Rusiya-Ukrayna savaşı bitir?
Son dövrlərdə Rusiya–Ukrayna müharibəsi ilə bağlı diplomatik kanallarda müəyyən hərəkətlilik müşahidə olunur. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkf yaxın həftələrdə Rusiya və Ukrayna arasında sülh danışıqları üzrə müəyyən irəliləyiş gözlənildiyini bildirib. Digər tərəfdən, Yaxın Şərqdə gərginliyin artması və yeni müharibə cəbhəsinin formalaşması qlobal geosiyasi balansın dəyişməsi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Bəzi ekspertlər hesab edir ki, yeni qarşıdurma ocaqlarının yaranması böyük güclərin diqqətinin bölünməsinə və Ukrayna müharibəsi ilə bağlı danışıqların sürətlənməsinə təsir göstərə bilər. Belə bir şəraitdə əsas sual isə ondan ibarətdir: Yaxın Şərqdə yeni cəbhənin açılması beş ilə yaxındır davam edən Russia–Ukraine War müharibəsinin sona çatmasına təsir göstərə bilərmi və ümumiyyətlə, uzun müddətdir davam edən bu münaqişənin bitməsi üçün hansı ilkin addımlar atılmalıdır?

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Crossmedia.az-a açıqlama verib: "Düşünürəm ki, Rusiya–Ukrayna müharibəsi ilə bağlı danışıqlarda müəyyən irəliləyişin gözlənilməsi istiqamətində Uitkoffun məlum bəyanatı Trampın Rusiya və Ukrayna tərəflərinə may ayına qədər danışıqlar prosesi üçün müddət qoyması və bu danışıqlarda müəyyən irəliləyişin əldə olunması ilə bağlı gözləntilərlə əlaqəlidir. Hər iki tərəfin güzəştə getməsi ehtimalı, xüsusilə də Ukrayna ilə bağlı son zamanlarda səsləndirilən fikirlər, eləcə də Trampın Ukraynanın danışıqlar masasında zəif mövqedə olması və mövqeyinin getdikcə daha da zəifləməsi fonunda mütləq şəkildə danışıqlara başlamalı olduğu ilə bağlı səsləndirdiyi fikirlər məhz bu istiqamətdə əsas yönləndirici arqumentlər kimi qiymətləndirilə bilər. Təbii ki, Yaxın Şərqdə yeni bir cəbhənin açılması və ümumilikdə həmin cəbhədə hərbi əməliyyatların miqyasının genişlənməsi ehtimalı Rusiya–Ukrayna müharibəsi ilə bağlı məsələnin həm prioritetlər sırasında ikinci sıraya keçməsinə, həm də ümumilikdə danışıqlar prosesinin daha sürətləndirilmiş formata keçməsinə təsir göstərə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, davam edən münaqişələr, eyni zamanda İran–ABŞ münasibətləri və İsraillə qarşıdurma fonunda Rusiyanın Ukrayna cəbhəsində irəliləməsi və eləcə də təzyiq mexanizmlərinin kifayət qədər məhdud olması yaxın perspektivdə Ukraynanın mütləq şəkildə danışıqlar prosesinə başlamaq və ilkin şərtlərlə bağlı müzakirələrin davam etdirilməsi ilə bağlı mövqe nümayiş etdirməsini şərtləndirə bilər. Təbii ki, bu, müharibənin bitməsi demək deyil. Bu, sadəcə olaraq münaqişədə atəşkəsin əldə olunması mərhələsi ola bilər. Düşünmürəm ki, artıq beş ilə yaxın davam edən Rusiya–Ukrayna müharibəsi sadəcə Yaxın Şərqdə baş verən münaqişələr fonunda və ya danışıqlar prosesində əldə olunmuş müəyyən razılaşmalar fonunda hər hansı bir formada yekun mərhələyə sürətli şəkildə çata bilsin".
Politoloq əlavə edib ki, hazırkı mərhələdə ancaq atəşkəslə bağlı ilkin şərtlərin müzakirə edilməsi, atəşkəsin əldə olunması və sonrakı mərhələdə isə danışıqlar prosesinin əsas müddəaları ilə bağlı mərhələli müzakirələrin aparıla biləcəyi bir prosesdən danışa bilərik: "Amma açıq və konkret şəkildə onu ifadə etmək mümkündür ki, Rusiya–Ukrayna müharibəsi ilə bağlı danışıqlar heç də sadəcə bir neçə ayı və ya bir neçə həftəni əhatə edə biləcək qısa müddətli danışıqlar prizması deyil. Çünki Ukraynanın güzəştə getməsi gözlənilən əsas istiqamət məhz ərazi güzəştləri ilə bağlıdır. Eyni zamanda Rusiyanın əsas tələbləri də məhz işğal etdiyi ərazilərin rəsmi şəkildə tanınması ilə bağlıdır. Bu isə beynəlxalq hüququn fundamental prinsiplərini birbaşa zədələyəcək və bir çox istiqamətdə yeni presedent yaradacaq hadisələrdən biri hesab olunur".
Ayhan
10:52 09.03.2026
Oxunuş sayı: 63