Hafiz Hacıyev: Ramiz Mehdiyevin bağbanı bizim partiyanın üzvü idi, bütün məlumatları ondan alırdım - MÜSAHİBƏ
Son dövrlərdə regionda və ölkə daxilində baş verən hadisələr Azərbaycan cəmiyyətində ciddi müzakirələrə səbəb olub. İranla Naxçıvan istiqamətində artan gərginlik və orada baş verən hücum ölkənin təhlükəsizlik məsələlərini yenidən ön plana çıxarıb. Bu vəziyyət Azərbaycan dövlətinin hərbi və diplomatik cavabını, həmçinin strateji mövqeyini diqqət mərkəzinə gətirib. Eyni zamanda daxili siyasi proseslər, xüsusilə iqtidar-müxalifət münasibətləri, dialoq məsələləri, sağlam müxalif qüvvələrin dövlətçilik mövqeyindən çıxış etməsi, hökumət strukturlarında baş verən proseslər, müsbət, o cümlədən rüşvət və qanun pozuntusu kimi mənfi hallarının mövcudluğu, xalqın maraqlarını nəzərə almayan, əməllərilə dövlətin imicini yerə vuran bir sıra məmurların davranışları cəmiyyətin gündəmində yer tutur. Rüşvətxorluğa qarşı mübarizə, dövlət idarəçiliyində səmərəliliyin artırılması, həmçinin milli maraqların qorunması kimi məsələlər, ölkənin sabitliyi və inkişafı baxımından həlledici əhəmiyyət kəsb edir. Bütün bu fonda Azərbaycan dövləti həm regional təhlükəsizlik məsələlərində, həm də daxili siyasi-ictimai və sosial-iqtisadi problemlərin həllində diqqətli və balanslı mövqe nümayiş etdirməyə çalışır. Bu da vətəndaşların dövlətə inamının qorunması və ölkədəki mövcud vəziyyətin idarə olunması baxımından mühüm rol oynayır.
Baş verən hadisələr, cərəyan edən proseslər fonunda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq geniş müsahibə etdik...
Sonrakı hərəkətlər də göstərdi ki, İlham Əliyev öz iradəsi ilə söz sahibidir
- Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvanı vurmasından sonra sərt, dövlətin, xalqın maraqlarına uyğun mövqe ortaya qoydu. Siz bu mövqeyi necə qiymətləndirirsiniz?
-Açığı, mən deyim ki, məsələlər çox qarışıqdır və bu məsələ ətrafında müxtəlif fikirlər səslənir. Bu gün (srağagün - red) də gördünüz ki, cənab Prezident həmin gərginlik dövründə dediyi fikirlərdən bir gün sonra yenidən məsələyə münasibət bildirdi. Məsələn, İran prezidenti də bir neçə gün sonra açıqlama verildi və belə bir məqam aydınlaşdı ki, ortada olan təəssürat əsasən belədir: raket İrandan atılmayıb, başqa tərəfdən də atılmayıb. Kimlər tərəfindən törədilib? İranın daxilində, bilirsiniz ki, çox müxtəlif qüvvələr var. Məsələn, SEPAH oradakı rəhbər strukturlardan biridir və prezidentə tam tabe deyil. Digər qüvvələr də mövcuddur. Belə bir təəssürat yaranır ki, hadisə ilə bağlı bəzi məqamlar rəsmi Bakıya yanlış təqdim olunub. Azərbaycanı istəməyən qüvvələr çoxdur. Onlar çalışırlar ki, Azərbaycanı bu müharibəyə sürükləsinlər. Prezident çox ağır və məsuliyyətli addım atdı və sonrakı hərəkətlər də göstərdi ki, həqiqətən İlham Əliyev öz iradəsi ilə söz sahibidir. Amma mən istərdim ki, ətrafda olan müəyyən qüvvələr bu məlumatları düzgün çatdırsınlar. Buna ehtiyac var. Bizim İranda 50 milyona yaxın soydaşımız var. Biz onları da nəzərə almalıyıq, onların gələcəyini düşünməliyik. Bizdən kimsə ola bilər ki, haradasa bir fars və ya başqa bir şəxs Azərbaycana qarşı hansısa təxribatçı addım atsın. Amma biz dövlət olaraq səbirli olmalıyıq. Ona görə də düşünürəm ki, həmin məlumatı çatdıranlar onu düzgün formada təqdim etməyiblər.
Azərbaycanla İranın arasını vurmaq istəyən, Türk dünyası ilə münasibətləri pozmaq istəyən qüvvələr var
- İran tərəfindən diplomatik olaraq hansı addımlar atılmalıdır?

-Hər halda İran tərəfi diplomatik addım atdı. Bu mənada cənab prezident Pezeşkian zəng etdi və bildirdi ki, bu hadisə onların tərəfindən baş verməyib. Prezidentdir və biz buna inanmalıyıq. 94 milyonluq xalqın prezidentidir və o, bizim Prezidentə zəng edib dedi ki, bu hadisə onlar tərəfindən törədilməyib və araşdırma aparılacaq. Görək nə baş verəcək, haradan və kim tərəfindən edildiyi müəyyən olunacaq. Əlbəttə, müəyyən dövlətlərin, qüvvələrin və kəşfiyyat orqanlarının haradan atıldığını, kimlərin təşkil etdiyini bildiyi barədə fikirlər var. Amma biz bu gün bunu açıq şəkildə demək istəmirik. Gördünüz ki, bundan sonra hadisələri daha da qızışdırmaq istəyirdilər. Hətta belə məlumatlar yayıldı ki, güya cənab Prezident orduya göstəriş verib və müəyyən hazırlıq tapşırığı verilib. Bu kimi məlumatlar doğru deyildi. Yenə deyirəm, bu məlumatları həmin sahədə çalışan dövlət qurumları və kəşfiyyat strukturları düzgün təqdim etməlidir. Hər bir məsələdə tələsik və sərt mövqe ortaya qoymaq düzgün deyil. Niyə? Çünki bu, bizim qonşu dövlətimizdir və biz 94 milyonluq bir ölkə ilə müharibə edə bilmərik. Üstəlik, orada bizim vətəndaşlarımızdan heç kim ölməyib, ciddi bir hadisə baş verməyib ki, biz dərhal sərt addımlar ataq. İran tərəfi də səmimi şəkildə bildirdi ki, bu hadisə onların tərəfindən törədilməyib. Amma İranın daxilində çox müxtəlif qüvvələr var. Azərbaycanı istəməyən, Azərbaycanla İranın arasını vurmaq istəyən qüvvələr mövcuddur. Türk dünyası ilə Azərbaycan arasında münasibətləri pozmaq istəyən qüvvələr də var. Türkiyədə də bu məsələlərlə bağlı müxtəlif müzakirələr aparılır. Hətta bizim öz daxilimizdə də müəyyən insanlar sərt açıqlamalar verdilər. Mən bunu bəzi milli düşüncəli insanlardan gözləməzdim. Bu cür sərt açıqlamalar nə deməkdir? Bu o deməkdir ki, biz Türk qardaşlarımızla müharibəyə getməliyik? Əlbəttə ki, yox. Biz daha ehtiyatlı olmalıyıq. Bu çox həssas bir dövrdür. Bu dövrdə hər bir məlumat yüz dəfə ölçülüb-biçilməlidir. Bu gün silah müharibəsindən daha çox ideoloji müharibə gedir. Bu ideoloji müharibədə əsas rolu jurnalistlər oynayırlar. Çünki hər bir məlumat geniş şəkildə yayılır və cəmiyyətə çatdırılır. Biz Güney Azərbaycanla çox sıx əlaqədəyik. Səhər tezdən də oradakı vəziyyətlə bağlı danışmışam. Onlar bizim soydaşlarımızdır, qardaşlarımızdır, bacılarımızdır. Bu gün dünyada elə dövlətlər var ki, güc nümayiş etdirərək hər yerə müdaxilə etmək istəyirlər. Amma bu düzgün yanaşma deyil. Biz belə məsələlərdən kənarda durmağa çalışırıq. Dünyada gedən proseslərdə öz mövqeyimizi qoruyub saxlamışıq və bu mövqeyi qorumağa davam edirik. Cənab Prezidentin təşəbbüsü ilə yolların bağlanması ilə bağlı Nazirlər Kabinetinin qərarı qəbul olunmuşdu, lakin sonradan bu qərar ləğv edildi. Gediş-gəliş bərpa olundu və bu, həm bizi, həm də soydaşlarımızı sevindirdi. Çünki onlar da müharibənin başlamasından ciddi narahatdırlar. İsrail kimi dövlətlərin atdığı addımlar bölgədə gərginliyi artırır. Türkiyə də bu məsələlərdə çox təmkinli mövqe sərgilədi və göstərdi ki, onu bu cür oyunlara cəlb etmək mümkün deyil. Bu gün müəyyən qüvvələr Azərbaycanı və Türkiyəni bu proseslərə cəlb etməyə çalışırlar. Dünya mediasında gedən proseslər də göstərir ki, müxtəlif dövlətlər və kəşfiyyat strukturları bu məsələlərdə rol oynayırlar. Bu çox həssas məsələdir və məqsəd dünyanı qarışdırmaqdır. Məsələn, Tramp bir gün müharibənin bitdiyini deyir, ertəsi gün başqa bir fikir səsləndirir. Ona görə də çox ehtiyatlı mövqe tutmaq lazımdır. Bəzən tələsik addımlar atılsa da, Allaha şükür ki, sonradan vəziyyət stabilləşdi.
Həmişə iqtidarın yanında olmuşuq, amma bu, korrupsiyaya, ədalətsizliyə və vətəndaşların hüquqlarının pozulmasına görə deyil
- Sizcə belə həssas məsələlərdə müxalifət partiyaları iqtidara necə dəstək durmalıdır? Siz necə dəstək durursunuz?

-Biz milli məsələlərdə həmişə iqtidarın yanında olmuşuq. Amma bu, korrupsiyaya, ədalətsizliyə və vətəndaşların hüquqlarının pozulmasına görə deyil. Ərazi bütövlüyü və dövlət maraqları məsələsində isə cənab Prezidentin atdığı addımları dəstəkləmişik. Təəssüf ki, bəzi hallarda dövlət strukturlarında korrupsiya və digər problemlər də mövcuddur. Müxalifətin əlində böyük imkanlar yoxdur. Amma ideoloji baxımdan ictimai rəy formalaşdırmaq imkanımız var. Bu gün internet və sosial media vasitəsilə fikirlər geniş şəkildə yayılır. Biz də müxalifət olaraq həmişə həqiqəti deməyə çalışmışıq. Mən özüm də həyatda həmişə düz söz demişəm və haqqın tərəfdarı olmuşam. Təəssüf ki, bəzən düz söz qəbul olunmur. Amma biz yenə də doğru bildiyimizi deməyə davam edirik. Biz digər müxalif partiyalarla da görüşür, müzakirələr aparırıq və ölkənin düşdüyü vəziyyətdən çıxış yollarını axtarırıq. Amma ən vacibi odur ki, ölkədə milli birlik qorunsun. Əgər bu birlik pozularsa, vəziyyət daha da gərginləşə bilər. Bu gün bütün partiyaların fikirlərini dinləmək lazımdır. Heç kim özünü hamıdan ağıllı hesab etməməlidir. Çünki ölkənin gələcəyi üçün sağlam dialoq və milli birlik çox vacibdir. Bizi dinləmirlər amma biz çox şeyi deyirik və sonradan görürlər ki, Hafiz müəllim haqlı imiş. Məsələn mən TƏBİB-in sədri haqqında, onun kim olduğu haqqında məlumatları 5-6 ay əvvəl demişdim. Heç kim mənə qulaq asmırdı. Amma indi gördülər ki, çıxarmaq lazımdır. Çıxartdılar, “narkomandır” dedilər, yaxud sadəcə o şəkildə təqdim etdilər. Ondan sonra gəldi, ortaya çıxdı ki, nə qədər pul xərclənib, xaricdə olan media qruplarına vəsaitlər ötürüb. Demişdik ki, gəlin, məsələni kökündən araşdıraq, bütün bədəni yoxlayaq, görək problem haradadır. Əgər yara barmaqdadırsa onu kəsik qoymayaq ki, yara bədənə yayılsın.Yəni baxın, biz nə deyirdik. Sonradan görürlər ki, bizim dediklərimiz hamısı doğru çıxır. Mən müxtəlif insanlarla danışıram. 10–15 il əvvəl bunlar haqqında danışmışıq, yazmışıq. Dövlətə xəyanət etdikləri vaxtlarda da danışmışam, yazmışam, rəsmi şəkildə qalıb. İndi isə yeni ortaya çıxır və buna “gecikmiş addımlar” deyirlər. Biz müxalif partiyalar olaraq, şəxsən mən, həmişə demişəm ki, həyatımın son illərini də cənab Prezidentə kömək etmək üçün sərf etməyə hazıram. Amma çox təəssüf hissi keçirirəm. Peşman olmuşam ki, onun ətrafında bu qədər keyfiyyətsiz insanlar yığışıb. Analitik təhlil qabiliyyəti olmayan insanlar var. Bunun bariz nümunələrindən biri də Prezident yanında yaradılan müəyyən strukturlar oldu. Halbuki buna ehtiyac yox idi. Elə bir hadisə baş verməmişdi ki, buna ehtiyac yaransın. Amma addımlar atıldı, sonra isə öyrəndilər. Bütün dünyada gedən proseslər də var. Ona görə də biz müxalifət partiyaları olaraq fikirlərimizin öyrənilməsini istəyirik. Milli birliyə gedən yolda isə əksinə, çalışırlar ki, hansı partiya sədrini incidirlər, hansını küskün vəziyyətə salırlar. Amma nə etmək olar? Biz Azərbaycanımızı, müstəqilliyimizi, Azərbaycan hakimiyyəti daxilində keçmişdə xəyanət edən insanlardan qorumağa məcburuq və bunu axıra qədər edəcəyik.
Xaricdə olan və özünü müxalifət adlandıran söyüş söyənlərə hakimiyyətinin içində olanlar pas verir
- Avropada özünə mühacir deyən söyüş müxalifəti ilə bağlı nə düşünürsünüz? Prezident və ailəsinə qarşı olmazın təhqirlər yağdıran bu şəxslər bu millət üçün nəsə etməyə qadirdirmi?
-Mən qətiyyən onlarla razı deyiləm. Söyüş heç vaxt yaramaz. Tənqid etmək olar, amma söyüş qəbul olunmazdır. Mən düşünmürəm ki, bu gün kimlərsə söyüşlə özünə hörmət qazana bilər. Qətiyyən. Siz dediyiniz o xaricdə olan və özünü müxalifət adlandıranlara kimlər pas verir? Azərbaycan hakimiyyətinin içində olanlar. Təsəvvür edin, ABŞ-ın vitse-prezidenti gəlir, tədbir keçirilir. Tədbirdə hörmətli bir insan var ki, 5 dəqiqəlik gözünü yumur. Onu orada çəkən kimdir? Siz jurnalistlər deyilsiniz. Sizi ora buraxmırlar. Onu çəkən AzTV-dir. Niyə onu yayımlayırlar? Maraqlı məsələdir. Burada məsələ ondadır ki, onlar xaricdə özlərini müxalifət adlandıranlara arqument ötürürlər. Bu məlumatların hamısı Azərbaycan hakimiyyətinin daxilindən gedir. Yadıma gəlir ki, mən prezidentliyə namizəd olduğum dövrdə cənab Prezidentin də şəkillərini Almaniyada müəyyən yerlərə yapışdırmışdılar. O vaxt da demişdim ki, külək buradan gəlir. Sonra da bu təsdiqləndi. Nə hadisə baş verirsə, sənədlər Azərbaycan hakimiyyətinin daxilindən ötürülür. Bu səbəbdən cənab Prezidentdən və onun ailəsindən başqa ikinci şəxsləri hədəf alırlar. Onlar özləri o qədər çirkabın içindədirlər ki, çalışırlar ki, diqqəti başqa istiqamətə yönəltsinlər. Rusların bir sözü var: “bulanıq suda balıq tutmaq”. Onlar da çalışırlar ki, Prezidentin başı qarışıq olsun, onlara vaxt çatmasın. Fürsət düşsə, dövlət çevrilişi də edərlər. Ramiz Mehdiyevin hakimiyyətdə olduğu dövrdə formalaşan komandanın 70–80 faizi bu gün də müxtəlif strukturlarda qalır. Onlar çalışırlar ki, vəziyyət qarışıq olsun və diqqət onlara yönəlməsin. Hamısı məlum məsələlərdir. Ramiz Mehdiyev dövründə işləyənlər bu gün də müxtəlif dövlət strukturlarında oturublar. Hökumətdə də varlar, müxtəlif yerlərdə də varlar. Mən bunları deyəndə mənə mesajlar gəlir: “Səni öldürəcəklər, dilini kəs”. Amma mən bu günə qədər həqiqəti demişəm. Mən dövlət başçısını həyatımla müdafiə etməyə hazıram və həmişə də hazır olmuşam. Burada məsələ ondadır ki, bəzi məmurlar və oliqarxlar incik salınırlar. Maraqlıdır ki, deyirlər o adam söyüş müxalifətinin qarşısını alsın. Yaxud başqalarını incidirlər. Məsələn, Zakir Qaralov deyir ki, onu incidiblər. Amma bu gün ortadadır ki, bəzi insanlar dövlət başçısına xəyanət edirlər və müəyyən qrupların komandasında yer alırlar. Haradan bilirlər ki, burada hansı söhbət gedir? Deməli, hakimiyyət daxilində müəyyən qüvvələr məlumat ötürür. Məsələn, AzTV-nin rəhbərinin kim olduğunu hamı bilir. O Ramiz Mehdiyevin sağ əlidir. Bu gün Azərbaycanla Türkiyə arasında münasibətləri korlamağa çalışan qüvvələr də məhz həmin komandanın üzvləridir. Həmçinin mən dəfələrlə demişəm Ziya Məmmədovun oğlu xaricdəki söyüş müxalifətini maliyyələşdirir. Dövlət qurumlarında, media strukturlarında da həmin adamların qoyduğu şəxslər var. Bunları hamı görür. Mən başqa partiya sədrlərindən fərqli olaraq açıq danışıram. Çünki mən bu millət üçün həyatımı riskə atmış adamam. Dünyada və regionda çox ciddi proseslər gedir. Axar sular sakit axır, amma sonda vəziyyət heç də xoş olmaya bilər. Müəyyən məmur təbəqəsi isə vəziyyəti daha da gərginləşdirir. İmkan vermirlər ki, sistem təmizlənsin. Bu isə bizi çox narahat edir. Biz çalışırıq ki, bütün gücümüzlə dövlətimizin yanında olaq, müstəqilliyimizi qoruyaq və Azərbaycanın üzərinə başqa qüvvələrin gəlməsinə imkan verməyək. Əgər daxildə birliyimizi qoruya bilsək, düşünürəm ki, bu çətinlikləri də keçəcəyik. Amma yenə də bəzi insanlar özlərini hamıdan ağıllı hesab edirlər. Qırmızı qalstuk taxırlar, gündə on min manatlıq kostyum geyinirlər, yüz minlərlə manatlıq maşınlarda gəzirlər. Ətraflarında xüsusi mühafizəçilər olur, həyatlarını dəbdəbə içində keçirirlər. Gənc məmurların bir qismi isə axşam qalstukunu çıxarıb barlara gedir. Bizdə bunun şəkilləri də var. Belə insanların hansı faydası ola bilər? Bu məsələlər çox ciddidir və bunun üçün də ciddi komanda lazımdır. Təcrübəli və işin mahiyyətini bilən insanlar lazımdır. Təcrübəsiz insanları vəzifəyə gətirməyin nə mənası var? Televiziyalar da bu məsələlərə lazımi diqqət ayırmırlar. AzTV-də, İctimai TV-də bu problemlər müzakirə olunmur. Axşam isə mənasız verilişlər göstərilir. Bu gün əsas informasiya mənbəyi artıq telefondur, internetdir. İnsanlar harada düzgünlük görürlərsə, o istiqamətə yönəlirlər. Əgər kiçik bir oğurluğa görə 10 il cəza verirlərsə, amma milyardlarla vəsaiti mənimsəyənlərə 5 il verirlərsə, bu artıq ədalətsizlikdir. Məsələn, bəzi keçmiş vəzifəli şəxslər rahat şəkildə xaricdə yaşayır, Dubayda gəzir. Bunlar isə cəmiyyətdə narazılıq yaradır. Bu baxımdan biz çalışırıq ki, xalq arasında düzgün təbliğat aparaq və öz fikirlərimizi çatdıraq. “Müxalifətik” deyənlər haqqı danırlar, amma haqsızdırlar. Nə eləyə bilərik ki, onlara inanırlar? Sən mənə deyə bilərsən ki, gəl mənə inan. Yox, insan özü düşünməlidir, beynində sintez etməlidir və görməlidir ki, xaricdən deyirlər ki, bu gün hava soyuqdur. Deyək ki, biz burada deyirik ki, yox, 40 dərəcə istidir. Bu mümkün deyil. O düzgün deyir, biz səhv deyirik. Biz yalan danışırıq, o isə düz deyir. Ona görə də bu baxımdan bunun üzərində böyük bir institut işləməlidir. Biz öz təkliflərimizi veririk ki, gəlib bizə dəstək versinlər, biz də bu söyüş kampaniyasının qarşısında olaq, gedək müəyyən adamlarla işləyək, onlara təsir edək. Amma yox. Niyə? Müəyyən qüvvələr Prezidentin özündən başqa ətrafındakıların hamısına – cənab Prezidentə və onun ailəsinə qarşı xoşagəlməz mövzular qaldırırlar. Olmayan məsələləri gündəmə gətirirlər. Və görürəm, yenə təkrar-təkrar edirəm: bir nəfərin adını seçirlər. Halbuki yüzlərlə adam var, icra başçıları var, nazirlər var, deputatlar var. Onların hansının ailəsi haqqında belə söhbətlər aparırlar? Ona görə də sual yaranır: bunlar haradan qaynaqlanır? Öz ətraflarından. Niyə? Biri deyirdi ki, bizi hakimiyyət daxilindən planlı şəkildə maliyyələşdirirdilər. Açıq deyirdi. Turat Sadıqlı açıq deyirdi. Bunun ciddiyyəti varmı? Mən də deyirəm ki, bizə həqiqəti deyin. Yalana gələndə isə mən deyirəm ki, mən nə qədər yalan danışıramsa, siz də o qədər danışın. Mən o yalan danışan partiya sədrlərinin qarşısında dəfələrlə durmuşam. Mən dörd dəfə prezidentliyə namizəd olmuşam. Həyatımın bu yaşında istəyirəm ki, xalqımın qarşısında düz söz deyən adam kimi tanınım. Haqqın yanında olan, haqsızlığın qarşısında dayanan biri kimi tanınım. Əgər ölkədə 24 partiya varsa və hərəsinin 3-5 min nəfər adamı varsa, onlar yığışar, iclas keçirər, bütün Azərbaycana hər şeyi yayar. Bunun qarşısını almaq çətindir. Şayiələr baş alıb gedir və biz onların qarşısını ala bilmirik. Məsələn, bizim gənclər təşkilatı metro stansiyalarda fəaliyyət göstərir. Dövlətin bilmədiyi bir sirri biz onların sayəsində daha əvvəl bilmişik. Deyirəm ki, 2010-cu ildə mən dedim ki, Ramiz Mehdiyev işləyərkən dövlət çevrilişi hazırlanır. Mənə dedilər: haradan bilirsən? Mən dedim ki, Hövsanda Ramiz Mehdiyevin bağında dövlət çevrilişinə hazırlıq gedir. Mən dediklərimi bir-bir açıqladım və 6 aydan sonra o məsələ ortaya çıxdı. Niyə? Çünki orada işləyən bağban bizim partiyanın Abşeron rayon təşkilatının üzvlərindən biri idi. Bütün məlumatlar bizdə idi. Bugünkü nazirlərin katibələri var. Onların çoxu axşamlar bizim partiyanın üzvləri ilə əlaqə saxlayır. Biri deyir ki, səninlə ailə quracağam, biri deyir ki, belə olacaq. Bu yolla bütün məlumatları əldə etmişik. Biz onlara hər gün təlimat veririk. Bu baxımdan rayon icra hakimiyyətlərində nə hadisələr baş verir – biz bilirik. Niyə? Çünki bizim rayon təşkilatlarının üzvləri bütün günü çayxanalarda olur, insanların arasında olur, görür ki, xalq arasında nə danışılır. Ona görə də biz daha çox informasiyaya sahib oluruq. Amma bir icra hakimiyyəti nümayəndəsi gələndə hamı deyir ki, hər şey yaxşıdır. Elə deyil. Məsələn, bir nazir gəlir, vətəndaş ona şikayət edə bilmir. Nazirə deyir: Sən çox yaxşı adamsan, Allah ömrünü uzun etsin. Nazir də elə bilir ki, hər şey yaxşıdır. Halbuki biz bilirik ki, orada rüşvət var, vətəndaşı incidirlər. Və yaxud məhkəmələrdə yalan danışırlar. Düşürlər partiyaların, şəhərlərin üzərinə. Mən canımı qoyaram, amma özümə söydürmərəm. Qoy millət qazansın. Biz deyəndə ki, filankəs banditdir, deyirlər ki, sus. Deyirik ki, filan nazirin oğludur, filan nazirin oğlu xaricdə müxalifətə pul verir – deyirlər ki, danışma. İndi biz deyirik ki, yalnız fakt olan şeylərdən danışaq. Mən həmişə xalqımın yanındayam, dövlət başçısının da yanındayam. Amma onun ətrafında olan, xalqla prezident arasında baryer yaradan adamlara qarşıyam. Onlar imkan vermirlər ki, cənab Prezident Azərbaycan xalqının hər bir nümayəndəsini dinləsin. Onlarla da işləmək lazımdır. Onlar da Azərbaycan vətəndaşlarıdır, bizim balalarımızdır, qardaşlarımızdır. Onlarla da dil tapmaq olar. Bütün məsələləri həll etmək olar. Mən hətta demişəm ki, mənə 3–4 ay vaxt verin, onların hamısı ilə barışıq əldə edərəm. Əks halda başımı götürüb gedərəm və ya özümü öldürərəm. Amma imkan vermirlər ki, bu məsələləri həll edək. Çünki həll olunsa, bəzi adamlara ehtiyac qalmayacaq.
Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsində də Əli Kərimlinin birbaşa rolunun olduğunu demişəm
- Yeri gəlmişkən AXCP sədri Əli Kərimli də Ramiz Mehdiyev məsələsinə görə həbs edilib. Bu haqda nə deyə bilərsiniz?
-Mən hesab edirəm ki, Əli Kərimlinin bu işdə əli var. Mən bunu sübut etmişəm, bununla bağlı açıqlamalar da vermişəm. Rəhmətlik Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsində də Əli Kərimlinin birbaşa rolunun olduğunu demişəm və bu barədə fikirlərimi dəfələrlə səsləndirmişəm. Baş nazirin müavininin qohumu gedib xaricdə bütün gün İlham Əliyevə qarşı danışır, tənqid edir, amma buna heç kim reaksiya vermir. Bu necə olur? Adam adama qarşı çıxır, bir-birinə qarşı danışır, bu isə cəmiyyət üçün yaxşı nümunə deyil. Məsələn, kimsə mənim qohumum olsa və mən onunla münasibətimi əsas gətirib hər şeyə göz yumsam, bu doğru olmaz. Eyni şəkildə, kimsə deyə bilməz ki, “o mənim qohumumdur, ona görə toxunulmazdır”. Baş nazirin müavininin hesablarında milyardların olduğu iddiaları səslənir, amma buna dair açıq şəkildə danışan yoxdur. Bu sualları verən də olmur. Belə məsələlər isə cəmiyyətdə narazılıq yaradır. Çünki insanlar düşünür ki, kimlərsə qorunur və onların toxunulmazlığı var. Mən çox şey bilirəm, amma hələ ki, bunların hamısını demirəm. Buna baxmayaraq, hesab edirəm ki, xalq dövlət başçısının ətrafında sıx birləşməlidir. Cəmiyyət ümumi maraqları nəzərə almalıdır və şəxsi maraqlar üzərində qurulan yanaşmalara aldanmamalıdır. Prezident ətrafında xalqın birliyi vacibdir. İnsanlar xırda maraqlara, şəxsi münasibətlərə və ya hansısa qrupların təsirinə uymamalıdır. Belə olan halda, dövlət strukturlarında olan problemlərin də tədricən aradan qaldırılması mümkündür. Hesab edirəm ki, bu gec də olsa təmizlənəcək. Lakin bu proses baş verməzsə və problemlər həll olunmazsa, cəmiyyətdə narazılıq daha da arta bilər. Mən istəyirəm ki, millət prezidentin ətrafında sıx birləşsin və ona kömək etsin. Əks halda, nəticələr yaxşı olmayacaq və ölkənin gələcəyi üçün arzuolunmaz vəziyyət yarana bilər. Bu qədər.
Bəzi məmurların övladları xaricdədir və bəzən Prezident əleyhinə məlumatları da onlar vasitəsilə ötürürlər
- Radikal müxalifətin Qarabağ və digər məsələlərdə tutduğu mövqeyi siz necə qiymətləndirirsiniz?
-Əlbəttə, Qarabağda böyük işlər görülür. Bu, Azərbaycan tarixində görünməmiş işdir. Qarabağı azad edən cənab Prezident İlham Əliyevdir. Sözsüz ki, iş olan yerdə nöqsan da olur. Prezident haradan bilsin ki, hansısa yerdə 300 minlik ev üçün vəsait ayrılıb, amma yarısı yeyilib? Onun yanında olan məmurlar düzgün məlumat verməlidirlər. Amma bəziləri bunu etmir. Bəzən görürsən ki, hansısa icra hakimiyyətində problem yaranır. Bu da müəyyən qüvvələrin radikal müxalifəti qızışdırmasına səbəb olur. Onlara dəstək verənlər də var. Bəzən bu məlumatlar xaricə ötürülür. Yenə deyirəm, Qarabağda görülən işlər böyükdür və Azərbaycan tarixində misli görünməyən işlərdir. Biz torpaqlarımızın azad ediləcəyinə inanırdıq və bu baş verdi. Biz inanırdıq ki, Şuşaya qayıdacağıq, Laçına qayıdacağıq. Bu baş verdi. Bunu edən cənab Prezident oldu. Amma bəzi məmurlar onun işinə mane olurlar. Onların övladları xaricdədir və bəzən məlumatları da onlar vasitəsilə ötürürlər. Ona görə də Qarabağda görülən işlərə qara yaxanların bir hissəsi elə öz içimizdədir. Amma yenə də deyirəm: Qarabağda görülən işlər hamını sevindirir. Biz Qarabağı azad etmişik və bu, Azərbaycan tarixində ən böyük hadisələrdən biridir.

14:03 12.03.2026
Oxunuş sayı: 1674