Avropadan Azərbaycan mətbuatı ilə bağlı qərəzli yanaşma - Rəşad Məcid danışdı
Avropada mətbuat azadlığının vəziyyəti ilə bağlı hazırlanmış hesabatlar müxtəlif ölkələrdə media mühitinin qiymətləndirilməsi baxımından diqqətlə izlənilir. Lakin bəzi hallarda bu sənədlərdə yer alan yanaşmalar mübahisələrə səbəb olur. Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı səsləndirilən fikirlərin birtərəfli və qərəzli olduğu barədə iddialar da bu müzakirələri yenidən gündəmə gətirib. Bu isə bir sıra suallar doğurur: Avropada Azərbaycan mediasına münasibətdə bu cür yanaşmaların davam etməsinin səbəbi nədir və ümumiyyətlə, Azərbaycan mediasında qərəz yarada biləcək məqamlar həqiqətən varmı?

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Rəşad Məcid Crossmedia.az-a açıqlama verib: "Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatının Azərbaycanla bağlı hissələri qərəzlidir. Belə yanaşmanın “köhnə qitə”nin, ümumən dünyanın ayrı-ayrı institutları üçün adi hala çevrilməsi təəssüf doğrurur. Hesab edirəm ki, bu kimi hallar, ümumən, söz və ifadə azadlığı prinsiplərinə xələl gətirir, həmçinin, ali dəyərlərlə spekulyasiya mahiyyəti daşımaqla, mənfi presedent yaradır".
R.Məcidin fikrincə, hiss olunur ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması Azərbaycanla bağlı hesabat hazırlayarkən, bir çox məqamlara diqqət yetirməyib: "Sənəd müəlliflərinin gördükləri işə səthi münasibət göstərdikləri birmənalıdır. Belə təəssürat yaranır ki, kimlərsə əvvəlcədən qarşılarına Azərbaycanı ləkələmək məqsədi qoyub və sonra həmin məqsədi reallaşdırmaq üçün hesabat hazırlayıb".
Mətbuat Şurasının sədri əlavə edib ki, Azərbaycan dövlətinin son illərdə apardığı media siyasəti mövcud məkanda həm saflaşmanı, həm də şəffaflaşmanı hədəf seçib: "Bu hədəfə doğru atılan addımlar beynəlxalq təcrübədən qaynaqlanıb. Eyni zamanda, o da tam aydındır ki, medianın sağlamlaşması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişindən irəli gəlir. Yəni, islahatlar bu sifarişin icrasına adekvat yanaşmanın göstəricisidir. Sözügedən hesabatdan gəlinən qənaət isə budur ki, sanki reallaşdırılmış tədbirlərdə hansısa mürtəce xarakter və mahiyyət var. Bu cür kortəbii rəy təkcə Azərbaycanın deyil, ümumən dünyanın hazırda getdiyi media tənzimləməsi yolunu şübhələndirməkdir".
O, əlavə edib ki, kimsə Azərbaycan mediasında çətinliklərin olmadığını, hər şeyin qaydasında getdiyini iddia etmir: "Problem də var, onların aradan qaldırılmasına yönələn iradə də. Ölkəmizdə aparılan media islahatlarının məğzində, bütövlükdə, Azərbaycanda söz və ifadə azadlığının, plüralist fikrin, bir növ, keşiyində dayanmaq əzmi də duyulur. Görünür, bu əzmimiz dünyada hansısa qüvvələri qane etmir. Bəlkə Azərbaycanın media mühitində anarxiya olmalı idi ki, bizdən razı qalsınlar? Görəsən, dünyanın harasında anarxik təmayüllər norma kimi qəbul olunur? Əlbəttə, suallarımız ritorikdir".
Ayhan
14:47 12.03.2026
Oxunuş sayı: 56