Yazıçılar niyə yazır? - Corc Oruellə görə yazmağın 4 əsas səbəbi
Oxuduğumuz bir çox roman və ədəbi əsərlərə nəzər saldıqda görürük ki, onların böyük hissəsi sevgi və ayrılıq mövzularına həsr olunur.
Ədəbiyyatda bu iki mövzu demək olar ki, hər zaman əsas xətt kimi ön plana çıxır. Həqiqətən də sevgi xətti olmayan bir romanın oxucu üçün maraqlı olması çətin görünür.
Təkcə hadisələrin ard-arda düzülməsi, macəraların təsviri isə əsəri yetərincə cəlbedici etmir. Çünki ədəbiyyatın əsas gücü insan duyğularını, münasibətləri və həyatın emosional tərəflərini göstərməkdədir.
Məhz buna görə də, yazıçıların niyə yazdığı və onları qələmə sarılmağa vadar edən səbəblər hər zaman maraq doğurub.
İngilis yazıçı və publisisti Corc Oruell yazıçıları qələmə sarılmağa vadar edən əsas səbəbləri izah edib.
Onun 1946-cı ildə yazdığı “Niyə yazıram?” adlı məşhur essesi bu mövzuya fərqli yanaşma təqdim edir.
Oruellin fikrincə, yazmaq üçün insanları hərəkətə gətirən motivlər müxtəlif olsa da, ümumilikdə dörd əsas səbəb mövcuddur.

Mövzu ilə bağlı yazan müəllif Devid Bir qeyd edir ki, yazıçıların niyə yazdığı sualı çox vaxt tam şəkildə izah olunmur. Yazıçılar adətən yaradıcılıq prosesindən danışarkən gündəlik iş rejimi, hansı şəraitdə yazdıqları, necə plan qurduqları və ya hansı üsullardan istifadə etdikləri barədə məlumat verirlər. Lakin ilk olaraq insanı yazmağa sövq edən daxili motivlər nadir hallarda ətraflı müzakirə olunur.
Bu səbəbdən Corc Oruellin yazı haqqında düşüncələri illər keçsə də aktuallığını qoruyur. O, yazının arxasında duran motivləri izah etməyə çalışaraq, yazıçıların niyə qələmə sarıldığını analiz edib.
Yazmağın dörd əsas səbəbi
Oruell yazıçıların fəaliyyətini şərtləndirən dörd əsas motivi qeyd edir.
Birinci səbəb – “təmiz eqoizm”dir.
Yazıçı bu anlayışı insanın ağıllı görünmək, tanınmaq, başqalarının diqqətini çəkmək və ölümündən sonra da xatırlanmaq arzusu ilə əlaqələndirir.
Onun fikrincə, bir çox insan yazmaqla müəyyən mənada özünü ifadə etmək və yadda qalmaq istəyir.
İkinci səbəb estetik zövqdür.
Bu motiv sözlərin gözəlliyi, onların düzgün qurulması və mətnin bədii təsiri ilə bağlıdır. Yazıçıların bir hissəsi üçün yazmaq sözlərin yaratdığı estetik harmoniyadan həzz almaq deməkdir.
Üçüncü motiv tarixi impulsdur.
Oruellə görə, bəzi müəlliflər dünyada baş verən hadisələri olduğu kimi qeydə almaq, faktları toplamaq və gələcək nəsillərə çatdırmaq istəyindən yazırlar. Bu halda yazı müəyyən mənada sənədləşdirmə və yaddaş yaratmaq funksiyası daşıyır.
Dördüncü səbəb isə siyasi məqsəddir.
Oruell bu motivi dünyanı müəyyən istiqamətə yönəltmək, ictimai düşüncəyə təsir göstərmək və gələcək hadisələrə təsir etmək istəyi kimi izah edir.
Onun fikrincə, yazı bəzən oxucuların düşüncəsini dəyişdirmək üçün güclü vasitəyə çevrilə bilər.
Motivlər zamanla dəyişə bilər. Oruell vurğulayır ki, bu motivlər hər yazıçıda eyni səviyyədə olmur. Zaman keçdikcə, cəmiyyətin vəziyyətinə və şəxsi həyat təcrübəsinə görə yazıçının yazmaq səbəbləri dəyişə bilər.
Müəllif həmçinin qeyd edir ki, yazının arxasında duran motivlər əsərin formalaşmasına birbaşa təsir göstərir.
Yəni müəllifin niyyəti təkcə mövzunu deyil, həm də yazının üslubunu və oxucuya təsir gücünü müəyyənləşdirir.
Nəticə etibarilə Oruellin yanaşması yazıçılara öz yaradıcılıqlarının arxasında duran səbəblər barədə düşünməyi təklif edir.
Onun fikrincə, yazı sadəcə sözləri kağıza köçürmək deyil, həm də müəyyən məqsəd və niyyətlərin ifadəsidir.
Fatimə Məmmədova
11:25 09.03.2026
Oxunuş sayı: 52