkəmizin qarşılıqlı dialoqa və sıx əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyi vurğulanıb.
Prezident İlham Əliyevin çıxışı zamanı söylədiyi fikirlər də Azərbaycanın dünyamızın yenidən formalaşan siyasi arxitekturasında regionun inteqrasiyası üçün Avropa İttifaqı ilə nə dərəcədə fəal əməkdaşlıq etdiyini bir daha sübut etdi. Ölkə başçısının “Bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır” sözləri müsbət dinamika ilə inkişaf edən münasibətlərin bariz nümunəsidir.
Xüsusilə, 2022-ci ilin 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmiz Aİ üçün regionda əsas aktora çevrildi.
Bu gün Dördüncü Sənaye İnqilabının baş verməsi fonunda qlobal siyasi arxitektura sürətlə yenidən formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu arxitekturada təkcə enerji resurslarına sahib dövlət deyil, həm də qlobal təhlükəsizlik və sabitlik təminatçısı kimi çıxış edir. Aİ Şurasının Prezidentinin Bakıya səfəri göstərir ki, Brüssel Azərbaycanı Avrasiya məkanında söz sahibi olan, müstəqil xarici siyasət yürüdən və regional konfiqurasiyaları müəyyən edən əvəzolunmaz tərəfdaş kimi qəbul edir.
08 avqust 2025-ci il tarixində ABŞ-nin paytaxtı Vaşinqton şəhərində imzalanmış tarixi Bəyannamədən irəli gələrək Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı anlaşmanın qəbul olunması isə Avrasiya məkanında yeni nəqliyyat imkanları yaratmaqla Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin Azərbaycan-Aİ tərəfdaşlığını əməli dərəcədə möhkəmlənməsinə şərait yaradır.
Bu günə qədər Azərbaycan və Aİ arasında qurulan münasibətlər qarşılıqlı hörmətə və real nəticələrə söykənən səmərəli iş birliyi nümunəsidir. Enerji təhlükəsizliyi sahəsindəki "Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" layihələri bu əməkdaşlığın uğurlu bəhrələridir. Lakin, Prezident İlham Əliyevin vurğuladığı kimi, bu münasibətlər artıq mövcud çərçivələri aşaraq daha geniş sahələri əhatə etmək potensialına malikdir.
Ümumiyyətlə, görüş əsnasında toxunulan məsələlər göstərir ki, Aİ ilə tərəfdaşlığımız ənənəvi sahələrlə yanaşı, müasir dövrün çağırışlarına yönəlmiş bir sıra yeni istiqamətləri də ehtiva edə bilər.
Belə ki, bu gün davamlı inkişafın təmin edilməsində süni intellekt texnologiyalarının tətbiqi hər bir tərəf üçün ortaq maraq kəsb edir. Azərbaycan isə hər bir sahədə olduğu kimi, bu sahədə qabaqcıl rəqəmsal həlləri tərəfdaşlıq formatına gətirməyə hazırdır.
Bu məcrada vətəndaş amilinin ön plana çəkilməsi, dövlət xidmətlərinin daha da müasirləşdirilməsi sahəsində təcrübə mübadiləsi ("ASAN xidmət" təcrübəsi) Aİ-nin sosial siyasətini əhatə edir.
Eyni zamanda, qlobal, o cümlədən regional təhlükəsizliyin ən həssas nöqtələrindən olan kiberməkanın qorunması və sərhədlərin intellektual idarəedilməsi sahəsində birgə səylər də həm Cənubi Qafqazın, həm də Avropanın təhlükəsizliyinə birbaşa töhfə kimi dəyərlənirilə bilər.
Beləliklə, Azərbaycan Avropanın enerji xəritəsini dəyişərək, yeni dünya düzənində də təhlükəsizlik və inkişaf dəhlizlərinin mərkəzinə çevrilir. Əminliklə deyə bilərik ki, Azərbaycan-Aİ tərəfdaşlığı həm ölkəmizin milli maraqlarına cavab verir, həm də qlobal çağırışlardan irəli gələn hədəflərin icrası istiqamətində etibarlı zəmin yaradır.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
12:09 16.03.2026
Oxunuş sayı: 41