İranın Azərbaycanla bağlı xain addımlarının arxasında nə dayanır?
Martın 5-i səhər saatlarında Azərbaycan xalqı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası tərəfindən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmasına şahidlik etdi. Məlumata görə, dronlardan biri məktəb binasının yaxınlığına, digəri isə Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşüb. Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Bu hadisə Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurmaqla yanaşı, regionda təhlükəsizlik məsələlərinin nə qədər həssas olduğunu bir daha göstərdi. Azərbaycan Respublikası hər zaman regionda sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarı olub. Xüsusilə qonşu dövlətlərlə, o cümlədən İranla münasibətlərdə balanslı siyasət yürütmək, dialoq və qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalmaq Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas prioritetlərindən biridir.
2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra İranla münasibətlərdə müəyyən gərginliklər yaşansa da, ölkəmizə qarşı dəfələrlə haqsız, qeyri-qanuni əməllər törədilsə də Azərbaycan tərəfi hər zaman təmkinli mövqe nümayiş etdirərək məsələlərin sülh yolu ilə, diplomatik və hüquqi müstəvidə həllinə üstünlük verib. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror aktı kimi ciddi hadisələrə baxmayaraq, rəsmi Bakı regionda sabitliyin qorunması və münasibətlərin daha da gərginləşməməsi üçün qəti, eyni zamanda bir o qədər də məsuliyyətli yanaşma sərgiləyib.
Naxçıvanda baş verən son hadisə isə Azərbaycan cəmiyyətində dövlətçilik və milli həmrəylik hisslərinin nə dərəcədə güclü olduğunu bir daha ortaya qoydu. Azərbaycan xalqı hər zaman olduğu kimi, ölkənin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması məsələsində dövlətin mövqeyini dəstəkləyir, Prezident İlham Əliyevin ətrafında sıx birləşir. Bu kimi terror aktına, haqsız münasibətə Azərbaycanın tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq diplomatik, hüquqi mexanizmlər çərçivəsində zəruri addımların atılması planlaşdırılır.
Eyni zamanda, Azərbaycan bu gün beynəlxalq əməkdaşlıq və qlobal çağırışlara töhfə verən az sayda fəal dövlətlərdəndir. Hal-hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində şəhərsalma və məskunlaşma siyasəti sahəsində Ümumdünya Şəhərsalma Forumunun cari ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyası kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Belə bir mötəbər tədbir ərəfəsində regionda baş verən bu cür hadisələr təbii olaraq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Qeyd edim ki, Azərbaycan bu günə qədər dəfələrlə sübut edib ki, qlobal problemlərin müzakirəsi və həlli üçün beynəlxalq platformalarda dialoqu təşviq edən, əməkdaşlığı gücləndirən, eləcə də məsuliyyətli mövqe nümayiş etdirən ölkələrdən biridir.
Bu baxımdan, hesab edirəm ki, beynəlxalq ictimaiyyət qonşu dövlət tərəfindən Azərbaycana qarşı atılan bu haqsız addıma öz münasibətini bildirəcək, obyektiv və prinsipial yanaşacaq, regionda sabitliyin qorunması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsi istiqamətində öz mövqeyini ifadə edəcək. Bu bir tərəfdən Azərbaycanın suverenliyinin qorunması, digər tərəfdən isə ölkəmizin qlobal çağırışlara qarşı göstərdiyi əzmkarlığa beynəlxalq təşkilatlar və güc dövlətləri tərəfindən olan dəstəyi ortaya qoyacaqdır.
Azərbaycan Respublikasının məqsədi hər zaman olduğu kimi, dünyada, o cümlədən regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı hörmət, davamlı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsidir.

15:09 06.03.2026
Oxunuş sayı: 580