İnsan, yoxsa süni intellekt: Hansı tərəf qalib gələcək?
Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilməkdədir. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə insanlar getdikcə daha çox düşünür ki, gələcəkdə bir sıra peşələr robotlar və süni intellekt tərəfindən əvəz oluna bilər. Bu isə cəmiyyətdə həm maraq, həm də müəyyən narahatlıq doğurur. Mütəxəssislər hesab edirlər ki, texnologiya bir tərəfdən iş proseslərini asanlaşdırsa da, digər tərəfdən bəzi peşələrin taleyi ilə bağlı yeni suallar ortaya çıxarır.
Mövzu ilə bağlı PwC şirkətində EMEA üzrə Konsaltinq Əməliyyatlarının Transformasiyası sahəsində Baş Əməliyyat Direktoru Xəyalə Eylazova Crossmedia.az-a açıqlama verib:

"PwC-də məsləhətçilik fəaliyyətimiz çərçivəsində müxtəlif sektorlardan olan müştərilərlə işləyərkən biz çox aydın bir tendensiya görürük: Şirkətlər AI-ni işçilərin yerinə qoymaq üçün deyil, işçilərin potensialını artırmaq üçün tətbiq etməyə başlayırlar. Tarixə baxsaq, hər böyük texnoloji transformasiya əvvəlcə eyni sualı doğurub: “Bu texnologiya iş yerlərini yox edəcəkmi?” Sənaye inqilabından tutmuş internet dövrünə qədər hər mərhələdə bəzi peşələr dəyişib və ya yox olub, amma eyni zamanda yeni rollar, yeni bacarıqlar və yeni sənayelər yaranıb. Məncə süni intellektlə də oxşar proses baş verir".
Müsahibin müşahidələrinə görə, AI ən çox təkrarlanan, qayda əsaslı və böyük həcmdə məlumatla işləyən prosesləri transformasiya edir:
"Bu isə o deməkdir ki, bəzi işlərin müəyyən hissələri avtomatlaşdırılacaq. Amma bu, bütün peşələrin yox olacağı demək deyil. Əksinə, insanların rolu daha çox analitik düşüncə, strateji qərarvermə və yaradıcılıq istiqamətinə doğru dəyişir. Məsələn, maliyyə və audit proseslərində süni intellekt böyük həcmdə məlumatı daha sürətli analiz etməyə kömək edir. Bu isə mütəxəssislərə daha çox vaxtı risklərin qiymətləndirilməsi, strateji tövsiyələr və biznes dəyəri yaradan qərarlar üzərində fokuslamağa imkan verir.
Eyni tendensiyanı digər sahələrdə də görürük, sigorta, bankçılıq, pərakəndə satış, logistika və hətta dövlət sektorunda. AI əməliyyat proseslərini optimallaşdırır, qərarverməni daha məlumat əsaslı edir və müştəri təcrübəsini fərdiləşdirir. Qlobal səviyyədə də maraqlı bir trend formalaşır: ən uğurlu şirkətlər AI-ni sadəcə texnologiya layihəsi kimi deyil, iş modelinin transformasiyası kimi görürlər. Bu isə həm texnologiyanın tətbiqini, həm də insanların bacarıqlarının inkişafını paralel şəkildə tələb edir".
X.Eylazova hesab edir ki, gələcəyin əsas fərqi belə olacaq:
"AI insanları tam əvəz etməyəcək, amma AI ilə işləməyi bacaran insanlar və təşkilatlar digərlərindən xeyli irəlidə olacaq. Ona görə də əsas sual “AI işimizi əvəz edəcəkmi?” deyil, daha çox “biz AI ilə birlikdə necə daha effektiv işləyə bilərik?” olmalıdır".
Fatimə
15:38 13.03.2026
Oxunuş sayı: 4140