Diqqət, feyk xəbər var!: Bu, drondan daha təhlükəlidir
Yaxın Şərqdə baş verən gərgin hadisələr informasiya məkanında da böyük həssaslıq yaradır. Belə ki, İran-İsrail arasında gedən müharibə artıq region dövlətlərinə də sıçrayaraq müharibənin miqyasını böyüdür. İran tərəfindən Naxçıvana PUA-nın düşməsi də müəyyən mənada ciddi narahatlıqlar yaradıb. Belə dövrlərdə yayılan məlumatların dəqiqliyi, obyektivliyi və məsuliyyətli şəkildə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Medianın İnkişafı Agentliyi jurnalistləri və media qurumlarını hadisələrlə bağlı manipulyativ məzmunlardan çəkinməyə, məlumatları yoxlanılmış mənbələrə əsaslanaraq yaymağa çağırıb. Ekspertlər qeyd edirlər ki, gərgin geosiyasi şəraitdə emosional və ya qərəzli informasiyanın yayılması cəmiyyətdə yanlış təsəvvür formalaşdıra, ictimai rəyə mənfi təsir göstərə və hətta vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Bu baxımdan media nümayəndələrinin həssas mövzulara yanaşmada peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərini qoruması xüsusi önəm daşıyır.
Mövzu ilə bağlı Yurd.Media saytının təsisçisi və baş redaktoru Murad Əliyev Crossmedia.az-a açıqlama verib:

"İlk növbədə onu qeyd edim ki, oxucular Vətən müharibəsindən sonra hansı mənbələrə inanmalı olduqlarını bilirlər. Və Azərbaycan oxucusu artıq xəbərlərə seçici yanaşır. Bununla bağlı demək olar ki, müsbət tendensiya mövcuddur. Eyni zamanda mətbuat nümayəndələri də oxucuların bu etibarını qorumalıdır. Yalnız təsdiqlənmiş məlumatlar paylaşılmalıdır. Hazırda gedən münaqişə ilə bağlı həm Qərb mediasında, həm də İran media qurumları tərəfindən manipulyativ xəbərlər yayılır. Bunları ayırd etmək və sonra paylaşmaq lazımdır. İranda baş verən hadisələrin bir çınqılı Azərbaycana toxundu və Naxçıvana bir neçə dron atıldı. Bu səbəbdən Azərbaycan mediasının üzərinə böyük məsuliyyət düşür və bizimlə bağlı olan xəbərləri tam obyektiv paylaşmaq, manipulyativ xəbələrdən uzaq durmaq lazımdır".
Ayhan
11:28 07.03.2026
Oxunuş sayı: 385