İran Türkiyəni niyə hədəf alır?- Müharibə genişlənə bilər
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.
Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir".
Məlum olduğu kimi, NATO hava hücumundan müdafiə qüvvələri ABŞ və İsrailin fevralın 28-də başlatdığı əməliyyatlardan sonra martın 4-ü və 9-da İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan iki ballistik raketi məhv edib.

İran Türkiyə ərazisinə təkrarlanan zərbələr barədə türkiyəli politoloq Fikret Birdişli Crossmedia.az-a danışıb: "Ballistik raketlər havada hərəkət edir. Bu raketlərin hədəflərindən yayınaraq istənməyən yerlərə düşmə ehtimalı yüksəkdir. Buna görə də müharibənin bizə yayılıb-yayılmayacağı barədə panikaya düşməyə ehtiyac yoxdur, amma ehtiyatlı olmaq mütləqdir. Yeni ali dini lider Müctəba Xamenei olduqca radikaldır. Həm də nəzərə almaq lazımdır ki, o, gəncdir. Deməli, güzəştə getməyə çox açıq deyil. Digər tərəfdən, prezident Məsud Pezeşkian bunun əksini edir. Buna görə də administrasiyada çat yarana bilər".
Müsahibimiz söyləyib ki, İsrail müharibəni dərinləşdirmək istəyir, ABŞ isə İran daxilində axtardığı əməkdaşlığı tapa bilmir: "Lakin o, müharibəni qızışdırmaq, Hörmüz boğazını işğal etmək və sonra geri çəkilmək istəyə bilər. İran tərəfindən körfəzin bağlanması ABŞ-nin axtardığı əsaslandırmanı təmin edir. O, bölgəyə dəniz piyadaları yerləşdirməyə hazırlaşır".
12:52 14.03.2026
Oxunuş sayı: 47