Dörd gün vədə verən Tramp İranla müharibəni nə qədər uzadacaq?
Son günlər ABŞ və İsrail İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı xüsusi əməliyyat variantını nəzərdən keçirir. Məqsəd bu ehtiyatların təhlükəsizliyini təmin etməkdir. Məlumata görə, hər iki ölkə mümkün missiyalar üçün xüsusi təyinatlı qüvvələrin göndərilməsini ciddi şəkildə qiymətləndirir. İsrailin müdafiə rəsmiləri isə bildirirlər ki, bu planlar ABŞ Prezidenti Donald Trampın komandası tərəfindən diqqətlə müzakirə olunub. Qeyd edək ki, hazırda bu addımlar regionda gərginliyi artıran ehtimallar arasında yer alır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayev bildirib ki, son günlər Qərb mətbuatında İranda, xüsusilə İsfahanda yerləşən nüvə ehtiyatları ilə bağlı məsələlər gündəmə gətirilir. Onun sözlərinə görə, yayılan məlumatlarda İsfahanda 400 kiloqramdan çox, 60 faizə qədər zənginləşdirilmiş uranın olduğu qeyd olunur:
"Bu göstərici 90 faizə çatanda artıq nüvə silahına çevrilir. Ehtimal edilir ki, İran bunu gizlədib və həmin zənginləşdirilmiş urandan nüvə silahı əldə edib ABŞ və İsrailə qarşı istifadə edə bilər. Birincisi, burada paradoksal vəziyyət var. Yazılır ki, cəmi 12 gün ərzində bir-iki təyyarə ilə İrandakı bütün nüvə obyektləri müəyyən edilib. Danışıqlar da məhz nüvə məsələsi üzərində gedir. İran bu nüvə obyektlərinin yerini gizlədir və sonradan silah əldə edə bilər".
Siyasi şərhçi hələlik bu prosesin baş verməsini real olaraq görmür: "Çünki İran çox böyük əraziyə malikdir və relyefi mürəkkəbdir. İstər ABŞ, istərsə də İsrail tərəfindən hər hansı bir qüvvənin ora daxil olması çox təhlükəlidir. Bu, həm ABŞ, həm də İsrail üçün ciddi nəticələrə səbəb ola bilər. Donald Tramp da bunu istisna etmədi, lakin dedi ki, hələlik ora quru qoşunları yeritmək istəmirik. Çünki bu, həm amerikalılar, həm də israillilər üçün böyük itkilərə səbəb ola bilər və həmin ölkələrdə hakimiyyətə qarşı ciddi narazılıqlar yarada bilər. Əgər quru müharibəsi baş verərsə, müharibə daha da ağır və uzun ola bilər. Eyni zamanda “Bloomberg”in məlumatına görə, amerikalılar hesab edir ki, israillilər bu məsələdə dəqiq kəşfiyyat məlumatına malik deyillər və iranlıların zənginləşdirilmiş uranı harada gizlətdikləri məlum deyil. Buna görə də bu məlumatlar daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi görünür. Hesab etmirəm ki, tezliklə hər hansı qüvvələr oraya gedib həmin uranı əldə edə bilsinlər. Bu prosesdə Rusiyanın və digər böyük güclərin mövqeyi də mühüm olacaq. Amma bunu yalnız həmin qüvvələr ora daxil olduqdan sonra görmək mümkün olacaq".

Ş. Ağayev əlavə edib ki, Rusiya və Çin İranla strateji tərəfdaşdır və bu gün müəyyən sahələrdə ona kömək edirlər:
"Həmçinin, İrana kəşfiyyat məlumatlarını Rusiya verir, Çin isə texnologiya sahəsində müxtəlif formalarda kömək edir deyə iddialar var. Əgər belə bir proses baş versə, Rusiyanın və Çinin mövqeyi daha aydın görünəcək. Hələlik bu ehtimal azdır, çünki bu, ABŞ və İsrail üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Tramp demişdi ki, dörd günə bütün məsələlər həll olunacaq. Amma dörd gün keçdi, sonra dörd həftə oldu, beş həftə oldu. Daha sonra dedilər ki, proses sentyabra qədər çəkə bilər. Ona görə də nə ABŞ rəhbərliyi, nə də İsrail rəhbərliyi prosesin sonunun necə olacağını dəqiq bilmir. Gözlənilən nəticə əldə olunmadı. Proses daha da böyüdü, uzandı və bölgəni əhatə etdi, təhlükəli həddə çatmaq riski yarandı".
Fatimə Məmmədova
13:42 09.03.2026
Oxunuş sayı: 92