Tehran tamamilə məhv edilə bilər? - Politoloqdan açıqlama
Son günlər beynəlxalq mediada və siyasi dairələrdə ABŞ və İsrailin İranın paytaxtı Tehrana qarşı mümkün genişmiqyaslı hərbi ssenari hazırladığı ilə bağlı müzakirələr intensivləşib.
Xüsusilə, regionda artan gərginlik fonunda Tehranın birbaşa hədəfə çevrilməsi barədə səsləndirilən fikirlər bu məsələnin real hərbi plan olub-olmaması sualını gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, son günlər ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlar fonunda İranın paytaxtı da müəyyən mənada hədəf kimi təqdim olunur:

"Xüsusilə, İsrail bu istiqamətdə daha aktiv fəaliyyət göstərir. Bir neçə gün əvvəl İranda yerləşən iyirmidən artıq neft terminalı və müxtəlif bazaların hədəfə alınması regionda gərginliyin artdığını göstərən faktorlardan biridir.
Bu hücumların nəticələri yalnız hərbi deyil, həm də ekoloji baxımdan ciddi risklər yaradır. Bu hücumlar Tehranda kifayət qədər ciddi problemlərin yaranmasına səbəb olub.
Xüsusilə, ekoloji baxımdan bu, olduqca təhlükəli eskalasiya addımı kimi qiymətləndirilə bilər".
Politoloq həmçinin bildirib ki, Tehranın tamamilə məhv edilməsi kimi səsləndirilən fikirlərin real hərbi plan kimi qəbul edilməsi doğru deyil:
"Bu daha çox siyasi və psixoloji mesaj xarakteri daşıyır. Tehran on altı milyondan artıq əhalisi olan nəhəng metropol olduğuna görə belə bir şəhərin məhv edilməsi həm böyük hərbi resurslar tələb edir, həm də beynəlxalq miqyasda ağır humanitar böhran yarada bilər. Hesab edirəm ki, ABŞ belə bir addım atmayacaq".
Politoloq eyni zamanda ABŞ və İsrail arasında İran məsələsinə yanaşmada müəyyən taktiki fərqlərin mövcud olduğunu da diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu fikir ayrılıqları bəzi radikal ssenarilərin reallaşma ehtimalını zəiflədən amillərdən biri kimi qiymətləndirilə bilər.
Politoloq hesab edir ki, Tehranın məhv edilməsi ilə bağlı səsləndirilən çağırışlar daha çox psixoloji təzyiq və informasiya müharibəsi elementidir:
"Bütün hallarda Tehranın məhv edilməsi mümkün deyil. Bu daha çox psixoloji təzyiq vasitəsi kimi istifadə olunur. Nəzərə alsaq ki, İranda yeni lider seçilib və artıq vahid hakimiyyət formalaşıb, İsrailin Tehranı məhv etməklə İranı kapitulyasiyaya məcbur etmək barədə çağırışları daha çox ritorik xarakter daşıyır".
Sonda politoloq vurğulayıb ki, bütün gərginliklərə baxmayaraq İranın hələ də müəyyən müqavimət və duruş potensialı mövcuddur ki, bu da regionda mümkün hərbi ssenarilərin daha ehtiyatlı şəkildə qiymətləndirilməsini zəruri edir.
Nigar Yahyazadə
16:51 09.03.2026
Oxunuş sayı: 52