“ƏDV geri al” sistemində yenilik: Vətəndaşlar üçün proses sadələşdirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda çıxışı zamanı “ƏDV geri al” mexanizmi ilə bağlı yeni təşəbbüsün başladıldığını açıqlayıb.
Onun sözlərinə görə, Kapital Bank və PAŞA Bank ilə birgə həyata keçiriləcək sosial tərəfdaşlıq layihəsi çərçivəsində vətəndaşların ƏDV-ni geri alması prosesi daha da sadələşdiriləcək və vəsaitlərin qaytarılması daha operativ həyata keçiriləcək.
Yeni mexanizmə əsasən, bu bankların kartları ilə edilən ödənişlər zamanı çek məlumatları avtomatik olaraq elektron kabinetdə əks olunacaq və geri qaytarma üçün müraciətin formalaşdırılması prosesi tam avtomatlaşdırılacaq.
Mütəxəssislər hesab edirlər ki, bu addım həm şəffaflığın artırılmasına, həm də nağdsız ödənişlərin genişlənməsinə ciddi təsir göstərə bilər.
Maraqlıdır, bu yenilik vətəndaşlar üçün nə dərəcədə önəmlidir və praktiki baxımdan hansı üstünlüklər yarada bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli Crossmedia.az-a açıqlama verib:

"“ƏDV geri al” layihəsi ümumilikdə ölkəmiz üçün yenilik olmaqla yanaşı, artıq ciddi iqtisadi təsirlərini göstərməkdədir. Belə ki, bu layihə tətbiq olunana qədər ölkədə nağdsız alış-veriş dövriyyəsinin ümumi dövriyyə içində payı təxminən 5-10 faiz təşkil edirdi.
Hazırda isə bu göstərici əhəmiyyətli dərəcədə artıb. Bu gün artıq nağdsız ödəniş dövriyyəsi ümumi pərakəndə ticarət dövriyyəsinin təxminən 40 faizinə və ya 100 milyard manata çatmışdır.
Bu isə iqtisadiyyatın şəffaflaşdırılması, dövriyyənin şəffaflaşdırılması, kölgə iqtisadiyyatının azalması və bəzi ödənişlərin, dövriyyələrin artıq kölgə iqtisadiyyatından çıxarılması kimi qiymətləndirilə bilər.
Əlbəttə ki, bu gün Paşa Bank və Kapital Bank tərəfindən bu təşəbbüsün irəli sürülməsi də bu sahədə daha böyük motivasiya və marağın artmasına səbəb olacaq.
Belə ki, insanlar daha çox nağdsız ödənişlərdən istifadə etməyə təşviq olunacaqlar və ƏDV-ni daha tez geri almaq baxımından maraqlı olacaqlar.
Artıq əlavə gözləmə və vaxt itkisi də olmayacaq. Çünki təcrübədə bəzi ƏDV ödənişləri müəyyən müddətdən sonra qaytarılırdı, bəzi hallarda isə ümumiyyətlə ödənilmirdi.
Bu baxımdan hesab edirəm ki, bu təşəbbüs digər banklar tərəfindən də həyata keçirilərsə, ümumilikdə ölkədə ticarət dövriyyəsinin tam şəffaflaşdırılmasına, nağdsız dövriyyənin isə ümumi pərakəndə ticarət dövriyyəsində 100 faizə və ya beynəlxalq təcrübədə olduğu kimi 90-95 faiz səviyyəsinə çatmasına mühüm təsir göstərə bilər".
Ayhan
14:03 07.03.2026
Oxunuş sayı: 1299