Bakı və Ankaranı müharibəyə çəkmək istəyənlər kimlərdir? - Türkiyəli politoloqla sensasional müahibə
ABŞ Adanadakı Baş Konsulluğunun heyətinin bir hissəsini təxliyə etməyi planlaşdırır və təhlükəsizlik təhdidinə görə öz vətəndaşlarını Türkiyənin cənub-şərqini tərk etməyə çağırıb.
ABŞ-nin Ankaradakı səfirliyinin məlumatına görə, Dövlət Departamenti kritik əhəmiyyətli funksiyaları yerinə yetirməyən əməkdaşlara, eləcə də onların ailə üzvlərinə Adanadakı Baş Konsulluğu tərk etməyi əmr edib.
"Türkiyənin cənub-şərqində olan ABŞ vətəndaşlarına təcili olaraq regionu tərk etmək tövsiyə olunur", - məlumatda qeyd edilib.
Buna səbəb İrandan Türkiyə ərazisinə istiqamətlənən və NATO-nun vurduğu raketdir.
Bu hadisə bir daha açıq şəkildə göstərir ki, Yaxın Şərqdəki müharibə göründüyündən daha mürəkkəb vəziyyət yaradıb.

Türkiyəli politoloq Ali Fuat Gökçe baş verənlər barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı zamanı qarşı tərəf Naxçıvana PUA hücumunun İranla heç bir əlaqəsinin olmadığını bildirib. Sizcə, bu, nə qədər realdır?
- İran Naxçıvan hücumdan nə isə qazanmr. İran Azərbaycanla Türkiyəni düşmən etmək istəmir. Belə bir vəziyyət İran üçün strateji bir səhv olardı. Buna görə də Pezeşkianın açıqlaması səmimi hesab edilməlidir.
- Müzakirə zamanı Azərbaycan lideri isə deyib ki, hadisə araşdırılmalıdır. Araşdırmanın mümkün nəticəsi barədə nə düşünürsünüz?
- Qeyd olunduğu kimi, hücum araşdırılmalıdır. Əgər təxribat olubsa, onun üzə çıxarılması tərəflər arasında etimad böhranını həll edəcək.
- Dünən diqqət çəkən bir məqam oldu. Fransa lideri Emmanuel Makron əvvəlcə Azərbaycan, sonra isə İran liderinə zəng etdi. Ardınca Azərbaycan və İran dövlət başçıları arasında telefon danışığı oldu. İndiki məqamda Avropanı, o cümlədən Fransanı narahat edən nədir?
- Avropa və Fransa enerji çatışmazlığı yaşayır. Hörmüz boğazının bağlanması bütün dünyada olduğu kimi, Avropada da enerji böhranına səbəb olub. Münaqişənin İran-Azərbaycan oxuna keçirilməsi enerji böhranını daha da şiddətləndirəcək.
- Son hadisə Bakı- Tehran münasibətlərini hansı həddə qədər gərginləşdirə bilər?
- Son illərdə İran və Azərbaycan arasında müsbət inkişafların davam etməsi geosiyasi inkişafların tarazlığı üçün vacibdir. Qeyri-sabit Qafqaz heç kimə fayda vermir.
- Bu gün Türkiyəyə növbəti raket düşdü. Sizcə, iki qardaş ölkə müharibəyə çəkilir? Bu, kimin maraqlarına uyğundur?
- Türkiyə və Azərbaycanın müharibəyə sürüklənməsini istəyən ölkə açıq-aydın İsraildir. İsrail və ABŞ üçün iki ölkənin İrana qarşı müharibəsi, İrana qarşı cəbhə uğura aparan yol kimi qəbul edilir. İsrail və ABŞ İranla döyüşmək üçün quru qüvvələri axtarır. İranla üz-üzə iki güclü ordunun gətirilməsi müharibənin gedişatına təsir edəcək. Bu, İsrailə fayda verir. İki qardaş ölkə təxribatlara qarşı diqqətli olmalı, dərhal reaksiya vermədən hadisələri diqqətlə təhlil etməli və İsrail və ABŞ-nin cəbhə xəttinə çevrilməkdən çəkinməlidir.
17:41 09.03.2026
Oxunuş sayı: 61