İran Türkiyəni hədəf aldı: Azərbaycan bütün ssenarilərə hazırdır
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, İrandan Türkiyə istiqamətinə ballistik raket atılıb. Məlumata görə, raket Türkiyə hava məkanına daxil olduqdan sonra NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Raketin qalıqları Qaziantep yaxınlığına düşdüb, hadisə nəticəsində itki qeydə alınmayıb. Dünən isə Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə olaraq İran ərazisinə zərbə endirib. Hadisə regionda artan gərginlik fonunda baş verib.
Baş verənlər Yaxın Şərqdə vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Bu barədə Crossmedia.az-a danışan politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, BƏƏ tərəfindən tarixdə ilk dəfədir ki, İran ərazisinə zərbələr endirilir: "İranda suyun təmizlənməsi zavodu Birləşmiş Ərəb Əmirlikləri tərəfindən vurulub. Bu zavod İranın su təchizatında, içməli suya olan tələbatının ödənilməsində çox ciddi əhəmiyyətə malik idi. Lakin Birləşmiş Ərəb Əmirliklərinin İran ərazisində bu zərbəni endirməsi hələlik onun tam şəkildə silahlı qarşıdurmaya qoşulması kimi qiymətləndirilməməlidir. Yəni, Səudiyyə Ərəbistanı buna münasibət bildirərkən rəsmi şəkildə hələlik münaqişəyə qoşulmadığını bildirib, sadəcə olaraq cavab reaksiyası nümayiş etdirmək hüququnun olduğunu qeyd edib.
Kütləvi informasiya vasitələri geniş şəkildə Ərəbistanın İran ərazisinə zərbə endirdiyini tirajlayırlar. Sözsüz ki, bu, regionda eskalasiyaya səbəb ola biləcək bir hadisədir. Bundan öncə də qeyd etmişdik ki, əgər İsrail ilə İran arasında silahlı qarşıdurma baş verərsə, bu, region üçün olduqca ciddi fəsadlara gətirib çıxara bilər. Çünki Yaxın Şərq regionunun münaqişə potensialı kifayət qədər yüksəkdir. Eyni zamanda bu regionda böyük silah arsenalları mövcuddur. Ərəb ölkələrində ABŞ-nin çox böyük silah ehtiyatları var. Həmçinin, ABŞ-nin çoxsaylı hərbi bazaları mövcuddur. Bu baxımdan, digər ölkələrin də bu silahlı qarşıdurmaya qoşulması vəziyyəti tam idarə olunmaz hala gətirə bilər".

E.Birbəşiroğlu hesab edir ki, proseslərin dinc məcraya, danışıqlar müstəvisinə qayıtması şansları mövcuddur: "Proseslər nəzarətdən çıxmırdı. Amma körfəz ölkələri qoşularsa, onda tam nəzarətdən çıxa bilər və bu, uzun müddətli regionda silahlı qarşıdurmaya gətirib çıxara bilər. Bu da çox böyük təhlükələrə səbəb olacaq. Artıq bu münaqişənin dünya iqtisadiyyatına vurduğu zərər trilyon dollarlarla ölçülür. Yəni, burada həm avia əlaqə, həm turizm sektoru, həm iqtisadiyyatın digər sahələri, otelçilik biznesi və bir çox sahələrə çox böyük zərbələr dəyib və sözsüz ki, onun miqyası daha da genişlənəcək. Bundan başqa, çox sayda dinc insanlar həyatlarını itirir".
Müsahibimiz Azərbaycanın mövqeyi barədə də danışıb: "Bizim dövlətimizin hər zaman aydın mövqeyi ondan ibarətdir ki, regionda sülh, əməkdaşlıq və davamlı inkişaf olsun. Azərbaycan heç bir halda münaqişə vəziyyətlərinə qoşulmur. Cənab Prezidentin də qeyd etdiyi kimi, nə bizim belə bir fikrimiz var, nə də siyasətimiz buna imkan verir. Azərbaycan beynəlxalq müstəvidə hər zaman sülh təşəbbüsləri ilə çıxış edib, barışdırıcı mövqe nümayiş etdirib. Bu baxımdan hesab edirəm ki, Azərbaycan əgər belə bir şərait yaranarsa, yalnız diyaloq, yalnız sülhün əldə olunması və danışıqların aparılması təşəbbüsləri ilə çıxış edər. Bununla yanaşı, regionda vəziyyət kifayət qədər gərgindir və eyni zamanda proqnozlaşdırılması çox çətindir. Yəni, BƏƏ-nin son dövrlərə qədər regiona hər bir güc toplamasına baxmayaraq, İrana zərbələr endirəcəyini tam qətiyyətlə demək mümkün deyil. Çünki Cenevrədə danışıqlar gedirdi. Ona görə də müşahidələr əsasında hansısa proqnoz vermək artıq çox çətindir. Baş verən hadisələr proqnozlara uyğun deyil. Regionda hər şey ola bilər".
Onun sözlərinə görə, dövlətimiz bütün situasiyalara hazırdır: " Azərbaycan kifayət qədər özünü müdafiə imkanına malikdir. Biz hər zaman nümayiş etdiririk ki, hər hansı bir tərəflə digər tərəfə qarşı əməkdaşlıq etmirik. Biz dünya dövlətləri ilə dinc yanaşı mövcud olmağın, əməkdaşlığın, sülhün və beynəlxalq təhlükəsizliyin tərəfdarıyıq. Amma bununla yanaşı, heç bir halda öz təhlükəsizliyimizə və maraqlarımıza hər hansı bir təhdidin yaranmasına imkan verməyəcəyik. Ölkəmizin bu qətiyyətli mövqeyi bütün dünya səviyyəsində bilinir və qəbul edilir".
Fatimə Məmmədova
17:08 09.03.2026
Oxunuş sayı: 66