Hörmüz boğazı gərginliyi: Fransa və İtaliya İranla danışıqlara başlayır
Regionda artan gərginlik fonunda Fransa və İtaliya gəmilərinin təhlükəsiz keçidinin təmin olunması məqsədilə İranla Hörmüz boğazı ilə bağlı danışıqlara başlanması beynəlxalq gündəmdə diqqət çəkən məsələlərdən birinə çevrilib. Bu addımın qlobal ticarət və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Hörmüz boğazı qlobal iqtisadiyyat üçün olduqca strateji əhəmiyyətə malik marşrutlardan biridir.
Onun sözlərinə görə, dünya bazarına çıxarılan neft məhsullarının təxminən 20 faizi məhz bu boğaz vasitəsilə daşınır ki, bu da kifayət qədər böyük göstəricidir.

Politoloq qeyd edib ki, hazırda İran bu geosiyasi üstünlükdən hərbi-siyasi rəqiblərinə qarşı ciddi təzyiq vasitəsi kimi istifadə edir:
"Rəsmi Tehran İrana qarşı hərbi əməliyyat aparan və ya belə ehtimalın mövcud olduğu dövlətlərə qarşı məhz Hörmüz boğazı faktorunu ön plana çıxarır və zaman-zaman boğazın bağlana biləcəyi ilə bağlı xəbərdarlıqlar edir. Bu isə qlobal iqtisadiyyata və beynəlxalq ticarətə ciddi təsir göstərə biləcək risk kimi qiymətləndirilir.
Hazırda əksər Qərb dövlətləri boğazın açıq qalmasında maraqlıdır. Bu baxımdan Fransa və İtaliya kimi ölkələrin İranla dialoq qurmağa çalışması məhz gəmiçilik təhlükəsizliyini təmin etmək və ticarət marşrutlarının sabitliyini qorumaq məqsədi daşıyır".
Ekspertin sözlərinə görə, ABŞ hələlik Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini tam şəkildə təmin etməkdə çətinlik çəkir.
"Son dövrlərdə bu istiqamətdə edilən müraciətlərin bir qismi ABŞ tərəfindən qəbul edilməyib. Bu isə belə təhlükəsizlik təminatının verilməsi imkanlarının məhdud olması ilə izah edilir.
Məhz bu səbəbdən boğazdan keçən ticarət gəmilərinin sərbəst hərəkətində maraqlı olan dövlətlər rəsmi Tehranla anlaşma yolları axtarmağa çalışırlar. Bununla belə, hazırda tərəflər arasında bu məsələ üzrə ciddi razılaşma meylləri müşahidə olunmur",- deyə o bildirib.
E.Xalidbəyli əlavə edib ki, rəsmi Tehran geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir və əlində olan bu mühüm təsir vasitəsini qoruyub saxlamaqda israrlı görünür.
Onun fikrincə, regionda davam edən qarşıdurma fonunda Hörmüz boğazı bundan sonra da əsas geosiyasi təsir alətlərindən biri kimi istifadə olunacaq.
Nigar Yahyazadə
16:54 14.03.2026
Oxunuş sayı: 57