Əlilliyin qiymətləndirilməsi qaydaları dəyişə bilər: Ombudsmandan yeni təklif
Ötən gün Ombudsman əlilliyin qiymətləndirilməsi sahəsində prosedurların sadələşdirilməsi və güzəştlərin tətbiqi məqsədilə təkliflər irəli sürüb.
O, Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nda dəyişiklik edilməsini təklif edir.
Təklifə əsasən, şəxsin eyni xəstəliklə son 3 ay fasiləsiz və ya son 6 ay fasilələrlə ümumilikdə 3 aydan çox müalicədə olmasına baxmayaraq, funksiyaların bərpa olunmaması halında göndəriş verilə bilər.
Bu müddət hazırda qüvvədə olan qanunvericilikdə müvafiq olaraq 6, 12 və 6 aydır. Təklif edilən dəyişiklik əlilliyin qiymətləndirilməsində prosedurları sadələşdirərək, vətəndaşlar üçün rahatlıq yaradacaq.
Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

"Biz sanki izolyasiya olunmuş bir dünyada yaşayırıq. Bu məsələlərin qardaş Türkiyədə həlli üzrə bir təcrübəsi var. Yəni, ən azı oradakı praktikanı biz tətbiq edə bilərik.
Məsələn, xəstədə artrit, revmatoid var. Bu, əlilliyə gətirən xəstəlikdir. Burada verilən əlillik ömürlükdür, yəni bu xəstəlik sağalmır. Və ya digər sağalmayan xəstəliklərdə xəstələr daim dərman altındadır və əmək qabiliyyətini itirmə dərəcəsi keçici və proqressiv olur".
Professorun sözlərinə görə, bu xəstəliklərdə əlillik dərəcəsi müəyyən olunur:
"Sadəcə, mütəmadi yoxlamalar bunu dəqiqləşdirə bilər. İkinci qrupa keçən vəziyyətlər də var. Bu, bəzi situasiyalarda əmək qabiliyyətinin müvəqqəti itirilməsidir, yəni sağalan xəstəliklər. Xəstədə problem oldu, ilkin faza və ya digər xəstəlik baş verdi. Xəstə sağaldı və boynunda rehabilitasiya aparıldı. Və ya digər situasiyalar. Hər birindən bağlı bir reyestr olmalıdır.
Diaqnozu həkim qoymalıdır, klinik müayinələr və laboratoriya müayinələri əsasında. Xəstə, sənədi baş həkim və ya həkimin möhürü ilə aldıqdan sonra reyestrə daxil edilir. Onun bütün məsuliyyəti klinikanın üzərində qalır. Yəni, hər yerdə bu belədir.
Bizdə tək həkim komissiyası var, digər qurumlara ehtiyac yoxdur. Bu parazit qurumlardır və ləğv edilməlidirlər. Məsələlər çox sadələşdirilməlidir, sadəcə şəffaflığın təmin edilməsi üçün. Burada laboratoriyalar və klinik müayinələr var. Lazım olsa, ikinci bir müayinə də aparıla bilər.
Bu iş qardaş Türkiyədə çox gözəl təşkil olunur. Niyə bu təcrübəni götürmürük?"
Fatimə Məmmədova
12:45 11.03.2026
Oxunuş sayı: 57