Pensiyaçılara ŞAD XƏBƏR: Artıq ödənişlərin geri tutulma müddəti 1 ilə endirilir
Artıq ödənilmiş əmək pensiyaları və əlavələrin tutulma müddətinin 3 ildən 1 ilə endirilməsi təklif olunur.
Qeyd edilir ki, bu ödənişlər pensiyaçının səhvindən deyil, müvafiq qurumların funksional nöqsanlarından qaynaqlanır. Belə hallarda sonrakı tutulmalar pensiyaçının sosial vəziyyətini çətinləşdirir.
Yeni təklifə əsasən, artıq ödənilmiş pensiya və əlavələrin geri alınması yalnız son 1 il üçün həyata keçiriləcək.
Bu barədə Crossmedia.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, hazırda qüvvədə olan qaydaya görə, əgər əmək pensiyası və ya ona əlavə vəsait pensiyaçıya artıq ödənilibsə, bu artıq məbləğ son 3 il ərzində ödənilmiş hissə üzrə geri tutulur:

"Təklif edilən dəyişiklik isə bu müddətin 3 ildən 1 ilə endirilməsini nəzərdə tutur. Bunun əsas səbəbi kimi göstərilir ki, bir çox hallarda artıq ödəniş pensiyaçının səhvi ilə yox, müvafiq dövlət qurumlarının hesablamalarında və ya məlumat mübadiləsində yaranan funksional problemlərlə bağlı olur.
Belə bir dəyişiklik qəbul olunarsa, pensiyaçı üçün maliyyə baxımından daha əlverişli ola bilər. Çünki geri tutulacaq məbləğ xeyli azalacaq.
Məsələn, əgər səhv ödəniş 3 il ərzində davam edibsə, hazırkı qayda ilə həmin 3 ilin hamısı üzrə artıq ödənilən pul geri tutulur. Amma müddət 1 ilə endirilərsə, yalnız son 1 il üzrə artıq ödəniş geri alınacaq. Bu isə xüsusilə aşağı gəlirli və yaşlı insanlar üçün maliyyə yükünü xeyli azalda bilər.
Digər tərəfdən, bu dəyişiklik pensiyaçıların sosial vəziyyətinin qorunması baxımından da müsbət hesab olunur. Çünki bir çox pensiyaçı artıq aldığı məbləği gündəlik xərclərinə sərf edir və sonradan böyük məbləğlərin geri tutulması onların büdcəsini çətin vəziyyətə sala bilər. Müddətin qısaldılması həmin riskləri azaldır və pensiyaçıların gəlirlərində kəskin azalma ehtimalını aşağı salır".
Ekspert, bu təklifin daha çox sosial yönümlü addım kimi qiymətləndirildiyini və əsas məqsədin pensiyaçıların maddi vəziyyətinin ağırlaşmasının qarşısını almaq olduğunu qeyd edib:
"Bununla yanaşı, bu cür dəyişiklik dövlət qurumlarının hesablamalarda və məlumatların işlənməsində daha diqqətli olmasına da stimul verə bilər".
Fatimə Məmmədova
10:58 10.03.2026
Oxunuş sayı: 109